ALQIŞLARLA QEYD OLUNAN AD GÜNÜ

ALQIŞLARLA QEYD OLUNAN AD GÜNÜ

"Zəkalar” liseyinin yaranması, formalaşması və ölkənin ən nüfuzlu tədris ocaqlarından birinə çevrilməsində danılmaz haqqı və əməyi olan pedaqoqlardandır Malik Vəliyevyatının 46 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edən, tədris etdiyi coğrafiya fənnini sevə-sevə uşaqlara öyrədən və bundan həqiqi mənəvi zövq alan bir insan haqqında danışmaq, əslində, aradan keçən bu müddət ərzində sayı on minlərlə ölçülən böyük bir məzun ordusu haqqında danışmaq deməkdir. Onların hər birinin həyatında Malik müəllimin özünəməxsus dəst-xətti, ruhu və mənəvi haqqı var.

O uzun bir yolun yolçusudur. Əzəli və əbədi torpaqlarımızdan – Göyçə mahalının Basarkeçər rayonundan başlayan bu yol dövlətimizə və cəmiyyətimizə töhfə verilmiş minlərlə ləyaqətli insan taleyi ilə qarış-qarış uzanıb. O insan talelərinin memarı bu yolu halal zəhməti, alın təri, ağır və məsuliyyətli müəllim əməyi ilə salıb. Dərs keçdiyi sinif otaqlarından çıxan hər bir şagird müstəqil həyata həm də Malik müəllimdə gördüyü və tapdığı insani dəyərlərlə qədəm basıb. Bu, bir müəllimin bütün həyatı böyu qazana biləcəyi ən böyük uğurdur...

Malik müəllim pedaqoji fəaliyyətinin son dövrlərində 287 nömrəli "Zəkalar” liseyinin təlim-tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Liseyin pedaqoji kollektivi arasında nüfuz sahibi kimi tanınıb, hörmət qazanıb. Yüksək bilik və bacarığı, mədəniyyəti, davranışı, təşkilatçılıq qabiliyyəti və insanlığı ilə başqalarına əsl nümunə olub. Öz zəngin pedaqoji təcrübəsini, xüsusilə, gənc müəllimlərdən əsirgəməyib. 

Tədris prosesinin, müəllim-şagird münasibətlərinin tənzimlənməsi, daha prinsipial və səmərəli əsaslar üzərində qurulması Malik müəllimdən ötrü həmişə xüsusi əhəmiyyət daşıyıb. Çünki o, məktəbşünaslığı dərindən bilən və bunu gündəlik fəaliyyətində tətbiq etməyi bacaran müəllimlərimizdəndir. Yeri hər zaman görünən müəllimlərimizdən. Xüsusilə, "Zəkalar” liseyində...

Bu gün Malik müəllimin 72 yaşı tamam olur. Əgər bu yaşın üstünə indiyədək əlindən tutub oxumağı-yazmağı və ən əsası, insan kimi yaşamağı öyrətdiyi şagirdlərinin yaşını da gəlsək, çəkdiyi əziyyətin, ünvanı olduğu haqqın, yaşadığı ömrün rəsmi də dünya boyda olar. Elə bir dünya ki, orada "Zəkalar” liseyinin özünəməxsus yeri və çəkisi var...

Yəqin "Zəkalar”ın şəxsi heyətinin yeni yaşınızı necə ayaq üstə alqışladığını indi Sizin özünüz də görür və eşidirsiniz! Bu sizin ana südü kimi halal haqqınızdır, Malik müəllim! Ad gününüz mübarək...

 

 İbrahim Rüstəmli/əməkdar jurnalist

Xəbər 1256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR