90-cı illər... Post-müharibə dönəmi - kasıbçılıq, işsizlik, məğlubiyyətlilik psixologiyası, şəhid xəbərləri, ANS-in vaxtaşırı yayımladığı müharibə kadrları, "Turbo" saqqızları, "Bakkuş", Bir Nizami, Məmmədəmin, bir az tox, bir az ac soyuq qış günləri...
Evindən çıxan başqasını aldatmağa, əlindəki pulu almağa çalışmır, fahişəliklə azadlıq arasında fərq olduqca böyükdür...
Heç kim patı çəkmir, heç kim şüşə vurmur. Bircə "7 şüşə" oyunu insanların əzbərindədir. Adamlar pulsuz olsa da ortada buraxılmır, özünü öldürmək həddinə çatdırılmır, problemi olanın yanında duruş gətirilir. Ortada qalmaq adamların yaddaşında yalnız oyundan ibarətdir. Biri ortada olur, ətrafdakılar da onu gülə-gülə aldadır. Topun sahibinin anası evə çağıran kimi, bu məmnunluq hissi növbəti dönəmə kimi ərtələnir.
Yeni il gecələrində Aygün Kazımova möhtəşəm əndamı ilə çıxır, mahnısını oxuyur. Sonra bir film gedir, ardınca oğlanla qız öpüşür. Hamı özünü itirir, "pult" harasa düşür. Qəzəblənən ata bariton səsi ilə qışqırır, hamı yatmağın vaxtı gəldiyini anlayır.
Heç kim emosional ehtiyacı üçün evini tərk etmir, boşanmağı düşünmür, bloggerlərin həyatına baxıb bihuş olmur, olanla qane olur.
Uşaqlar da atalı-analı böyüyür, sevə-sevə dəcəlliklər edir, şərəflə yetişirdirlər. Bir gün məktəbə ata gətirir, bir gün valideyn iclasına ana gəlir. İndiki kimi deyildi. Bir sinifin yarıdan çoxunun anası-atası boşanmamışdı. Kimdəsə belə hadisə olardısa, heç kim bilmədən ailəlikcə o mühitdən köç edərdilər.
Elə ki, Bəhlul əmisiarvadı Bihteri evin bir küncündə sıxışdırmağa başladı, bax orada hormonlarımız baş qaldırdı. Nəticədə doğulan və bu gün söz sahibi olan "Z" nəslinin dişinə zəhər dəydi.
Bir az formalaşn kimi ilk növbədə dişlərini ailə institutuna batırdılar və zəhərləyib darmadağın etdilər. Qalan dəyərlərin üzərinə də çıxıb dabanları ilə əzdilər.
Efirlərdən Bihterlər namusdan, Bəhlullar qeyrətdən danışdıqca "Z" nəsli daha da dəlisov oldu.
Bu nəsildən ortaya çıxan psixoloq "3 min manata telefon almırsa, boşan" dedi, opponentləri də "qadın süpürgədir!" deyib genəldi.
Təhsil də ardınca məhvə sürükləndi. Elə bir təhsil verildi ki, qızlar sonda blogger olmaq istədi, oğlanlar da kriminal həyatın bir nümayəndəsi.
Haradasa səhv var. Nəsə düz getmədi. Ya biz həqiqətən belə idik, ya da bizə nəsə oldu.
Hazır olun! Bloggerlərin, "Tik-Tok"erlərin zəhərli nəfəsi ilə böyüyən qorxunc bir nəsil hələ yoldadır. Dişlərində zəhər, dırnaqları iti bizə tərəf - olan qalan dəyərlərimizi parçalamaq üçün qaçaraq gəlirlər.
Xəbər 12782 dəfə oxunub.