"Azərbaycanım" beynəlxalq jurnalının kollektivi şəhidin məzarını ziyarət edib - FOTO


"Azərbaycanım” beynəlxalq jurnalının kollektivi II Fəxri Xiyabanda Qarabağ uğrunda müharibədə şəhid olmuş baş leytenant Rövşən Nurzadənin
məzarını ziyarət ediblər

İyunun 26-sı – Silahlı Qüvvələr Günündə "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi II Fəxri Xiyabanda Qarabağ uğrunda müharibədə şəhid olmuş, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadənin məzarını ziyarət edib və şəhidin məzarına gül dəstələri düzüblər.
"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Şuşa döyüşlərində şəhid olan baş leytenant Rövşən Nurzadənin qəhrəmanlığından söz açaraq bildirib ki, İkinci Qarabağ müharibəsi başlayanda evdən xəbərsiz döyüşə yollanaraq Zəngilanda, Cəbrayılda, Qubadlıda igidliklə vuruşan Rövşən Nurzadə noyabrın 6-da Şuşa döyüşündə həlak olub, Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçib.  "Bütün Azərbaycan xalqı Vətənin dar günündə sinəsini qabağa verərək igidliklə döyüşən şəhidimiz Rövşən Nurzadə ilə fəxr edir” – deyə bildirən Emil Nəsirli onu da əlavə edib ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyev 44 gün davam edən Vətən Müharibəsi müddətində bütün çıxışlarında, müsahibələrində bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Tarixi qələbəimizi reallaşdıran Ali Baş Komandanımız həm döyüş meydanında, həm də siyasi meydanda bir daha sübut etdi ki, haqq, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ Azərbaycandır! reallığını 44 gündə – mümkünsüzü mümkün etdik! Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
"Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə oğlu, şəhid Rövşən Nurzadənin vətənpərvərliyi və bir şəxsiyyət kimi nəcib keyfiyyətlərindən danışan Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur qeyd edib ki, oğullarımızın torpaq, Vətən yolunda canlarından keçmələri ilə bir daha sübut etdilər ki, Vətənə şərəfdi, şandı, hər biri bir Azərbaycandı şəhidlər! Əgər şəhid anası əlinə silah alıb, "mən də döyüşə hazıram" deyirsə, bu millətin qarşısında kimsə dura bilməz. "Əgər bu gün dövlət başçımız siyasi arenada mənfur erməniləri cavabı ilə çıxılmaz duruma salırsa, deməli, biz Varıq, yenilməzik. Biz şəhid atası, şəhid anası olan valideynlər: "Təki Vətən sağ olsun", - deyərək ətafdakılara təskinlik verirsə, necə qürurlanmayasan, fəxr etməyəsən. Budur, Vətənə olan sonsuz sevginin təcəssümü” - deyə Əli Nur bildirib.
Baş redaktor Emil Nəsirli "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından Xalq Artisti Əli Nura və onun doğmalarına başsağlığı verib, şəhid zabitimizə Allahdan rəhmət diləyib.
Xəbər 980 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR