Ödəniş terminalları vasitəsilə 500 manatdan artıq əməliyyatlar zamanı şəxsiyyətin təsdiqlənməsi tələbi gündəlik ödənişlərdə yeni çətinliklər yarada bilər. Xüsusilə bank hesabı, kartı və ya smartfonu olmayan vətəndaşların bu dəyişiklikdən necə təsirlənəcəyi müzakirə mövzusudur.
Aktual.az xəbər verir ki, mövzu ilə bağlı, bank-maliyyə eksperti Asif İbrahimov "Bakupost”a bildirib ki, bu tələbin əsas məqsədi maliyyə əməliyyatlarının şəffaflığını və təhlükəsizliyini artırmaqdır.
Onun sözlərinə görə, mexanizm anonim pul dövriyyəsinin məhdudlaşdırılmasına, şübhəli əməliyyatların izlənməsinə, çirkli pulların yuyulması və qanunsuz köçürmələrlə mübarizəyə xidmət edə bilər. Eyni zamanda, dələduzluq və digər maliyyə cinayətlərinin qarşısının alınmasına töhfə verə bilər.
Ekspert qeyd edib ki, Azərbaycanda bir çox vətəndaş kommunal xidmətlər, mobil rabitə, internet və digər gündəlik xərclərini nağd pulla, ödəniş terminalları vasitəsilə qarşılayır. Bank hesabı və ya kartı olmayan, mobil bankçılıqdan istifadə etməyən şəxslər üçün terminallar mühüm ödəniş vasitəsidir. Buna görə də yeni qaydanın tətbiqi zamanı bu kateqoriyadan olan insanların ehtiyacları nəzərə alınmalıdır.
Asif İbrahimovun sözlərinə görə, "MilliÖn” terminallarında 500 manatdan artıq əməliyyatlar üçün şəxsiyyətin rəqəmsal təsdiqində "Bir ID”, "SİMA” və "MyGov” platformalarından istifadə nəzərdə tutulub. Lakin smartfonu və ya internetə çıxışı olmayan, eləcə də bu tətbiqlərdən istifadə edə bilməyən şəxslər əməliyyat aparmaqda çətinlik çəkə bilərlər. Ekspertin bildirdiyinə görə, "MilliÖn” tərəfindən smartfonu olmayan şəxslər üçün hazırda alternativ identifikasiya üsulu nəzərdə tutulmayıb.
500 manatlıq limitin hansı əsaslarla müəyyənləşdirildiyinə də aydınlıq gətirilməli olduğunu vurğulayan ekspert hesab edir ki, bu məbləğ orta gəlir səviyyəsi, nağd ödənişlərin strukturu, əməliyyatların həcmi və maliyyə cinayətləri ilə bağlı risklər nəzərə alınmaqla əsaslandırılmalıdır. Onun fikrincə, maliyyə monitorinqinin nəticələrindən və əməliyyatların risk profilindən asılı olaraq gələcəkdə limitə yenidən baxıla bilər. Ancaq bunun üçün aydın meyarlar olmalıdır. Əks halda, limitin dəyişdirilməsi vətəndaşlarda əlavə qeyri-müəyyənlik yarada bilər.
A.İbrahimovun diqqət çəkdiyi digər mühüm məsələ şəxsi məlumatların qorunmasıdır. O bildirib ki, şəxsiyyət məlumatlarının hansı sistemdə emal edildiyi, hansı qurumların onlara çıxış imkanının olduğu, məlumatların nə qədər müddət saxlanıldığı və üçüncü tərəflərə ötürülüb-ötürülmədiyi aydın olmalıdır. Çünki şəxsiyyət məlumatları və maliyyə əməliyyatları barədə informasiya kibertəhlükəsizlik baxımından həssas hesab olunur.
Ekspertin fikrincə, yeni mexanizm maliyyə xidmətlərinə çıxışı məhdudlaşdırmamalıdır. Smartfonu olmayan və rəqəmsal identifikasiyadan istifadə edə bilməyən vətəndaşlar üçün alternativ təsdiqləmə üsulunun yaradılması vacibdir.
O hesab edir ki, yeniliyin effektivliyi yalnız identifikasiya tələbinin tətbiqi ilə ölçülməməlidir. Maliyyə əməliyyatlarının şəffaflığı artırılmalı, gündəlik ödənişlər çətinləşməməli, şəxsi məlumatların təhlükəsizliyi də təmin olunmalıdır.
Xəbər 6 dəfə oxunub.