Doqquz yaşında universitet məzunu olacaq qız Ginnesin Rekordlar Kitabına daxil ediləcək

Doqquz yaşında universitet məzunu olacaq qız Ginnesin Rekordlar Kitabına daxil ediləcək

Eyndhoven Texniki Universitetinin 20 yaşlı tələbələri arasında Loren adlı qızcığazı görənlər onu müəllimlərdən birinin uşağı hesab edir. Lakin o, yaxın günlərdə təhsilini başa vuraraq ən gənc universitet məzunu olacaq və elektrik mühəndisi ixtisasına yiyələnəcək.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, "Eyndhoven Daqblad" qəzetində dərc olunmuş məqalədə 9 yaşlı Lorenin gələn ilin martında bakalavr dərəcəsi alacağı gözlənilir. Hazırda dünyanın ən gənc universitet tələbəsi olan qızcığaz 10 yaşında ABŞ-dakı Alabama Universitetinin məzunu olmuş Maykl Kerninin rekordunu təzələyərək Ginnesin Rekordlar Kitabına daxil ediləcək.
Belçikanın Ostend şəhərində dünyaya gələn Loren Simons 6 yaşında lisey təhsilinə başlayıb. Atası deyir ki, hələ ana bətnində olarkən bu uşağın beynində yanlış bir şeylər baş verib, amma bu dəyişiklik müsbət istiqamətdə olub. IQ səviyyəsi 145 olan Loren məktəbdə darıxdığı üçün Amsterdam Universitetinin tibb fakültəsində tədqiqat layihəsində iştirak edib. O, 8 yaşında Belçikanın Brüqqe şəhərində riyaziyyat üzrə lisey diplomu alaraq ailəsi ilə Hollandiyaya köçüb. ABŞ-dakı Stenford və Fairfield universitetlərinin istedadlı uşaqlar üçün kurslarına qatılan qızcığaz oxuduğu hər yerdə ən balaca tələbə olub. Təhsil aldığı 3 il ərzində universitet diplomu alacaq Loren başqa tələbələrin 10 həftədə yazdığı mövzunu bir həftə müddətində bitirə bilir.
Loren universitetdən kənarda normal uşaq həyatı yaşayır. Onun həftə sonunda ən sevimli əyləncəsi nənəsinin itləri ilə oynamaqdır. Tələbə yoldaşları özündən yaşca böyük olduğu üçün onlarla birlikdə idmanla məşğul olmur.
Eyndhoven Texniki Universitetinin professoru Piter Baltus qeyd edir ki, 20 yaşlı tələbələr arasında Loreni görmək ilk vaxtlar ona qəribə gəlib. "Lakin bir müddət sonra əmin oldum ki, ünsiyyət zamanı qızcığaz digər tələbələrdən daha üstündür. Bəzən onun 9 yaşı olduğunu unuduram", -deyə professor vurğulayıb. Onun sözlərinə görə, Loren inanılmaz beyin quruluşuna malikdir və bilikləri ağlasığmaz sürətlə mənimsəyir. Professor əlavə edib ki, onun yaddaşı fotoqrafik hafizədən də üstündür və yeniyetmə tələbələr bu səviyyəyə çata bilməzlər.
Xəbər 100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR