Deputat məsuliyyəti

Deputat məsuliyyəti

Anar Məmmədovun siyasi fəaliyyətinə praqmatik baxış

Deputat mandatı yol çəkmək, iş yerləri yaratmaq və ya icra hakimiyyətinin səlahiyyətlərini yerinə yetirmək üçün qazanılmır. Onun əsas vəzifəsi qanunvericilik fəaliyyətində iştirak etmək, seçicilərinin maraqlarını parlamentdə təmsil etmək və cəmiyyət üçün əhəmiyyətli məsələləri gündəmə gətirməkdir. Məhz bu səbəbdən deputatın fəaliyyətinə verilən qiymət onun parlamentdə ortaya qoyduğu mövqe və təşəbbüslərlə ölçülür.
Milli Məclisin üzvü Anar Məmmədovun fəaliyyəti ətrafında formalaşan müzakirələrin mərkəzində də bu məsələ dayanır. Uzun müddətdir deputat mandatı daşımasına baxmayaraq onun parlament fəaliyyətinin ictimai yaddaşda ciddi iz buraxdığı fikri geniş yayılmayıb. Seçicilər tərəfindən haqlı olaraq tez-tez suallar səslənir. Görəsən, Anar müəllim hansı mühüm qanunvericilik təşəbbüslərinin müəllifi olub, hansı ictimai problemin həlli üçün ardıcıl mübarizə aparıb, hansı prinsipial çıxışı ilə seçicilərin diqqətini cəlb edib?

Onun seçicilərlə keçirdiyi görüşlər də müxtəlif müzakirələrə səbəb olur. Bu görüşlərdən yayılan məlumatlar və fotolar daha çox ictimaiyyətə təqdim olunan hesabat təsiri yaradır. Vətəndaş isə şəkillərdən və protokol xarakterli xəbərlərdən daha çox problemlərinin dinlənildiyini, qaldırıldığını və onların adından real mövqe nümayiş etdirildiyini görmək istəyirlər.

Deputatlıq statusdan əvvəl ictimai etimaddır. Bu etimad zəiflədikdə mandatın özü müzakirə mövzusu olur. Bu gün Anar Məmmədovla bağlı səslənən tənqidlərin əsas səbəbi də məhz budur. Anar müəllimin parlamentdə nə ilə yadda qaldığı isə müzakirə mövzusudur.
Hörmətli millət vəkilinin cəmiyyəti təmtəraqlı hesabatlarla inandırmaq cəhdləri bəzən qeyri-ciddi təsir bağışlayır. Seçici Anar müəllimin fəaliyyətinin görüntüsündən daha çox onun nəticəsini görmək istəyir. Amma ortaya çıxan mənzərə göstərir ki, parlamentdə ardıcıl təşəbbüslərin olmaması, seçicinin problemlərinə qeyri-həssas yanaşma və ictimai məsələlərdə aydın mövqe sərgilənməməsi etimadsızlıq yaradır.
Bu boşluğu aradan qaldırmaq üçün üç-dörd seçici ilə çəkilən foto, qazi ailəsinə edilən ziyarətin rəsmi məlumat kimi paylaşılması kifayət etmir. Çünki Anar müəllimə saytlar, məqalələr və fotolar səs verməyib, seçici səsi ilə ali tribunada təmsil olunur. Foto və görüşlərlə ictimai rəyi formalaşdırmaq cəhdi isə real fəaliyyətin yerini tuta bilmir.

Anar Məmmədov bitərəf və ya müxalifət partiyalarının namizədi kimi deputat seçilməyib. O, Cənubi Qafqazın ən böyük siyasi təşkilatlatı olan, ölkəmizin ictimai həyatında mühüm rol oynamış Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edir. Belə bir siyasi qüvvənin nümayəndəsi kimi mandat qazanmaq yüksək ictimai məsuliyyət formalaşdırır. Bu məsuliyyət parlament fəaliyyətində ardıcıllıq, seçicilərin gözləntilərinə uyğun mövqe sərgiləmək və real nəticələrlə təmsilçilik funksiyasını təsdiqləmək tələbini özündə ehtiva edir. Amma təəssüf hissi ilə qeyd etmək olar ki, bəzi hallarda bu məsuliyyət yalnız seçki dövründə xatırlanır. Bir ay namizəd kimi seçici ilə intensiv ünsiyyət, sonrakı illərdə isə deputat kimi məsuliyyətin zəifləməsi təəssüratı yaradan yanaşma ictimai müzakirələrdə narazılıq doğurur və deputat–seçici münasibətlərinə kölgə salır.

Bir aylıq namizədlik dövründə nümayiş olunan aktivlik sonrakı illərdə davamlı xarakter daşımadıqda bu hal seçicilərdə haqlı narahatlıq və etimadın zəifləməsi ilə nəticələnir. Xüsusilə böyük nüfuz sahibi olan ölkənin siyasi tarixində mühüm rol oynamış Qurtuluşçu və Zəfər partiyası olan YAP kimi qüdrətli bir siyasi qüvvəni parlamentdə təmsil edən şəxslər üçün bu məsələ daha yüksək diqqət və məsuliyyət tələb edir. Diqqətli və məsuliyyətli olmaq seçici etimadının yalnız seçki dövrü ilə məhdudlaşmamasını, mandatın bütün müddəti ərzində davamlı olaraq təsdiqlənməsini tələb edir.


SƏİD MÜMTAZ

Xəbər 1334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR