İslam həmrəyliyindən insan həmrəyliyinə

İslam həmrəyliyindən insan həmrəyliyinə

Dünya Azərbaycan nümunəsini öyrənir və təqdir edir

Dünyanın hər yerindən həyəcanlı xəbərlər gəlməkdə davam edir. Məscidlər partladılır, kilsə və sinaqoqlarda ibadət edən insanlar atəşə tutulur, girov götürülür. Yaşı əsrlərlə ölçülən tarixi abidələr yerlə yeksan edilir, qədim mədəniyyət nümunələrinə qarşı vandalizm aktları həyata keçirilir. 

XXI əsrdə hələ də insanlar dini baxışlarına görə təqib və təhqir olunur, təhdidlərlə üzləşir.  Bütün səylərə baxmayaraq, milli və dini zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri artır. Bəzi ölkələrə sabitlik və demokratiya "dərsi” keçmək istəyən Avropa ölkələri miqrant böhranından əziyyət çəkir. 

Belə bir mürəkkəb zamanda Azərbaycan multikultural və tolerantlıq ənənələri ilə bütün dünyaya nümunə göstərməkdədir. Ölkəmizin bu sahədə əldə etdiyi uğurları təşviq etmək üçün Qafqaz Müsəlmanları İdarəsi ayrı-ayrı ölkələrdə müxtəlif konfranslar, forumlar keçirir, Azərbaycanın təbliği istiqamətində mühüm addımlar atır.  

Almaniyadan Avropaya, Avropadan bütün dünyaya   

Belə tədbirlərdən biri bu günlərdə Almaniyanın paytaxtı Berlində düzənlənib. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunu əhatə edib. Üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən, dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirin rəsmi açılışından əvvəl iştirakçılar Azərbaycandakı multikultural və tolerantlıq mühitini əks etdirən sərgi ilə tanış olublar. Qonaqlara son illər QMİ-nin xətti ilə müxtəlif dillərdə çap olunan kitablar hədiyyə edilib.

Beynəlxalq konfransı açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Almaniya dövlətinə və xalqına, konfrans iştirakçılarına çatdırıb. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verildiyini bildirən Şeyxülislam A.Paşazadə qeyd edib ki, ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoq və əməkdaşlığı dövlət səviyyəsində dəstəklənir. Milli, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Xalqımız bu milli sərvətə həm də bir qürur mənbəyi kimi yanaşır: "Azərbaycanda elan olunmuş "Multikulturalizm İli” və "İslam Həmrəyliyi İli” ümumbəşəri və islami dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli Ümummilli Liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri nüfuzlu beynəlxalq konfransın iştirakçılarına Azərbaycan reallıqları barədə ətraflı məlumat verib, dövlətimizin müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlardan danışıb, ölkəmizin mürəkkəb bir zamanda dünyanın multikulturalizm mərkəzi kimi tanınmasından böyük fəxarət duyduğunu diqqətə çatdırıb: "Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti multikulturalizm və dini həmrəylik ideyalarını fəal təbliğ və təşviq etməklə insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş "Bakı Prosesi”nə rəhbərlik edir. Bakı Dinlərarası və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılması da bu ənənənin davamı kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Biz fəxr edirik ki, Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır. Bu yaxınlarda Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə oldu. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun xəttilə Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar bizim multikultural cəmiyyətimizin ayrılmaz hissəsidirlər”.

Şeyxülislam A.Paşazadə bildirib ki, terrorizmin, radikalizmin, sivilizasiyalararası qütbləşmənin dərinləşdiyi bir zamanda Azərbaycanın məqsədi islam həmrəyliyindən insan həmrəyliyinə nail olmaqdır: "İnsan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunan bütün münaqişələr, o cümlədən, Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviyadakı mövcud vəziyyət humanitar fəlakətlərə aparır. Əsrimizin daha bir bəlası - müharibələrin yaratdığı məcburi miqrant axınıdır. Onlara qarşı antihumanist, irqçi, aqressiv münasibət yolverilməzdir. Belə hallar sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, terrorizmə, radikalizmə və ekstremizmə təkan verir. Biz din xadimləri dünyada sülhün, əmin-amanlığın və insan həyatının qorunması yolunda öz səylərimizi əsirgəmirik. Dünyanın bir çox ölkələrində, o cümlədən, Böyük Britaniya, İsveç, Finlandiya, İspaniya, Almaniyada keçirdiyimiz beynəlxalq forumların ümumi məramı dünyamızda sülhün, əmin-amanlığın qorunub saxlanılması, insan həmrəyliyinə nail olunmasıdır”.

Berlində "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din-dövlət münasibətləri barədə danışıb, ölkəmizin tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olduğunu diqqət çatdırıblar. Natiqlər bildiriblər ki, icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb. Bu gün ölkəmizdəki tolerantlıq və multikulturalizm modeli dünyada yüksək qiymətləndirilir və öyrənilir. Tarixi-mədəniyyət abidələrinin, məscidlərin və ziyarətgahların, yəhudi və xristian məbədlərinin yenidən qurulması və bərpası Azərbaycanın dinlərə qarşı mövqeyinin, ölkəmizdəki dini-mənəvi şəraitin göstəricisidir.

Azərbaycanın həm etnik, həm dini, həm məzhəb baxımından zəngin ölkə olduğunu söyləyən ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov bildirib ki, tarixboyu fərqli dini və etnik icmaların nümayəndələri Azərbaycan xalqı ilə bərabər yaşayıb. Bu gün multikulturalizmin Azərbaycan modeli ifadəsi siyasi leksikonumuza daxil olub. Təsadüfi deyil ki, Azərbaycan multikulturalizmin dövlət siyasətinin mühüm hissəsi olan nadir ölkələrdən biri səviyyəsinə yüksəlib.

Güc birlikdədir

Beynəlxalq konfransda İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Almaniya hökumətinin dini azadlıqlar üzrə müvəkkili Markus Qrubel, İslam Əməkdaşlıq Təşkilatının İslam tarix, incəsənət və mədəniyyət araşdırmalar mərkəzinin (IRCICA) baş direktoru Xalid Eren, İskəndəriyyə və bütün Afrika Papası və Patriarxı II Teodoros, Tunisin sabiq Prezidenti Məhəmməd Monsef Marzuki, Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans Eberhard Şlayer, Almaniya Bundestaqının üzvü, Şərq tərəfdaşlığı üzrə məruzəçi Nikolas Löbel və başqaları çıxış edərək dünyada sülhə, sabitliyə, tolerantlığa nail olmaq üçün siyasi və dini liderlərin birgə fəaliyyət göstərmələrinin vacibliyini bildiriblər.  

Çıxışçılar Azərbaycanın öz multikultural və tolerantlıq dəyərlərinin, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsinin dünya ölkələri ilə bölüşmək niyyətini, bu məqsədlə müxtəlif ölkələrdə beynəlxalq tədbirlər keçirməsini yüksək dəyərləndiriblər. Xarici ölkələri təmsil edən tədbir iştirakçıları bu cür konfransların keçirilməsinə göstərdiyi maddi və mənəvi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib, tədbirlərin davamlı olmasını arzulayıblar. Konfrans iştirakçıları dünyada və regionda sülhə, dinlərarası dialoqa verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlıq ediblər.  

Sonda konfransın yekun bəyannaməsi qəbul olunub. Berlin konfransının Bəyannaməsində deyilir ki, konfrans iştirakçıları dövlətləri, BMT və digər beynəlxalq,  regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə, bu sahədə əməkdaşlığın genişləndirilməsinə, milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən, zərərli ideologiyalara əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar. Həmçinin, siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya, antisemitizm və islamofobiyanın, habelə dinin adından sui-istifadə etməklə terrorizmin və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq etməklə dünyanın bir çox bölgələrində, o cümlədən, Yaxın Şərqdə, Fələstində, Suriyada davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə, BMT-nin mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı olan çağırış və təhdidlərlə mübarizə, o cümlədən, münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorizmin, aqressiv separatizmin, ekstremizmin qarşısının alınması sahəsində səmərəli fəaliyyətin aparılması üçün səylərin birləşdirilməsinə səsləyirlər.

Konfrans çərçivəsində "Bəşəri çağırış” filmi nümayiş olunub.  

Yaddan çıxmır Qarabağ  

Berlində keçirilən beynəlxalq konfransın Bəyannaməsindən də göründüyü kimi, tədbir iştirakçıları Qarabağ problemi ilə bağlı məsələyə də diqqət ayırıblar. Almaniya paytaxtına toplaşan nüfuzlu dini liderlər, tanınmış ictimai-siyasi xadimlər və diplomatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün gərəkən addımların atılmasının vacibliyini sənəddə qeyd ediblər.

Şeyxülislam Allahşükür Paşazadə dini lider olaraq Qarabağ problemini, ərazilərimizin Ermənistan tərəfindən işğal olunması məsələsini daim diqqət mərkəzində saxlayır. Müxtəlif ölkələrin başçıları, dini rəhbərlər və diplomatlarla görüşləri zamanı həmişə xalqımızın ən böyük problemi olan Qarabağ məsələsindən danışır, beynəlxalq ictimaiyyəti problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün qətiyyətli addımlar atmağa çağırır. Berlində keçirilən "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” Beynəlxalq konfrans da istisna olmayıb. Şeyxülislam A.Paşazadə nüfuzlu tədbirdəki çıxışında və Almaniyaya budəfəki səfəri zamanı keçirdiyi görüşlərdə yenə diqqəti bu vacib məsələyə yönəldib. Dini lider bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünə qəsd  edilib, torpaqlarımızın 20 faizi qəsb olunub. Bir milyondan çox insan doğma yurdunu tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Erməni ekstremistləri Xocalı şəhərində misli görünməmiş soyqırımı törədib, günahsız körpələri, xəstə və qocaları amansızlıqla qətlə yetiriblər. Qarabağın işğal altında qalan ərazilərində məscidlərin, kilsə və sinaqoqların dağıdılması, müsəlman qəbiristanlıqlarının məhv edilməsi erməni vandalizminin dəhşətlərindən xəbər verir. Ermənistanın tutduğu bu yol regionda sülhə, sabitliyə təhlükə yaradır.

Konfransda Monteneqro dövlətinin Baş Müftisi Rüfət Feyziçin Xocalı soyqırımı barədə dedikləri yaddaqalan olub. Din xadimi bildirib ki, XX əsrdə müxtəlif ölkələrdə qətliamlar törədilib, lakin Xocalıda baş verənlər onların arasında ən dəhşətlisidir. Təəssüf ki, dünya ictimaiyyəti Xocalıda insanlıq əleyhinə həyata keçirilən bu cinayətə lazımi hüquqi qiymətini verməyib. 

Qeyd edək ki, QMİ Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizdəki multikulturalizm və tolerantlıq mühitinin xaricdə təşviqi ilə bağlı gələcəkdə də  müxtəlif tədbirlər keçirməyi planlaşdırır.

Etibar CƏBRAYILOĞLU

Xəbər 6781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR