Tarixi Zəfər Birinci Qarabağ müharibəsində aldığım yaralara məlhəm oldu. Digər döyüşçü yoldaşlarım kimi güllə və qəlpə yaraları aldım. Lakin ən ağır yara Vətən yarası oldu. Bu yara illərlə ürəyimizdə qaldı. Torpaqlarımız işğal altında qaldıqca Qarabağ həsrəti də bizimlə yaşadı.
Birinci Qarabağ müharibəsindən sonra keçən illər yaddaşımızda ağır izlər buraxdı. Şəhidlərimizin xatirəsi, itirilən torpaqlar, doğma yurdlarından ayrı düşən insanlar, yarımçıq qalan arzular Qarabağ məsələsini həyatımızın ayrılmaz hissəsinə çevirdi. Döyüşçü üçün ən ağır hiss torpağın azadlığını görmədən yaşamaqdır. Bədən yarası sağala bilər. Vətən yarasının sağalması üçün isə Vətən torpağının azadlığı lazım gəlirdi.
Bu uzun yol dövlət quruculuğu və ordu quruculuğu ilə müşayiət olundu. Azərbaycan Ulu öndər Heydər Əliyevin böyüklüyü ilə iqtisadi və hərbi imkanlarını artırdı, beynəlxalq mövqelərini möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası əsas istiqamətlərdən biri kimi qorundu. Güclü ordu yaradıldı, müdafiə sənayesi inkişaf etdirildi, hərbi imkanlar genişləndirildi, Azərbaycanın haqq mövqeyi beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə olundu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi uzun illərin gözləntisini hərbi Zəfərə gətirdi. Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müharibə hərbi əməliyyatlarla yanaşı ciddi siyasi və diplomatik mübarizə ilə müşayiət olundu.
Prezident İlham Əliyevin müharibə günlərində verdiyi müsahibələr, beynəlxalq media qurumlarına açıqlamaları, dövlət və hökumət başçıları ilə apardığı danışıqlar Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Döyüş meydanında əldə olunan hər uğur diplomatik müstəvidə də Azərbaycanın mövqeyini daha da gücləndirdi.
44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və çoxsaylı yaşayış məntəqələri azad edildi. 8 noyabrda Şuşanın azad olunması Zəfərin ən böyük səhifələrindən birini yazdı. Ordumuzun qəhrəmanlığı, xalqın həmrəyliyi və Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi.
Bu Qələbə bir gündə yaranmadı. Bunun arxasında illərlə aparılan ordu quruculuğu, iqtisadi inkişaf, müdafiə imkanlarının gücləndirilməsi, hərbi sənayenin inkişafı və diplomatik fəaliyyət dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu siyasət Azərbaycanı 2020-ci ilin savaşına daha güclü dövlət kimi gətirdi.
Müharibənin siyasi tərəfi də döyüş meydanı qədər ciddi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycanın hüquqi və siyasi mövqeyini müdafiə etməsi, xarici media qurumlarına verdiyi müsahibələrdə işğalın nəticələrini və Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etməsi informasiya mübarizəsinin mühüm istiqamətlərindən birini təşkil etdi. Azərbaycan həm səngərdə, həm diplomatik masada öz haqqını müdafiə etdi.
2020-ci ilin noyabrından sonra qarşıda yeni vəzifələr yarandı. Ərazi bütövlüyümüzün bərpasından sonra dövlət suverenliyinin bütün ərazidə tam təmin olunması əsas məsələyə çevrildi. Silahlı Qüvvələrimizin gücləndirilməsi davam etdirildi, strateji mövqelər nəzarətə götürüldü, sərhədlərin təhlükəsizliyi möhkəmləndirildi.
2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri həmin prosesin həlledici mərhələsi oldu. 23 saat davam edən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bununla Birinci Qarabağ müharibəsindən sonra başlayan uzun və ağır tarixin ən mühüm səhifələrindən biri tamamlandı.
Birinci Qarabağ müharibəsində aldığım Vətən yarasının ağırlığını yaxşı bilirəm. Bu Zəfərin arxasında şəhidlərimizin qanı, qazilərimizin ağrısı, veteranlarımızın illərlə qoruduğu ümid və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.
Bu böyük Zəfərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin payı əvəzsizdir! Uzun illər ərzində Ordu quruculuğuna verilən diqqət, Azərbaycanın iqtisadi gücünün artırılması, müdafiə imkanlarının genişləndirilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, informasiya və diplomatik mübarizənin ardıcıl aparılması, 44 günlük müharibə zamanı qəbul edilən siyasi və hərbi qərarlar Zəfər yolunun əsas istiqamətlərini təşkil etdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Prezident İlham Əliyev isə Qələbənin siyasi və diplomatik nəticələrinin qorunması, Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə müdafiəsi və dövlət suverenliyimizin tam bərpası istiqamətində ardıcıl siyasət apardı.
Bu gün Qarabağda dalğalanan Azərbaycan bayrağı bizim üçün böyük bir tarixin canlı ifadəsidir. Həmin bayraqda Birinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi, qazilərimizin ağrısı, veteranlarımızın həsrəti, Azərbaycan əsgərinin qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin izi var.
İllərlə ürəyimizdə daşıdığımız Vətən yarası azad Qarabağda öz cavabını tapdı. Birinci Qarabağ müharibəsindən qalan ağrı 44 günlük Vətən müharibəsinin Zəfəri ilə yüngülləşdi, 19–20 sentyabr 2023-cü il antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam bərpası həmin tarixi yolun son nöqtəsini qoydu. Qarabağ azaddır. Azərbaycan bayrağı öz torpaqlarında dalğalanır. Vətən yarasının məlhəmi də elə budur.
Səxavəddin Sadıqov,
Ehtiyatda olan polkovnik,
Birinci Qarabağ müharibəsi iştirakçısı
Xəbər 118 dəfə oxunub.