Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

"Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır faciələrlə üzləşdi. Ermənistanla sərhəddə yerləşən, əsrarəngiz təbiəti və gözəl yaşayış məskənləri ilə seçilən Qubadlı erməni təcavüzü nəticəsində talan edildi. Dinc əhaliyə qarşı terror sistemli şəkildə davam etdirildi. Nəhayət, rayon 1993-cü il avqustun 31-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olundu. İşğaldan sonra Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq xaricdən gətirilən erməniləri bu ərazilərdə qanunsuz məskunlaşdırdı. İşğal Qubadlıya ağır zərbələr vurdu, rayon sakinləri doğma yurdlarından didərgin düşdülər. Rayonun iqtisadiyyatı və infrastrukturu məqsədli şəkildə məhv olundu, milli mədəniyyət abidələrimiz yerlə-yeksan edildi.”

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə uzun müddət işğal altında olan Qubadlı düşmən tərəfindən cinayətkar məqsədlər üçün istifadə olundu, narkotik vasitələrin, psixotrop maddələrin və mülki dövriyyəsi qadağan edilmiş digər malların qanunsuz dövriyyəsi üçün əlverişli məkana çevrildi. Beynəlxalq qanunlara məhəl qoymayan Ermənistan rəhbərliyi işğal altındakı ərazilərdən qanunsuz fəaliyyətlər üçün istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozdu. Amma Azərbaycan dövləti Ermənistanın və ona dəstək verən beynəlxalq qüvvələrin işğalı əbədiləşdirmək planlarını alt-üst etdi. Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi. Bu qalibiyyət doğma torpaqlarımıza qayıdışın yolunu açdı, Qubadlının azadlığı uğrunda illərlə davam edən mübarizənin qürurverici nəticəsi oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı məğlubiyyət yaşadaraq tarixi torpaqlarımızı bir-birinin ardınca azad etdi. Bu Zəfər salnaməsinin şanlı səhifələrindən biri də oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunması oldu. Düşmənin Qubadlıda qurduğu möhkəm istehkamlara baxmayaraq, ordumuz böyük qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək şəhəri azadlığına qovuşdurdu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda geniş quruculuq işlərinə start verildi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına təkan verən böyük layihələrin icrası, yeni yolların çəkilməsi, yaşayış binalarının, sosial obyektlərin və müəssisələrin tikintisi şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Uzun illər doğma yurdlarından ayrı düşmüş qubadlılıların öz torpaqlarına qayıdışı, şəhərin bərpası və iqtisadi həyatının canlandırılması dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri oldu. 

Qubadlının işğaldan azad olunması heç vaxt unudulmayacaq, şərəfli tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi daim xatırlanacaq. Bir vaxtlar düşmən tapdağı altında qalan Qubadlı bu gün azad torpaq kimi yeni inkişaf dövrünü yaşayır. Şəhərdə aparılan quruculuq işləri, infrastrukturun yenilənməsi, yolların çəkilməsi və sosial obyektlərin inşası doğma yurdun gələcək inkişafına xidmət edir.

Deputat sonda qeyd edib ki, işğal dövründə Qubadlı ərazisindən qanunsuz narkotik vasitələrin daşınması üçün istifadə olunurdu. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin torpaqlarda quruculuq və abadlıq işləri aparılır, şəhərin gələcək inkişafı üçün mühüm addımlar atılır. Qubadlının keçmişi ilə bu günü arasındakı fərq göz önündədir. Bir vaxtlar qanunsuz fəaliyyətlərin həyata keçirildiyi torpaqlarda bu gün yollar çəkilir, yeni obyektlər tikilir, şəhərin gələcəyinə hesablanan layihələr icra olunur. Bütün bunlar Qubadlının kimə məxsus olduğunu, bu torpaqların əsl sahibinin kimliyini və Azərbaycan dövlətinin doğma yurdlarımızı bərpa etmək əzmini aydın göstərir.
Xəbər 73 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR