Xalq artisti: “Eşidən kimi “TikTok”a girdim, ölüm xəbərimi oxudum...”

Xalq artisti: “Eşidən kimi “TikTok”a girdim, ölüm xəbərimi oxudum...”

Bir neçə gün əvvəl "TikTok”da Xalq artisti Bilal Əliyevin ölüm xəbəri yayılmışdı.

Sosial şəbəkədən ölüm xəbərini oxuduğunu deyən müğənni Qaynarinfo-ya müsahibəsində bunun qəsdən, xüsusi adamlar tərəfindən edildiyini deyib və bəzi başqa mətləbləri açıb.

- Görürsünüz də, vicdansız adamlar var, ölməyən, həyatda olan adam haqqında birdən-birə yalan məlumat yaymaq və onun yaxın adamlarını narahat eləmək nə qədər vicdansız hərəkətdir. Səhər tezdən böyük qardaşım ağlaya-ağlaya zəng edib, dili-dodağı əsir. Belə şeylər olmaz. Ölümümü sosial şəbəkədə yayıblar. Dostlarım eşidib, narahat olub. Eşidən kimi özüm də  "TikTok”a girdim, ölüm xəbərimi oxudum. Xəbərin altından yazdım ki, siz nə qədər vicdansız adamlarsınız.

- Vəziyyətdən necə çıxdınız, hər halda bu sizə psixoloji təsir göstərib?

- Qardaşıma, dostlarıma dedim ki, narahat olmayın, hansısa şərəfsiz, namussuz, oğraş, vətəninə xəyanət edən bir insandır, yazıb, mən nə bilim haranın itidir. O insanın nə atasından xəbəri var, nə də anasından. Məlumat mənə təsir etmədi, çünki yalandır. Amma məni sevənlər, heyranlarım, dinləyicilərim, dostlarım, doğmalarıma çox pis təsir edib. Yaxınımda olanlar bildilər ki, belə bir şey yoxdur, hamı zəng edib, əlaqə saxlayırdı. Telefonum susmadı. Bu böyda insanı aldatmaq hansı insanlığa sığar! Nə yaxşı qardaşımın internetə girişi olan telefonu yoxdur, yanında balaca bir telefon gəzdirir. Ona gəlib deyiblər ki, Bilal Əliyev rəhmətə gedib. Təsəvvür edin, həmin anda insan necə olar? Özü də o qardaş ki, ona bütün qayğıları mən göstərirəm. Bir yandan da fikirləşir ki, hər şeydən, bütün qayğılarımdan oldum, mən həyatda nə edəcəm, necə yaşayacam? 

- Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri mədəniyyət, teatr və konsert salonları oldu. Toy-nişan, hətta konsert məkanlarına girişə yasaq qoyuldu, demək olar ki, gəlir gələn yerləriniz qapandı, bəs necə dolandınız?

- Mənim belə bir xasiyyətim var, atdığım bütün addımları əvvəl yoxlayıb, sonra atıram ki, haradasa büdrəməyim, yıxılmayım. Həyatım boyu qazancımın bir hissəsini yeyəndə bir hissəsini saxlamışam. Fikirləşmişəm ki, bəlkə sabah pul qazana bilməyəcəm, bəlkə xəstələnəcəm, bəlkə hansısa bir hadisə olacaq, bəlkə səsim batacaq. Bunların hamısını düşünürdüm ki, sabah dara düşəndə acından ölməyim, kiməsə möhtac qalmayım. Şükür olsun Allahın böyüklüyünə, mənim bu pandemiyada heç problemim olmadı. Deyim ki, gözəl yaşadım, yox, amma hamı kimi vəziyyətdən çıxmağa çalışdım, ölmədik.

- Artıq toylarla bağlı yasaq aradan qaldırılıb. Toylara dəvət aldınız, yoxsa hələ dəvət gözləyirsiniz?

- Toylar başlamamışdan bir həftə öncə mənə şadlıq evlərindən zəng etdilər. Bəzi şadlıq evləri ilə bağlı müqavilələrimiz var. Dedilər ki, restoranlara gələn müğənniləri yoxlayacaqlar, əgər iynə vurdurmasalar, cərimə olunub, toylara buraxılmayacaqlar. Ona görə də toyların başlanmasına bir neçə gün qalmış iynəmi vurdurdum. Bir gün də boş qalmadım, hər gün toyda idim, gün ruzisi qazanırdıq. Məhərrəmlik girənə kimi toylarda oxudum.

- Hər kəs sizi toyların "ən bahalı müğənni”si kimi tanıyır. Vaxt vardı, toylara 100-150 minə getdiyinizi açıqlamışdınız. Pandemiya toy qiymətinizə təsir edib?

- Bir vaxt Azərbaycanda elə bir vəziyyət yaranmışdı ki, bəzi müğənnilər 8-10 minə, hətta 12 minə toya gedirdilər. Bilirdim ki, belə insanların bəziləri düzgün yolda deyillər. Onların hansı yollarla pul qazandığını bilirdim, hətta bəzən bunu görürdüm də. O yollar mənə çox uzaqdır, yaddır. Ancaq mən həmişə deyirdim ki, onların hansı yolla pul qazanmağı mənim nəyimə lazımdır. Nə edirlər, özləri bilər, bir də Allahları. Ancaq bəzi hallarda görürdüm ki, həmin insanlar qurdluq edirlər, bəzi adamlar vasitəsi ilə kimlərəsə sataşırlar. Bax, indi necə heç nədən yazıblar ki, Xalq artisti Bilal Əliyev rəhmətə gedib, o vaxtlar da beləcə gəlib sataşırdılar.

- Sataşıb nə deyirdilər?

- Deyirdilər ki, filankəs toya 10 minə, filan müğənni isə12 minə gedir, məni qıcıqlandırırdılar. Heç vaxt onların xətrinə dəymək istəmirdim, ancaq görürdüm ki, onlar insanlıqdan uzaqdılar. Vicdanları olsa, heç bunu mənə deməzlər, kiminsə qazancı mənim nəyimə lazımdır, nə qazanıramsa, Allah bərəkət versin. Ona görə düşündüm ki, onların hamısının qarsısna bir sədd çəkməliyəm və çəkdim də. Əsəblərimin bu tarım vaxtında jurnalistlərin biri yaxınlaşdı ki, filan müğənni toya 15 minə gedir, bəs siz? Dedim ki, o 15 minə gedirsə, mən toya 100 minə gedirəm. 100 min dollar məsələsi belə qaynaqlandı. Ancaq bu açıqlamam da işimə yaradı, mənə xeyli dəvətlər gəldi. 

- Necə?

- Ardı-ardınca telekanallardan dəvət gəldi ki, bəs belə bir açıqlama vermisiniz. Dedim ki, bəli, mən toylara 100 minə gedirəm. Bu pulu versələr, toya gedəcəm, verməsələr getməyəcəm. Elə orada studiyada olanda telefonuma zəng gəldi. Götürdüm, Soçidən bir nəfər məni oğlunun toyuna dəvət elədi. Dedi ki, hesab nömrəni de, 95 min dollar keçirirəm. Bundan 20 gün keçəndən sonra İrandan bir toy dəvəti aldım - 120 min dollar verdilər. İngiltərədən bir nəfər yubileyini keçirdi, hesabıma 60 min paunt köçürdü. Həmin açıqlamamın mənə xeyiri çox oldu. Ondan sonra Rusiyadan ard-arda dəvətlər alırdım, 80-90 minə, qazandım. Ordan qazansam da Azərbaycanda cüzi pula kasıb adamların toyunda oxuyurdum. Məni kim dəvət edirdisə, yox demirdim, gedib oxuyurdum. Biri 500, biri 1000, digəri 3 min verirdi. Deməzdim ki, yox bu azdır, filan qədər istəyirəm. Qazanırdım və həmin pulu yığırdım. Pandemiya dövründə 1 il 3 ayda toylar ki olmadı, ac qalmadım, ayaq üstə dayandım. Hətta nə qədər kasıb adamlara əl tutdum.

- Pandemiyada xeyriyyəçilik edən müğənni kimi tarixə düşdünüz?

- Bəli, ailəmizdə 70 adamı dolandırdım. Pulsuz qalırdılar, zəng edib deyirdilər ki, Bilal müəllim, incəsənət adamları bir-birinə kömək edir, biz qohumuq, yaxınıq, bacı, yeznə, qayın, əmi, dayı, bibi uşaqları, hamısı dəstək istəyirdi.  Bacardığım qədər kömək etdim.  

- Sentyabrın 15-i yeni mövsüm başlayır. Operatıv Qərargahdan nə gözləyirsiniz? Sizcə, Baş nazir konsert salonlarının açılması ilə bağlı qərar verəcək?

- Əgər ağılımız varsa, bir az qanunlara uymalıyıq, riayət etməlyik, çox pul ardınca qaçmamalıyıq. Əleyhinəyəm. İnsanlar kütləvi toy ardınca qaçmasınlar. Az adamla da evlənmək olar. Hətta sadə yolla da kəbin kəsdirmək olar. Kütləvi toy edib, insanları xəstələndirmək kimə xeyir verər? Ziyandır, insan ölümü olur, qırılırlar, belə şeyə yol verməyək. İstəyərdim ki, insanlar kütləvi şəkildə bir yerə yığılmasınlar, nəinki toy, nəinki konsert salonlarında, metroda da məsafə saxlasınlar, qorunsunlar.
Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR