"Terror aktı Fransaya milyardlarla ziyan vuracaq"


“Fransada törədilən terror aktı ölkəyə milyardlarla ziyan vuracaq”.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Fransada baş verən terror hadisəsinin dünya iqtisadiyyatına təsirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu hadisədən avro da təsirlənəcək: “Ötən il 47 milyon ziyarətçini yalnız Paris şəhərinə cəlb edən iri turizm sənayesi Fransada baş verən terror hadisəsindən sonra bu il ölkədə ən çox itki verən sektor olacaq. Dünyanın 6-cı güclü iqtisadiyyatına malik olan ölkədə bu gecə baş verənlər beynəlxalq bazarlara da təsirsiz ötüşməyəcək.

Bu hadisənin həm ölkə iqtisadiyyatına və həm də dünya bazarlarına təsirləri birbaşa və dolayı olmaqla ikili xarakter daşıyacaq. Bu terror aktından birbaşa təsirlənən turizm, nəqliyyat, mehmanxana, ictimai iaşə və ticarət sektoru olacaq”.

Q.İbadoğlu vurğulayıb ki, bu hadisə dolayı yolla həm dövlət, həm də özəl bölmədə təhlükəsizlik və sığorta, bir sözlə anti-terror xərclərinin artırılmasını şərtləndirəcək ki, bu da bütövlükdə Fransa iqtisadiyyatında məhsuldarlıq göstəricilərini aşağı salacaq: “Nəticədə ötən il staqnasiya dövrünü yaşayan Fransa iqtisadiyyatında bu il müşahidə olunan canlanma son terror aktından sonra yenidən tənəzzül dövrü ilə əvəzlənə bilər. Dünya iqtisadiyyatına gəlincə, bu terror aktından ən çox təsirlənən hazırda həssas olan qiymətli kağızlar və valyuta bazarı ola bilər.

Xüsusilə də psixoloji təsirlər nəticəsində fond birjasında Fransa şirkətlərinə məxsus qiymətli kağızların və avronun dəyərini itirməsi müşahidə edilə bilər. Xammal birjaları arasında isə bu hadisədən az da olsa təsirlənən enerji bazarı ola bilər. Hadisənin təsirindən artan təklifin hesabına son günlər ucuzlaşan xam neftin qiymətində azacıq da olsa balaşma müşahidə oluna bilər”.

Ekspert qeyd edib ki, hesablamalara görə 11 sentyabr terrorundan ABŞ iqtisadiyyatına dəyən birbaşa zərər 27,2 milyard dollar təşkil edib. O, həmçinin bildirib ki, bu hadisə global terrorizm indeksində Fransann mövqeyini pisləşdirəcək: “2014-cü ildə Fransa dünyanın terrordan əziyyət çəkən 56-ci ölkəsi idi. Azərbaycan bu indeksə görə dünyanın terrordan əziyyət çəkən 192 öllkəsi arasında 117-ci yerdə qərarlaşıb”.

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR