Sahibə Qafarovanın "DAŞ"ı ....- Elşən Musayevin yazısı

Sahibə Qafarovanın

Bu xanımın uğurlarını, təmizliyini, demokratlığını, kübarlığını, milləti və dövləti  naminə sərgilədiyi fəaliyyəti niyəsə bir qrup kal zümrə heç cür həzm edə bilmir. Kvartalda minimum  2 dəfə lələklərini başlarına taxıb ortalığa çıxırlar və həmişə də uydurmağa nəsə bəhanələri olur. Düz əyri, maili, perpendikulyar - heç nəyin fərqi yoxdur bunlar üçün. İşləyirsən vay, işləmirsən vay. Dürüst olursan vay, olmursan yenə vay. 

Oysa, ayıbdır! Gerçəkdən ayıbdır. Ələlxüsus da söz xətrinə söz deməkdən, təpki xətrinə təpki göstərməkdən daha çox...məhz məlum zehniyyətə sahib olmaqdır, ayıb! 

Absurdun bundan ötəsi olmur. Günahın, təhqirin, tərbiyəsizliyin bəlkə də olur, amma absurdun dəqiq olmur! İndi deyim, nədir ötəsi olmayan...

Demək, bir qrup söz muzdlusu oturub qərara gəliblər ki, Milli Məclisin sədri Sahibə Qafarovanın İrana səfəri zamanı filan-filan məsələlərə riayət olunmayıb. Daha dəqiqi, guya qaydalar pozulub və baş verən olaylar da millət, dövlət adına qəbuledilən deyil. Və....diqqət  edin, görün nəymiş o qəbuledilməzlik...

Birincisi; İran Prezidenti ilə görüş zamanı  otaqda, divarda, masada Azərbaycan  bayrağının olmaması. 

Elə birincidən də başlayım. Amma necə başlayım, haradan başlayım, o da ayrı zülmdür. Niyə? Çünki, mən həmin qolçomaqlara lap əvvəldən əlifbanı, hərfləri, hecaları xatırlatmağa məcburam. Ki, bəs diplomatiya və diplomatik protokol adında anlayış var, həmin anlayışların elmi, nəzəriyyələri, ümumi və xüsusi qaydaları var, eyni statusda, ranqda olmayan (məsələn, Prezident və Parlament sədri) dövlət nümayəndələrinin görüşü zamanı tətbiq olunan formalar və formatlar var. Və daha nələr-nələr var.  Üstəlik, bu qaydalar sosial şəbəkə "cəngavər"lərinin, 30 yaşına qədər 30 kitab oxumayanların, evində öz adından danışa bilmədiyi halda "feysbuk"da xalqın, dövlətin adından danışan bəzi kasad zəka sahiblərinin  arzusu ilə deyil, əsrlərdən gələn, 100 illərin presedentinə çevirilən beynəlxalq normalarla, diplomatik standartlarla müəyyənləşir. 

İkinci məqam baş örtüyüdür. Məlum cahillər növbəti sualı ünvanlayırlar ki, Sahibə Qafarova niyə İran Prezidenti ilə görüşdə baş örtüyü taxıb? Hələ bu azmış kimi pandemiya əleyhinə istifadə olunan qara maskanı da min yerə yozublar...

İndi isə cavabdan əvvəl mən bir sual verim: 1979-dan üzü bu yana istənilən dövlətin ixtiyari vətəndaşının və ya rəsmi nümayəndəsinin İran ərazisinə baş örtüksüz daxil olduğunu, görüşlər keçirdiyini heç gördünüzmü? (Hərçənd bəzi amöbalar bu suala da qırmızı-qırmızı cavab tapıb deyəcəklər ki, məsələn filan kişi, filan oğlan örtük-zad taxmadan əraziyə daxil də olub, görüşünü də keçirib) Gördünüzsə deyin. Biz də bilək. Yoxsa bu "feysbukşünaslar" düşünürlər ki, İranda baş örtüyü kefə düşəndə, fəsilə uyğun, ya da nə bilim dəb üçün taxılır? Xeyr! Baş örtüyü İranın ümumi də deyil, məhz xüsusi qaydalara əsaslanan tələbidir. Hər kəs də buna hörmətlə yanaşır. Pakistanı nümunə göstərənlərə isə xatırladım ki, orada belə xüsusi qayda və təlimat yoxdur!

İndi isə keçək əsas məsələyə... Niyə sosial şəbəkədəki məlum hərşeyşünaslardan biri demədi ki, Sahibə Qafarova İranda nə qədər mükəmməl və dəqiq formada erməni vəhşiliyini, erməni vandalizmini ifşa etdi? Niyə qonşu ölkədə səslənən Qarabağ və bütünlükdə Azərbaycan həqiqətləri həmin "tənqidçilərin" diqqətindən kənar qaldı, o haqda bir kəlmə də olsa danışılmadı, yazılmadı?
Və ümumiyyətlə niyə Parlament sədrinin bu uğurlu səfəri, keçirdiyi möhtəşəm görüşlər məlum təbəqənin nəzərindən qaçdı, amma baş örtüyü anındaca gözləriinə girdi? Yoxsa bunların kurasiyasında yalnız şər-böhtan məsələlərimi yer alır? Ya da bəlkə radikal mənbələrdən, "5-ci kolon"dan gələn tezislərdə Sahibə xanım haqda xoş söz söyləmək qadağası əməllicə prioritetəmi çevirilib? 

Tək bildiyim odur ki, bu dəyərli xanımın daşı gerçəkdən düşüb bəzilərinin başına. Hətta deyim ki, spiker olmamışdan çox-çox daha öncələrdən. Lap dəqiq söyləsəm: Avropa Şurasında komitə sədri və Büro üzvü seçilən vaxtlardan...

Yəni, söhbət bayraq, maska, örtüklü baş söhbəti deyil.
Söhbət kimlərinsə təpəsinə yamanca düşən DAŞ söhbətidir.
Xəbər 4281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR