Sədrlik Azərbaycandan Qazaxıstana keçdi - TürkPA-da

Sədrlik Azərbaycandan Qazaxıstana keçdi   - TürkPA-da

3-4 dekabrda Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan parlamentinin ev sahibliyi ilə Məclisin sədri Kabibulla Jakupovun rəhbərliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 6-cı plenar iclası keçirilib.

TürkPA Katibliyindən Aktual.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Məclisinin sədri K.Jakupov, Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın və müşahidəçi qismində Macarıstan Milli Assambleyasının sədr müavini xanım Marta Matray iştirak ediblər.

İclasa, həmçinin TürkPA-nın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, o cümlədən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri də qatılıblar.

Dekabrın 3-də keçirilmiş Assambleya Şurasında dörd ölkənin parlament spikerləri bir araya gəlib, ikinci gün isə TürkPA-nın plenar iclası baş tutub. Assambleya Şurasının iclasında sədrlik Azərbaycan Milli Məclisindən Qazaxıstan Məclisinə keçib. K.Jakupov Azərbaycan parlamentarilərinə TürkPA-nın sədrliyi müddətindəki fəaliyyətinə görə minnətdarlığını bildirib.

İclas zamanı Azərbaycan Milli Məclisinin sədri O.Əsədov, Qazaxıstan Məclisinin sədri K.Jakupov, Qırğızıstan Joqorku Keneşinin sədri A.Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmet Kahraman türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfələrə görə medalla təltif ediliblər.

Assambleya Şurası və plenar iclasın gündəliyinə TürkPA-nın illik fəaliyyət hesabatı, daimi komissiyalara namizədlərin, eləcə də Komissiyaların illik fəaliyyətinə dair tövsiyə qərarları və hesabat məruzələrinin təsdiq edilməsi, üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının məruzələri kimi məsələlər daxil edilib.

İclas Astana Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşıb.

Parlament nümayəndələri Qazaxıstanın Birinci Prezidenti gününə həsr edilmiş sərgidə və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsləri haqqında ekspozisiyalarda iştirak ediblər.

TürkPA-nın növbəti - 7-ci plenar iclasının 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb. 

Aktual.az

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR