“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək - Bəxtiyar Məmmədov

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək - Bəxtiyar Məmmədov

Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb. Görülən işlər gələcəkdə qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və "Qırmızı xətt” üzrə altı vaqonlu qatarların hərəkətinin təşkilinə imkan yaradacaq.

Aktual.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, dalanda aparılan yenidənqurma işləri Bakı Metropolitenində qatarların hərəkətinin təşkili baxımından mühüm yenilikdir.

"İlk növbədə onu qeyd edim ki, media və ictimaiyyət nümayəndələri üçün təqdimat başa çatdıqdan sonra əraziyə gərginlik veriləcək. Sərnişinlərimiz gün ərzində qatarların dalana daxil olub-çıxmasını müşahidə edə biləcəklər”, – deyə B.Məmmədov bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə bütün infrastruktur üzrə sınaq və tənzimləmə işləri aparılacaq. Bu işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bundan sonra Bakı Metropoliteninin müvafiq elanına əsasən, "İçərişəhər” – "Həzi Aslanov” istiqamətində qatarların hərəkəti bərpa olunacaq.

O bildirib ki, yenidən qurulan dalanın istismara verilməsi qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və nasazlıq yaranan qatarların qısa müddətdə xəttdən çıxarılmasına şərait yaradacaq.

"Nasazlıq yarandıqda qatarın sərnişinləri gözlətmədən və digər böhran vəziyyətlərinə yol vermədən qısa müddətdə xəttdən çıxarılması mümkün olacaq. Həmçinin gördüyünüz ərazidə qatarların kiçik təmir işlərinin aparılması da nəzərdə tutulur. Bütün bunlar xidmət səviyyəsinin yeni mərhələyə yüksəlməsinə imkan verəcək”, – deyə B.Məmmədov vurğulayıb.

B.Məmmədov qeyd edib ki, 2024-cü il noyabrın 30-dan başlayan əsaslı təmir işləri dövründə qatarlar "Həzi Aslanov” – "Əhmədli” stansiyaları arasında məkik rejimində hərəkət edirdi. Yenidənqurma işləri başa çatdıqdan və müvafiq elan verildikdən sonra isə qatarlar "Həzi Aslanov” stansiyasından ümumi xətt üzrə hərəkət edəcək.

"İş günlərində günün pik saatlarında qatarların hərəkəti iki dəqiqəlik intervalla tənzimlənəcək. Digər vaxtlarda isə intervallar iki dəqiqə 30 saniyədən çox olmayacaq”, – deyə o əlavə edib.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, yenidən qurulan dalan infrastrukturunun əsas xüsusiyyətlərindən biri dəmir yollarının dörd yoldan ibarət olması və əvvəlki ilə müqayisədə 20 metr uzadılmasıdır. Bu dəyişiklik gələcəkdə "Qırmızı xətt” üzrə altı vaqonlu qatarların hərəkətinin təşkili üçün zəmin yaradır.

Onun sözlərinə görə, "Həzi Aslanov” stansiyasının dalanında işlərin başa çatdırılması ilə yanaşı, "İçərişəhər” stansiyasının arxasında da dönmə kamerası inşa olunur. Həmin kameranın da altı vaqonlu qatarları qəbul etmək imkanına malik olması nəzərdə tutulur.

"Beləliklə, xəttin həm əvvəlində, həm də sonunda müvafiq infrastruktur qurulur. Qarşıdakı dövrdə qatarların hərəkətini təmin edən sistemlərin tənzimlənməsi və stansiyaların infrastrukturunun altı vaqonlu qatarları qəbul etməsinə uyğunlaşdırılması istiqamətində tədbirlər görüləcək. Nəticədə gələcəkdə Bakı Metropoliteninin ‘Qırmızı xətti’ altı vaqonlu qatarları qəbul edə biləcək”, – deyə B.Məmmədov bildirib.

O xatırladıb ki, Bakı Metropoliteni 1967-ci ildə fəaliyyətə başlayanda üç vaqonlu qatarlar istismar olunurdu. 1970-ci illərdə dörd, 1980-ci illərdə isə beş vaqonlu qatarların hərəkətinə keçilib.

"Bu tarixi yeniliyin zərurət yarandığı təqdirdə sərnişinlərin rahatlığının daha yüksək səviyyədə təmin olunmasına imkan verəcəyinə əminəm”, – deyə o qeyd edib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, "Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin yeni tikinti yanaşması əsasında aparılması infrastrukturun davamlılığını və etibarlılığını artıracaq. Bu da sərnişinlərə daha keyfiyyətli xidmət göstərilməsi üçün yeni imkanlar yaradacaq.

O bildirib ki, yenidən qurulan dalanın istismara verilməsi qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və nasazlıq yaranan qatarların qısa müddətdə xəttdən çıxarılmasına şərait yaradacaq.

"Nasazlıq yarandıqda qatarın sərnişinləri gözlətmədən və digər böhran vəziyyətlərinə yol vermədən qısa müddətdə xəttdən çıxarılması mümkün olacaq. Həmçinin gördüyünüz ərazidə qatarların kiçik təmir işlərinin aparılması da nəzərdə tutulur. Bütün bunlar xidmət səviyyəsinin yeni mərhələyə yüksəlməsinə imkan verəcək”, – deyə B.Məmmədov vurğulayıb.
Xəbər 78 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR