“Günəşli”də dənizdibi seysmik stansiya quraşdırıla bilər

“Günəşli”də dənizdibi seysmik stansiya quraşdırıla bilər

Azərbaycanın Xəzər dənizindəki 3 neft platformasında dənizdibi seysmik stansiya qurulması nəzərdə tutulub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti ilə ABŞ-ın “Kinemetrics” şirkətindən lazım olan avadanlıqlar çoxdan alınaraq Bakıya gətirilib və bu dənizdibi seysmik stansiyalar ən müasir stansiyalardır.

AMEA nəzdində RSXM-in dəvəti ilə Bakıya gələn amerikalı mütəxəssislərin iştirakı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Günəşli”, “Bahar” və “Ümid” yataqlarına ekspedisiya edilib, hətta həmin dənizdibi seysmik stansiyaların platformalarda hansı ərazidə, hansı dərinlikdə quraşdırılması müəyyənləşdirilib: “Sadəcə, quru ərazilərdən fərqli olaraq, dənizdə bu stansiyaların quraşdırılması daha böyük maliyyə vəsaiti, xərc tələb edir. “Günəşli” platformasında baş verən son hadisələr də göstərdi ki, əslində neft yataqlarının, platformalarının ətrafında dənizdibi stansiyaların quraşdırılmasına zərurət var. Quruda olduğu kimi, dənizin dibində də seysmik stansiyalar yer qatının dərinliyində baş verən dəyişiklikləri, yeraltı prosesləri daha yaxından izləyib qeydə alır. Respublika Seysmoloji Xidmət Mərkəzi nəzərdə tutmuşdu ki, seysmik stansiyalarla paralel olaraq, orada GPS stansiyaları da quraşdırılsın. Bu halda litosferdə baş verən dəyişiklikləri GPS stansiyaları vasitəsi qeyd etmək mümkündür”.

RSMX İnformasiya şöbəsinin müdiri qeyd edib ki, dənizdibi stansiyaların həmin platformalarda quraşdırılmasının böyük əhəmiyyəti var: “Xəzərin Azərbaycan sektoru seysmik baxımından ən aktiv bölgələrdən biridir. Dənizin dibində, yer altında baş verən proseslərlə bağlı stansiyalar davamlı olaraq işləyəcəksə, məlumatlar daxil olacaq. Artıq əvvəlcədən dənizin dibində gedən proseslərlə bağlı daha dəqiq məlumatlar olduğuna görə ordakı proseslərlə bağlı müəyyən elmi mülahizələr irəli sürmək də mümkün olacaq. “Günəşli” platformasında baş verən son hadisədən sonra da hamıya aydın oldu ki, dənizdibi stansiyaların quraşdırılmasına böyük zərurət var. Dənizdibi stansiyalar quraşdırıldıqdan sonra həm apardığımız seysmoloji tədqiqatların keyfiyyəti daha da yüksələcək, həm də dənizdə neft yataqlarında, yataqların ətrafında gedən tektonik proseslər, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsində daha dəqiq məlumatlar əldə ediləcək. Yəni həm elmi tədqiqatların aparılması, həm də dövlətin neft hasilatı, yataqların işlənilməsi baxımından SOCAR, neftçilər üçün də bunun böyük əhəmiyyəti var. Yeri gəlmişkən, bu gün Azərbaycan telemetrik stansiyaların sayına və iş xüsusiyyətlərinə görə regionda liderdir. Qonşu respublkalarda hazırda Azərbaycanda olan seysmik stansiyalar şəbəkəsi yoxdur, onlarda işin keyfiyyəti bizimlə müqayisə oluna bilməz. Stansiyalarımız quruda hiss olunmayan ən xırda təkanları da qeydə alır, bu da elmi tədqiqatlara öz təsiri göstərir. Hamı bilir ki, yaxşı elmi nəticələr üçün peşəkar mütəxəssislərlə bərabər müasir avadanlıqların olması da vacibdir”.

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR