Vətən müharibəsi qazisi müalicə üçün İstanbula aparılır - FOTOLAR

Vətən müharibəsi qazisi müalicə üçün İstanbula aparılır - FOTOLAR

Vətən müharibəsi qazisi, Nurlan Nuriyev müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbul şəhərinə aparılır.

Bu haqda Qaynarinfo-ya Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının birinci vitse prezidenti, birinci Qarabağ müharibəsi qazisi Asəf Məlikov məlumat verib. Onun sözlərinə görə, onun müalicə xərclərini federasiyanın müraciəti əsasında YAŞAT Fondu öz üzərinə götürüb:

"YAŞAT Fondu ilə əlaqə saxlayırıq, əməliyyat olunacaq əlillərlə bağlı müraciətlər edirik. YAŞAT Fondu müraciətlərimizə dəstək verib. Hazırda əlil Nurlan Nuriyevi Türkiyəyə müalicəyə göndəririk. Onun həm ayağında, həm də başında problemləri var, müharibədə kəllə-beyin travması alıb. İstanbulda müalicə, üstəlik anasının da orada olduğu müddətdə xərclərini YAŞAT Fondu tam olaraq öz üzərinə götürüb”.

Asəf Məlikov bildirib ki, bu günə kimi Federasiya 100-dən yuxarı Qarabağ əlili ilə görüşüb:  

"Federasiya qazilərlə görüşlərini davam etdirməklə yanaşı, görüşdüyü qazilərlə mütəmadi əlaqə saxlayır, onların protezlə təminatı, ev və avtomobil alınması üçün qeydiyyat məsələləri, sosial-psixoloji, loqopedik dəstək verilməsi işlərini də həyata keçirir. May ayından etibarən federasiya Bakı şəhər İdman İdarəsi ilə birlikdə qazilərin evinə gedir, onların problemləri ilə maraqlanır. Bu günə kimi 100-ə yaxın qazi və şəhid ailəsinin evində olmuşuq, onlarla görüşlər keçirmişik, problemlərini dərindən dinləmişik və onları aidiyyatı qurumlar üzrə yönəldilməsində dəstək olmuşuq. Özüm birinci Qarabağ müharibəsi iştirakçısıyam, keçmiş zabitəm. Müharibənin nə olduğunu bildiyim üçün onların problemlərini daha yaxından duyur, özümünkü hesab edirəm. Qılıncoynatma Federasiyası 2017-ci ildən fəaliyyət göstərir. Bizim fəaliyyət göstərdiyimiz sahə əlillərlə bağlı, paraolimpiya idmanı olduğu üçün onların psixologiyasını daha asan bilirik”.

Federasiya prezidenti onu da əlavə edib ki, əlillik qazanan qazilərimizin cəmiyyətə inteqrasiyası, onların idmana cəlb olunması üçün müəyyən addımlar atıb:

"Artıq 10-a yaxın qazimiz idmana cəlb olunub və məşqlərə başlayıb. Kimin protezi yoxdursa, yaxud da təkrar protezlərin düzəldilməsi üçün müraciət etmişik”.
Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR