Ədəbiyyatımızın İmamverdi İsmayılov “Labirint”i

Ədəbiyyatımızın İmamverdi İsmayılov “Labirint”i

Dil ictimai hadisədir, insana məxsusdur, insan düşüncəsinin həm yazılı, həm də fonetik ifadəsidir. Söz də insana aiddir, danışılır, qorunur, hətta girov qoyulur, verilir. Amma böyük söz böyük doğulanların və böyük düşünənlərin payıdır.  Çünki sözün dəyəri onu səsləndirənin şəxsiyyəti, niyyəti və məsuliyyəti ilə ölçülür. Ona görə də söz danışanın mənəviyyatını, düşüncəsini və kimliyini əks etdirən aynadır. Öncə söz vardı, düşüncəyə çevrildi, anlaşıldı və insanın ən böyük gücü oldu. Cahan qılıncını sözlə dəyişdi. Dahilər sözü silaha çevirdilər, onu həqiqətin, azadlığın və zamanın qarşısında ayaqda qalan ən böyük qüvvə etdilər. Sözün haqqını yalnız sözün məsuliyyətini daşıyanlar verə bildi. Bu haqq bu gün də verilir. Söz adamı sözün idarəçiləri tərəfindən ya ucaldılır, ya da susdurulmağa çalışılır. Bu haqq bu gün də sözə tabe olmayan, əksinə sözü iradəsinə ram edən  tərəfindən verilir, söz haqqı! 
 
Söz mahiyyətcə müqəddəsdir və ədəbiyyatın əsas gücü də onun məsuliyyətli istifadəsindədir. Lakin söz yığına, pafos vasitəsinə çevriləndə  dəyərsiz olur və oxucuya təsir gücünü də itirir. 

Hörmətli İmamverdi müəllimin qələmə aldığı "Labirint” isə məhz bu təhlükəli həddi aşan mətn təsiri bağışlayır. Əsər özünü ədəbi hadisə kimi təqdim etməyə çalışsa da nəticədə daha çox şişirdilmiş təsvirlər, süni bədii bəzəklər və məzmunu üstələyən ifadə bolluğu ilə yadda qalır. Bu isə oxucunu düşüncəyə aparmaq əvəzinə onu söz labirintində itir. "Labirint’”ədəbi dəyərdən daha çox sözün məsuliyyətsiz istifadəsinin yaratdığı publisistik-bədii qarışıqlıq kimi görünür və bu da bütövlükdə ədəbiyyatın nüfuzuna zərər verir. 

Əgər bu mətnə sırf ədəbi meyarlarla yanaşsaq və müəllifin adı, statusu, vəzifəsi bir kənara qoyulsa, ortaya çıxan mənzərə o qədər də ürəkaçan deyil. Mətnin ilk və ən ciddi problemi ondan ibarətdir ki, müəllif psixoloji povest yazmaq istəyib, amma nəticədə bədii söz yığını yaradıb. Burada daxili dramatizmdən çox üslub nümayişi var. Müəllif hər cümlədə oxucuya nəsə göstərmək istəyir, amma alınmır. Nəticədə əsər həyatla uzlaşmır və müəllifin dil ehtirasının məhsuluna çevrilir. Əsərdə obsesiv-kompulsiv pozuntudan əziyyət çəkən bir insan təsvir olunur. Ancaq bu xəstəliyin psixoloji anatomiyası açılmır. Qəhrəmanın daxili dünyasına enmək əvəzinə müəllif onun ətrafında dövrə vurur. Oxucu yüzlərlə söz oxuyur, amma qəhrəmanın ruhuna yaxınlaşmır. Çünki müəllif ifadələri müşahidə edir. Mətn boyu işlədilən saysız-hesabsız təşbehlər bədii qüsurdur. Müəllif hər abzasda özünü məcbur edib ki, mütləq hansısa bənzətmə işlətsin. Bir müddətdən sonra bu ifadələr oxucuya təsir etmir, əksinə yorur və mətni ağırlaşdırır. 

Burada isə müəllif demək olar ki, hər cümlədə təsvirin arxasına çəkilir.
 
Süjet məsələsinə gəldikdə isə vəziyyət daha acınacaqlıdır. Onlarla abzas oxunduqdan sonra məlum olur ki, əslində ciddi hadisə baş verməyib. Qəhrəman oyanır, həkimə gedir, danışır, küçədə gəzir və yenə düşünür. Bu qədər həcmdə mətn üçün belə zəif hadisə dinamikası oxucunun səbrini, əsəbini tarıma çəkir. Digər problem müəllifin öz yazısına vurğunluğudur.
 
Əsərin dili xalq danışıq üslubuna söykənsə də bu da həmişə üstünlük yaratmır. Bir çox yerlərdə həmin ifadələr obrazın xarakterini açmaq əvəzinə nümayişkaranə folklorçuluq təsiri bağışlayır. Müəllif oxucuya qəhrəmanla bərabər öz lüğət ehtiyatını göstərir.
 
Ədəbiyyatda ən təhlükəli qüsurlardan biri yazının özünü ədəbiyyat hesab etməsidir ki, mətndə də məhz həmin problem hiss olunur. Müəllif bədii görünən cümlələrin çoxluğunu bədii dəyər kimi təqdim etməyə çalışır. Halbuki böyük ədəbiyyat fikrin, obrazın və insan həqiqətinin gücü ilə yaranır. Bu parçanı oxuyanda isə müəllifin öz yazısına heyranlığı görünür. Bu isə ciddi ədəbiyyat üçün təhlükəli və bağışlanmaz qüsurdur.
 
Hörmətli yazıçımızın böyük ədəbi hadisə kimi təqdim edilən "Labirinti”i əslində boş tabutu xatırladır. Mətn pafosla bəzədilmiş ölmüş, can verən söz yığınıdır, burada ciddi ədəbi yük görünmür. Söz öz dəyərini itirir, elə labirintin içində itib-batır. Nəticədə oxucu ədəbiyyatdan daha çox süni bədii iddia ilə qarşılaşır. Sözlə isə belə davranılmır və belə ədəbiyyat da olmur. Müəllif viran qalan ağacın budağı qırılandan sonra guya külək peşman olsa, nə olacaq kimi Nitşesayağı fikirlər iddia edir. Mən isə bu əsəri oxuduqca ayırdığım həmin vaxta təəssüfləndim, peşman budaqları yaralayan külək olmadı bu dəfə, "Labirint”lə mən oldum.


Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR