Bu şəxslər Azərbaycan vətəndaşlığını itirəcək

Bu şəxslər Azərbaycan vətəndaşlığını itirəcək

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qeyd edək ki, layihəyə əsasən, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilir. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1), Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan
vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Konstitusiyanın 53-cü maddəsinə əsasən, kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır.

Vitse-spiker Z. Əsgərov bildirib ki, Konstitusiyanın 53-cü maddəsinə görə heç kəs heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz: “Burada da söhbət vətəndaşlıqdan məhrumetmədən getmir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsində də vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir”.

Ə. Hüseynli də qeyd edib ki, söhbət vətəndaşlıqdan məhrumetmə yox, vətəndaşlığın itirilməsindən gedir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR