Son 10 ildə Arktikada isinmə 137 ildə Yerin qalan hissəsində olduğundan çoxdur

Son 10 ildə Arktikada isinmə 137 ildə Yerin qalan hissəsində olduğundan çoxdur

Yeni tədqiqatın nəticələrinə, qütblərdə isinmə planetin qalan ərazisində olduğundan daha çoxdur.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, "Science Advance" jurnalında dərc olunmuş yeni tədqiqatın nəticələri Arktikanın necə sürətlə isindiyini göstərir və davam edən qütb isinməsinin qlobal fəsadlarını izah edir. Tədqiqatda bir sıra elm sahələri, o cümlədən təbiətşünaslıq, sosial və siyasi elmlər üzrə ixtisaslaşmış 15 alim iştirak edib. Onların qənaətinə görə, son on ildə Arktika 0,75 dərəcə, bütün planetin temperaturu isə son 137 ildə elə həmin səviyyəyə yaxın - 0,8 dərəcə Selsi isinib.
Tədqiqatın aparıcı müəllifi olan Erik Post bununla bağlı qeyd edib: "Son illərin iqlim dəyişiklikləri olduqca dramatikdir. Onlar növbəti on ildə necə isinmə baş verəcəyi barədə düşünməyə vadar edir".
Alimlərin proqnozlarına görə, növbəti 40 ildə Yer kürəsində ümumi temperatur səviyyəsi 2 dərəcə Selsi artacaq. Bunun nəticəsində Arktikada ilin bir neçə ayı ərzində temperatur 7 dərəcə, Antarktidada isə 3 dərəcə Selsi qalxacaq. Tədqiqatçılar qeyd edirlər ki, Arktikada isinmə vəhşi təbiətə, insan fəaliyyətinə, tundranın florasına, metan emissiyasına və bütün dünyada buzların əriməsinə təsir edəcək.
Lapland Universiteti Arktika Mərkəzinin elmi işçisi Bryus Forbsun qənaətinə görə, hazırda insanlar Arktikanın tamamilə dəyişməsələr belə, şübhəsiz ki, bu prosesin astanasındadırlar. Tədqiqatçı Rusiyanı misal gətirir: son illər ekstremal hava şəraiti qışda qarın üzərində buzlaşma olması səbəbindən şimal marallarının kütləvi qırılmasına, habelə bu heyvanların daimi buzlaqların əriməsi üzündən yaranan Sibir xorasından tələf olmasına gətirib çıxarıb.
İsinmənin əsas fəsadları qütb regionunun hüdudlarından kənara yayılır ki, bunun da səbəbi karbon qazı emissiyasının artmasıdır. Bu fəsadlar Arktika və Antarktikada buzlaqların əriməsin nəticəsində dəniz suyunun səviyyəsinin qalxması, habelə ekstremal hava şəraitinin yaratdığı yüksək risk dərəcəsi, anomal istilər və Şimal yarımkürəsinin bəzi hissələrində meşə yanğınlarıdır.
Tədqiqatçılar hesab edirlər ki, karbon qazının atmosferə emissiyasının azaldılması üzrə aktiv və operativ tədbirlər sayəsində yüksək enliklərdə, xüsusilə Arktikada isinməni gecikdirmək mümkündür.
Xəbər 2854 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR