“Zakir Həsənovun başı sələfi kimi pul “paçka”larını rezinləməyə qarışmayıb” – Elşən Musayevdən şok sözlər!

“Zakir Həsənovun başı sələfi kimi pul “paçka”larını rezinləməyə qarışmayıb”   – Elşən Musayevdən şok sözlər!

Partiya sədri: “Müharibə günü sabah başlaya bilər”

 
 
 
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlandığı dəqiqdir: artıq diplomatik həmlələr estafeti müharibə ritorikasına verib. Kritika məhz indi başlayır. Bəlkə də əsl döyüş.
 
 
Əvvəllər belə idi: Qərb və Rusiya üçün “cəbhə xətti”, “münaqişə” anlayışı yalnız spekulyativ xarakter daşıyırdı. Kimi (Azərbaycan və Ermənistan tərəfdən) cəzalandırmaq istəsələr, bu təzyiq metodu dərhal dövriyyəyə buraxılırdı. Hətta lazım gələndə eyni adlı estafet daha dərinlərə, üst pillələrə, daxili siyasətin qırmızı xətt keçidinə qədər irəliləyirdi. Məsələn, Ermənistan parlamentindəki müdhiş qətliam və ya ADNA-da düzənlənən planlı terror formasında.
 
 
Zaman isə çox məqama aydınlıq gətirdi: Madrid Prinsipləri işləmədi. Moskva Bəyannaməsi kağız üzərində qaldı. BMT-nin qətnamələri urvatsız edildi. 7 rayonun geri qayıtma utopiyası hər iki xalqın beyin süzgəcindən keçmədi. ATƏT-in Minsk Qrupu son 10 ilini problem həllindən çox yeyib-içmək məclislərinə həsr elədi.
 
 
Və... mövzu elə beləcə də dalana dirəndi. Qərblə Rusiyanın caynağında. Dartışma nöqtəsində.
 
 
Rəsmi Moskva mövzu ilə bağlı mizanı dəqiq kökləyib: Məsələn, Azərbaycan tərəfi bir pilotsuz (ya da pilotlu) helikopter vurur, səhəri gün Ermənistan Rusiya ilə hansısa müasir hərbi texnikanın mübadiləsini edir. Müdafiə nazirimiz sərt bəyanat verir, anındaca Sarkisyanın Kremldə rəsmi qəbulu başlayır. Diplomatik xətdə, ələlxüsus da Qərbin əl qoyduğu Beynəlxalq Təşkilatların tribunasında ixtiyari bir uğura imza atırıq, məqamındaca – saniyəbəsaniyə ya Şahbazın ödündə daş peyda olur ya da Dilqəmin ailəsinə yazmış olduğu sentimental məktub tirajlanır.
 
 
Hər halda təsadüfün bu qədəri olmaz...
 
Qərb isə saxta demokratiya fəlsəfəsini balon şarı formasına salıb ölkələr üzərindən uçurur. Ağzını ayırıb baxanlar əlində və cibindəkilərdən də olurlar. Özündə təpər tapıb havaya yüksələnlər isə sadəcə göydən yerə çırpıldıqları nöqtəni xatırlayırlar. Eynən Ukrayna və Gürcüstan kimi.
 
Və əslində İran mövzusunu ortalığa atmağın, müzakirə predmeti etməyin özü də ikibaşlı oyundur. Ələlxüsus, Dağlıq Qarabağla ilgili: Rusiyanın regionda rolu zəifləyəcək, Azərbaycan şimal qonşusu ilə bir az daha məsafəli davranacaq, Qərbin ideoloji maşınından çıxan demokratiya doktrinaları Merkel və Ollandın ağzından, Avropa İttifaqının, BMT -nin bacasından çıxıb etalona, meyara çevriləcək və s ilaxır...
 
 
Əlqərəz, yekə bir nağıl.
 
 
***
 
 
Manipulistlərin ən böyük baş bəlası isə hazırda Zakir Həsənovdur. Gerçəkdən. Bunu artıq özləri də etiraf edirlər. Bütün dairələrdə. Üstəlik, ittiham formasında. Elə bu yaxınlarda mənim də qatılmış olduğum yüksək səviyyəli tədbirlərin birində - erməni lobbisinin əlində girinc qalan avropalı diplomatın müdafiə nazirimiz haqda dedikləri heyrətamiz idi: “Azərbaycanın yeni naziri islah olunacaq biri deyil. Onun gəlişindən sonra münaqişə zonasındakı narahatlıq əhəmiyyətli dərəcədə artıb”.
 
 
Əlbəttə, belə deyəcəksiz. Hətta deməlisiniz. Çünki Zakir Həsənov tər-təmiz Azərbaycan qanı daşıyır,  Rusiyadan və Qərbdən üzərimizə boylanan hansısa avantüristin, “day - day”ın diqtəsi ilə işləmir, sadəcə ölkə Prezidentinə tabedir, başı “neqodnıy”, “kontur”, “yerdəyişmə” alverinə qarışmayıb, öz dilində rahatca söhbət, mükalimə, məruzə edə bilir. Və ən əsası da... sələfi kimi pul “paçka”larını rezinləmə, biznes obyektlərini ard-arda sıralama “hava”sına deyil, tamamən döyüş əhval-ruhiyyəsinə köklənib!
Bundan böyük narahatlıq?!
 
 
***
 
 
Hələ o gün Venesiya Komissiyasında lülə qurudan bir özündənmüştəbeh hüquqşünas görün nə buyurub: “2009-cu ildə Azərbaycan Konstitusiyasının bəzi müddəalarının Referendum üzərindən yerdəyişməsi, daha dəqiqi - onlar üzərində aparılan islahatlar (düzəlişlər) seçki dönəmi vaxtı müharibə şantajına hesablanıb”
 
 
Oysa, adama soran gərək:  Siz o “referendum müddəaları”nı tərsinəmi oxudunuz, yoxsa oxuduğunuzu   qavramaq üçün peşəkarlığınız, səriştə səviyyənizmi yetmədi?!
 
 
Mövcud situasiya ilə bağlı Azərbaycan Konstitusiyasının yeni redaktədəki halı özündə bu məqamı ehtiva edir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonuna qədər uzadılır”.
 
 
Müddəanın təfsilatlı açması da budur: “Ölkənin minimum üçdə iki ərazisində döyüşlər vüsət almalıdır ki, seçki keçirilməsin”. Lap loru anladım da edək: “Müharibə fikrimiz olsa kimsəyə, ələlxüsus da sizlərə hesab verməyəcək, hansısa bəhanəyə sığınmayacaq qədər sərbəstik!”
 
 
***
 
 
Zatən proses də ona gedir. Dövlət gərilib. Tam bir partlama, tarım nöqtəsindədir.
 
 
Düzdür, rəqibin erməni deyil, rus olduğunu fərq etməyəcək qədər sadəlövh deyilik. Fəqət, çarə qalmayıb. Dünyanı idarə edən fövqəlgüclərin, başı papaqlı “ağsaqqallar”ın, demokratiya libasında diktator çəliyi ilə gəzən hegemonların “sayəsində” - çarə qalmayıb. Bütün diplomatik kodeksləri, Konvensiya müddəalarını, Beynəlxalq hüququn ana prinsiplərni çeynəyib, ayaq tapdağı edənlərin ucbatından – çarə qalmayıb!
 
 
Dövlət başçısı və ölkə generalitetinin son bəyanatları da hədəfi açıqca göstərir: Müharibə qaçılmazdır.
 
 
Hətta o qədər qaçılmazdır ki, günü sabah belə başlaya bilər...
Xəbər 6460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR