İlin səs-küylü qətlləri - FOTO

İlin səs-küylü qətlləri   - FOTO

Hər il olduğu kimi 2015-ci il də kriminal hadisələri ilə yadda qalıb. İl ərzində baş verən hadisələrə nəzər salsaq görərik ki, bu il kriminal aləm üçün elə də sakit ötüşməyib. Biz isə baş verən qanlı olaylarda gözüyaşlı qalan insanların sayını dəqiqləşdirə bilməsək də, ilin ən səs-küylü cinayətlərini qruplaşdırmağa çalışdıq.

"Qafqazinfo" 2015-ci ilin ən dəhşətli cinayətlərini təqdim edir:

"Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətli hələ də media gündəmindən düşmür. Hadisə aprel ayının 21-də "Avropa" otelində baş verib. Azər Məmmədov oteldə məşq edərkən qatili Sənan Quliyevlə məşqçi Ruslan Əfəndiyev arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hücuma məruz qalıb. Sənan Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub. Filial müdiri aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hazırda məhkəmə prosesi davam edir və dövlət ittihamçısı S. Quliyevə ömürlük həbs istəyib.

Cari ilin aprel ayının son günlərində baş verən Aytac Babayeva cinayəti ölkədə böyük səy-küyə səbəb olmuşdu. 20 yaşlı sevgilisi İzzət Hüseynov tərəfindən 8 bıçaq zərbəsi ilə həyatını itirən 11-ci sinif şagirdinin sonradan sosial şəbəkələrdə paylaşılan fotoları hər kəsin ürəyini yandırıb. İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: "Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Onsuz qala bilmirdim. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim".

Hadisə sosial şəbəkələrdə və mediada böyük səs salmışdı və qətllə bağlı aksiyalara start verilmişdi. Cinayət işi üzrə məhkəmə prosesi ötən ay yekunlaşdı və İzzət Hüseynov 20 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cinayət 13 fevralda Türkiyədə baş vermiş Özgəcan Aslan cinayətini xatırladırdı. Hər iki cinayət qadınlara qarşı zorkalığının və şiddətin nümunəsi hesab edilirdi.

İyun ayının 8-də Saray bələdiyyə sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilmişdi. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin başını kəsib, ərini isə odlu silahla ürəyindən qətlə yetirmişdi. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin torpaq üstündə olduğu bildirilib.

Bu ilin may ayı yaddaşlarda körpə ölümləri ilə iz qoydu. 19 may hadisəsində həyatını itirən körpələrin acısı (Ayxan, Fərəh) hələ unudulmamış ay sonunda 5 yaşlı Aişənin zorlanaraq öldürülməsi xəbəri hamını hiddətləndirdi. Hadisə Pirallahı rayonunda baş vermişdi.

İtkin düşmüş 5 yaşlı qızın meyiti elə yaşadığı məhəllədə, qonşularının həyətində tapılmışdı. Körpəni bu vaxta qədər sakit və dinc biri kimi tanınan qonşu Çernov Yakov Viktoroviç əvvəlcə zorlayıb, sonra boğaraq qətlə yetirmişdi.

Oktyabr ayında 39 yaşlı Lalə Mahmudova sevgilisi ilə həyat yoldaşının meyitini hissələrə bölərək İsmayıllı rayonunda meşəlik sahədə basdırıb. Məlum olub ki, L.Mahmudova tanışı Sədi Məmmədovla birgə həyat yoldaşını İzmir prospekti 5/55 ünvanındakı mənzildə qətlə yetirib. Daha sonra S.Məmmədov K.Mahmudovun cəsədini elə ona məxsus olan avtomobilin baqajına qoyaraq doğulduğu İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığına gətirib və onu hissələrə bölərək basdırıb. O, avtomobili elə meşədəcə qoyaraq ərazidən uzaqlaşıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və L.Mahmudova ilə S.Məmmədov törətdikləri əməli etiraf ediblər. S.Məmmədov meyiti hissələrə bölərək basdırdığı yeri göstərdikdən sonra K.Mahmudovun meyiti çıxarılıb.

Hamının bilik gününü qeyd etdiyi bir ərəfədə İsmayıllı rayonunda 12 yaşlı məktəblinin intihar səbəbi hər kəsi kədərləndirdi. Yeni dərs ilinə bir gün qalmış özünü asaraq intihar edən İsmət Əsədovun bu əməli törətməsinə səbəbin dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olduğu söylənilirdi.

Sentyabr ayında daha bir səs-küylü intihar halı isə Biləsuvar rayonunda yaşandı. Rayonun Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayevin işlədiyi idarənin binasında intihar etməsi uzun müddət müzkirə olundu. Onu tanıyanlar, İKT sektoru məhrumun mərhumun hər zaman nümunəvi şəxslərdən biri olduğunu bildirdi. İ. Ağayev iki ay əvvəl rəis vəzifəsinə təyin olunmuşdu və 3 övlad atası idi.

2015-ci ilin son aylarında regionlarda analoji hadisələr baş verib. Belə ki, əvvəlcə Quba rayonunun İqrıq kənd mollası Neman İbrahimov həyat yoldaşını onunla barışmaq istəmədiyi üçün bıçaqlayıb. Bundan sonra da molla qəbiristanlıqda özünü asıb. Ötən ay isə Zaqatala sakini Nəsimi İbrahimov əvvəlcə həyat yoldaşını güllələyib, daha sonra da özünü doğrayıb. Hər iki insidentdə qadınlar sağ qalsa da, onlara xəsarət yetirən həyat yoldaşları vəfat edib.

Noyabr ayında Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Musa Nəsirovun 63 yaşlı anasını qətlə yetirərək həyətindəki tualet quyusunda basdırdığı məlum oldu. Evdə heç kim olmayan zaman anası Ofeliya Abdullayevanı öldürən Musa ondan şübhələnən həyat yoldaşı Ülkəri də döyüb. Daha sonra Ülkərin valideynləri polisə gedərək qadının itkin düşməsində kürəkənləri Musa Nəsirovdan şübhələndiklərini bildirib və meyit həyətdəki tualet quyusunda aşkarlanıb. Bundan başqa, ötən il itkin düşən Bünyat Seyidovun oğlu və həyat yoldaşı tərəfindən öldürülüb tualetə atıldığı da cari ilin mart ayında məlum oldu. Mərhumun 18 yaşlı oğlu ifədəsində atasının evə hər gün içkili vəziyyətdə gəldiyini,onu və anasını döydüyü üçün bu yola əl atdıqlarını bildirib.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR