Hüseynbala Mirələmovun ədəbiyyat iddiası və bədii uğursuzluğu

Hüseynbala Mirələmovun ədəbiyyat iddiası və bədii uğursuzluğu

Hekayə ciddi ədəbi nümunədir. Ədəbiyyatımızda geniş yayılmış bu janrın həqiqətən necə təsirli olması və publisistik tələblərə nə dərəcədə cavab verməsi məsələsi xüsusi diqqət tələb edir. Hüseynbala Mirələmovun sosial şəbəkənin Azərbaycan seqmentində geniş yayılmış "Dünya sənin, dünya mənim…” hekayəsi ətrafında formalaşan münasibətlər isə olduqca ziddiyyətlidir. Bir qisim oxucu tərəfindən bu mətn ciddi ədəbi nümunə kimi qəbul edilsə də onun bədii təsir gücü və hekayə kimi necə işləməsi ayrıca müzakirə tələb edir.

Bəh-bəhlə təqdim edilən "Dünya sənin, dünya mənim..." ədəbi baxımdan ciddi qüsurlarla doludur və bədii nəsr standartlarına uyğun deyil. Ən əsas problem odur ki, burada demək olar ki, hekayə yoxdur. Yalnız uzadılmış izah və emosional şərhlər var. Hadisə irəliləmir, dramatik xətt qurulmur, başlanğıc vəziyyət sonadək bərbad şəkildə dəyişməz qalır. Oxucu uğursuz qurulmuş süjetin içində çabalayır, müəllif düşüncələrinin uzadılmış təqdimatında qalır. Mətnin strukturu isə tam zəifdir. Hər şey nankorluq və sosial laqeydliyin ətrafında fırlanır, amma bu bədii şəkildə göstərilmir, birbaşa deyilir. Oxucu əminliklə bu qənaətə gəlir ki, Dünya sənin, dünya mənim..." tezis yazısıdır. Hekayə oxucuya nəticə verməməli, nəticəyə aparmalıdır. Burada isə nəticə əvvəldən verilir və sadəcə müxtəlif cümlələrlə təkrarlanır.

Ən ciddi qüsur müəllifin mətndən çıxmamasıdır. Bütün mətn boyu görünməz bir müəllim danışır, hadisələri izah edir, davranışları şərh edir, insanlara mənəvi damğa vurur. Bu da bədii nəsri sıradan çıxaran ən zəif üsuldur. Oxucuya seçim və interpretasiya imkanı verilmir, hər şey hazır formada təqdim olunur. Dialoqlar da süni və qeyri-inandırıcıdır. Əbülfəz müəllim real insan obrazından daha çox ideoloji tribuna funksiyası daşıyır. Onun sözlərində təbiilik qeyri-pəşəkarcasına qurulub. Sezar–Brut epizodu isə tamamilə məkan və zaman məntiqini pozur, toy mühitini bədii olaraq dağıdır və mətnə yapışdırılmış esse hissəsi kimi görünür.

Bununla yanaşı hekayə dil baxımından o qeyri-sabitdir. Bir tərəfdə poetik təsvirlər, digər tərəfdə publisistik ümumiləşdirmələr var. Bu iki üslub bir-birinə inteqrasiya olunmadığı üçün mətn vahid estetik sistem yarada bilmir. Nəticədə oxucu daimi üslub dəyişmələri içində yönünü itirir və mətnin təsirini zəiflədir. Eyni fikir müxtəlif formalarda yenidən deyilir, lakin heç bir yeni mənəvi və ya bədii qat açılmır. Bu da yazıçı istedadının yoxsulluğunu göstərir.

Final hissə də bədii baxımdan tam zəifdir. Rəqs və musiqi ilə emosional rahatlama yaradılır, amma heç bir konflikt həll olunmur. Əksinə, bütün gərginlik sentimental bir atmosferlə ört-basdır edilir. Bu isə hekayəni dərinləşdirmək əvəzinə səthi emosional nəticə ilə bitirir.

Ümumilikdə isə Hüseynbala müəllimin qələmə aldığı "Dünya sənin, dünya mənim…” hekayəsi bədii cəhətdən son dərəcə zəif və bayağı təsir bağışlayır. Hekayədən daha çox emosional-publisistik mülahizələrin pərakəndə toplusunu xatırladan bu cızma-qara sənət və ədəbi nümunə sayıla bilməz. Əksinə, hekayə adlandırılan bu söz yığını müəllifin istedad kasadlığını, bədii təfəkkürünün məhdudluğunu və yaradıcılıq imkanlarının zəifliyini bütün çılpaqlığı ilə ortaya qoyur. Hekayədə oxucunu düşündürəcək dərinlik, yadda qalan obraz və sənətin tələb etdiyi estetik bütövlük görünmür. Bu baxımdan "Dünya sənin, dünya mənim…” uğursuz yaradıcılıq cəhdinin nümunəsi təsiri bağışlayır. Dünya həqiqətən hamımızındır və dünyada məişətimizdən tutmuş cəmiyyətimizə qədər baş verən hadisələri qələmə almaq üçün nə vaxtsa yüksək vəzifələr tutmaq, böyük səlahiyyət sahibi olmaq kifayət etmir. Ədəbiyyatın yeganə və dəyişməz tələbi istedaddır. İstedadın olmadığı yerdə vəzifə də, şöhrət də, status da zəif mətnin qüsurlarını gizlədə bilmir. Çünki yaxşı ədəbiyyat vəzifədən doğmur, qələmdən və yaradıcı təfəkkürdən gəlir.

 

SƏİD MÜMTAZ

Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR