"Azərbaycan Türkiyəyə 20 milyard sərmayə qoyacaq" - İlham Əliyev


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə təşəkkür edirəm".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan erməni işğalından əziyyət çəkir: "Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıb.

BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalıb. Bu və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur".

Prezident İlham Əliyev bildirib ki, baş nazir Əhməd Davudoğlu ilə görüşdə Azərbaycan və Türkiyəni birləşdirən enerji-nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparıblar: "Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. Layihə Türkiyə və Azərbaycanın ortaq layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. Layihənin icrasında heç bir problem yoxdur. Bu gün bu məsələni bir daha müzakirə etdik. Əminəm ki, vaxtında-2018-ci ildə, bəlkə də ondan da tez bu layihə icra ediləcək. Beləliklə Azərbaycan Türkiyəyə, ondan sonra Avropaya daha böyük həcmdə təbii qazı ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxışı əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər. Azərbaycanın çox zəngin təbii qaz yataqları var".

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kub metrdir: "Bizim əsas resurs bazamız "Şahdəniz" layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var. Bizim əsas ixrac yolumuz da artıq bəllidir, bu Türkiyədir. Türkiyə üzərindən digər Avropa ölkələridir. Məmnunam ki, bununla bərabər qarşılıqlı sərmayə qoyuluşu da uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaq. O sərmayənin artıq bir hissəsi qoyulub. Bu bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər".

Prezident vurğulayıb ki, Azərbaycan və Türkiyə bütün digər sahələrdə də, o cümlədən humanitar sahədə sıx əməkdaşlıq edir: "Hərbi sahədə də çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, hərbi təlimlərdə keçirmişik. Həm Türkiyədə, həm də Azərbaycanda. Bu bir daha bizim birliyimizi nümayiş etdirir, bizim gücümüzü artırır. Bu gün həm regional işlərdə, həm də Avropada gedən proseslərdə hər iki ölkə ciddi faktor kimi mövcuddur. Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında Türkiyənin artan rolu qardaş və dost ölkə kimi bizi çox sevindirir. Biz gücümüzə güc qatırıq. Bu əsas məsələdir. Bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək və bir birimizin yanında olacağıq".

Xəbər 687 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR