Dekanın öldüyü klinikanın sahibi həbs edildi – Şok fakt

Dekanın öldüyü klinikanın sahibi həbs edildi –   Şok fakt

Bu gün BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı “Medi Sina” klinikası haqda məhkəmə qərarının icrasına başlanıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun mənəvi təzminatın ödənilməsi ilə bağlı çıxardığı qərara əsasən, Nəsimi rayon Məhkəməsinin icra məmurları sözügedən klinikada olublar.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, prosesdə şahid kimi zərərçəkənin hüquqi nümayəndəsi Anar Niftəliyev də iştirak edib.

Məlum olub ki, 2013-cü ildə sentyabrın 20-də anestezioloq həkimlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində dünyasını dəyişmiş E.Tofiqqızının ölümündən sonra klinika bağlanıb. 2013-cü ildə klinikanın bağlanması “pasient müraciətinin olmaması” ilə izah edilsə də, bu gün əsl səbəb üzə çıxıb.

Qeyd edək ki, 2014-cü ildə Bakı şəhər Prokurorluğunda aparılan istintaq zamanı adıçəkilən klinikanın sahibi Müğdət Həşimovun ölkəni tərk etdiyi məlum olmuşdu.

Vergilər Nazirliyi tərəfindən klinikada aparılan audit yoxlaması zamanı isə müdhiş faktlar ortaya çıxıb. İstintaq müəyyən edib ki, M.Həşimov klinikanın həmtəsisçisi olan ölkənin üç iri sahibkarından külli-miqdarda götürdüyü vəsaiti təyinatı üzrə xərcləməyib.

Belə ki, Müğdət Həşimov təsisçilərin yığıncağında “Medi Sina” klinikasının ən müasir və yüksək səviyyəli avadanlıqlarla təchiz edildiyini əks etdirən qəbz, qaimə və malların alış sənədini təqdim edib və külli miqdarda vəsaitin silinməsinə nail olub. Ancaq audit yoxlaması üzə çıxarıb ki, klinika rəhbəri maxinasiyaya yol verib. O, hətta 11 il əvvəl - 2004-ci ildə müasir standartlara cavab vermədiyi üçün Səhiyyə Nazirliyi tərəfindən istifadədən çıxarılmış köhnə tibbi avadanlıqları “yeni və müasir” adı ilə sənədləşdirərək, bu sahəyə yad olan sahibkarlara təqdim etməyi bacarıb. Həmçinin digər bütün avadanlıqların da alınmasında eyni hal təkrarlanıb.

Sahibkarlar audit yoxlamasından sonra aldadıldıqlarını və əslində, xərclədikləri vəsait müqabilində klinikanın heç də müasir səviyyədə olmadığını başa düşüblər və Baş Prokurorluğa müraciət ediblər. M.Həşimov dələduzluq faktının aşkara çıxmasını anladığı üçün ölkəni tərk edib.

Ancaq hüquq-mühafizə orqanlarının operativ əməliyyat-axtarış tədbirləri nəticəsində klinika rəhbəri ölkəyə gətirilərək həbs edilib. Hazırda həbsdə olan M.Həşimovun dələduzuq yolu ilə üç sahibkardan ümumilikdə 1 milyon dollar mənimsədiyi müəyyən edilib. Klinikanın köhnə avadanlıqları M.Həşimova verilib və mənimsədiyi vəsaitin qaytarılması üçün onun bütün əmlakına həbs qoyulub.

Yada salaq ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə keçən məhkəmə 30 iyul 2015-ci il tarixdə qərar çıxarıb. Qərara əsasən, E.Tofiqqızının əməliyyatında iştirak edən və onun ölümünə bilavasitə və dolayısı ilə səbəb olan həkim-onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiri), assistent Fərəcullah İdrisov (Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ümumi cərrahiyyə şöbəsinin həkimi) və anestezioloq Firuz İbrahimov (o, artıq həbs edilib) mənəvi məsuliyyətə cəlb edilib və ümumilikdə 22 min manat cərimələniblər. Həmçinin sözügedən məhkəmə qərarı ilə 20 min manat həcmində mənəvi məsuliyyətə cəlb edilən “Medi Sina” klinikası barədə cinayət işi açıqlaraq, Baş Prokurorluğa göndərilib, klinikanın əmlakına isə həbs qoyulub.

Çıxarılan qərarda yalnız mənəvi məsuliyyətin əhatə edildiyi, maddi məsuliyyətin müəyyənləşməsi üçün zərərçəkənin hüquqi varisinin istənilən vaxt məhkəməyə müraciət etmək hüququnun olduğu xatırladılıb.

Vurğulayaq ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə E.Tofiqqızının ölümünə məhz həmin klinikada keçirilən əməliyyatda səbəb olmuş 1 saylı Şəhər Klinik Xəstəxanasının həkim-anestezioloqu Firuz İbrahimov məhkəmə zalındaca həbs olunub. Onun barəsində 2, 5 ikl həbs cəzası çıxarılıb.

Cərrah Mahir Məmmədov Müdafiə nazirinin əmri ilə cəzalandırılıb və rütbəsi polkovnik-leytenantdan mayora endirilib, assistent Fərəcullah İdrisov barəsində isə Bakı Şəhər Baş Polis İdarəsində 29.178.1 maddəsi ilə cinayət işi qaldırılıb. 

Xəbər 1491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR