Ağlama, atam balası, kişilər ağlamaz...

Ağlama, atam balası, kişilər ağlamaz...

Orxan Ülvi


Əslində, qadının böyüklüyü tam fərqli mənada səslənir. "Filankəs böyük kişidi" deyimində onun cüssəli olması nəzərdə tutulsa da, böyük qadın ifadəsi həqiqətən də, böyüklüyün, zirvənin təcəssümüdür. Kişinin nə qədər şərəfli və ləyaqətli olması onu yaxşı mənada fərqləndirirsə, qadının da daxilindəki "kişilik" simvolu zərif cinsi fərqləndirir. Və tam məsuliyyətlə deyirəm, qadında olmalı olan "kişiliyin" kişi cinsinə heç bir aidiyyatı yoxdu. Dədə babalarımızdan qeyrət, namus, əxlaq, mərdlik kimi parametrləri özündə cəmləşdirən "kişilik" hər kəsdə olmalıdı. 


Ağlama atam balası, kişilər ağlamaz. Tanış mənzərədi, deyilmi? Kişilər niyə ağlamaz ki? Kişilərin üyində kövrəklik və mərhəmət olmamalıdımı? Olmalıdı. Amma gərək kişi elə kişi kimi ağlasın. 


Qadınlar ağlamalıdı? Cəmiyyətdə onsuz da kişilərdən bir pillə aşağıda qərarlaşan qadınlara məxsusdu ağlamaq? Xeyr ola? Döyülən də o, söyülən də o, uşaqlarını böyüdən də o, üstəlik ağlamağı da onlara həvalə edək?! Axı qadınlar anadı, bacıdı, həyat yoldaşıdı, nə bilim kimdi, kimdi...


Qadın insandı. Insan ağlayar da, gülər də. Ən əsası yerini bilər. İnanırsız bir müddət öncəyə qədər qadınlar ağlamağa məhkum olmamalıdır - deyə düşünürdüm. Amma indi ağlamalıdır. Daxilində həmin "kişilyi" olmayan qadın ağlamağa məhkumdur. Özü də harada? Təsəvvür edin, qonşunun kişisi ölüb. Qonşu arvad orda özünü yerə, göyə vurub necə ağlayırsa, tabutun içindən kişi lərzəyə gəlir. Daha soruşan olmur ki, ay arvad kiminçün ağlayırsan? Qohumun deyil, əqrəban deyil, əmin deyil, dayın deyil, sevgilin də deyil... niyə ağlayırsan, o zaman?.. Hə, bildim. Axı sən ağlamağa məhkumsan, Qadın. Axı kişilər ağlamaz. Axı kişi anasının, atasının hüzüründə ağlasa, kişilikdən düşər. Məcburdur, o kişinin atasına, elə anasına da qonşu arvad ağlasın! Təbiidir ki, o qonşunun və orda olan bütün qadınların elə ağlamağı o qədər sünidir, kişi torpağa tapşırılandan sonra hamısı öz kefində olacaq, deyib-güləcək, yeyib-içəcək... Əslində, o qadınlar süni ağlamırdılar. Lap ürəkdən ağlayırdılar. Amma qadın ağlamağı da, qardaş, bundan uzağa getməz! Ən yaxşısı ağlatmayın qadınları!


Ağlatmayın dedim. "Güldürəkmi" deyə sual yarandı içinizdə? Sakın güldürməyin də. Ən azından sizi görəndə güldürməyin. İçində "kişiliyi" olan qadın gülməyinin də yerini biləcək, onsuz. Digərlərini az güldürün, hətta bacarın danışdırmayın. İkisi bir-biriylə danışdımı, kiminsə gəlini boşanmalıdı, kimsə vəzifədən getməlidi, kəndin ayağından başına hər kəsin başından danışılmalıdı. 


İki gün öncə məsciddəydim. Böyük otaqda qadınlarla kişilər oturan yerin arası pərdəylə ayrılıb. Molla "Yasin" oxumağa başlayanda hər kəsdən xahiş etdi ki, sakit olunlar. Hətta "Yasin" surəsinə qulaq asanların savabının daha çox olduğunu da dönə-dönə vurğuladı. Gözünə döndüyüm molla bilirdi axı burda qadınlar varsa, mütləq söhbət olacaq. Allah tərəfi, ilk beş dəqiqəni səsləridə çıxmadı. Amma sonra... Sonra hamısı bir himə bəndimiş kimi necə başladılarsa, bütün problem və xoş niyyətlərini həll etdilər. Yazıq molla səsini də çıxartmadı. Çıxarda da bilməz... Mollanın da arvadı vardı. Evə gedəcəkdilər, hələ...


Hə, yadıma düşmüşkən, məsciddə ağlayan qadınlarımızdan danışmadım hələ. Təsəvvür edin, İmam Hüseynin(s) kimliyini bilməyənlər, harda ölməyindən, necə ölməyindən xəbərsiz qadınlar elə üzünü cırır ki, kişini də ağladır...


Ağlatmayın qadınları! Güldürməyin də heç! Sevin qadınları! Ağlamağa, gülməyə yox, sevməyə və sevilməyə öyrədin Qadınları!!! "Kişiliyi" olan qadınların haqqını tanıyın və bunu tanıdın onlara!!!


Xəbər 10181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR