Şabranda ruhi xəstə olduğu halda təcavüz edilən qadın öldü

Şabranda ruhi xəstə olduğu halda təcavüz edilən qadın öldü

Qəribə talelər - acınacaqlı həyatlar...

Şabran şəhərində yaşayan və 2 gün öncə qəza nəticəsində həyatını itirən Gülşahnazın acınacaqlı taleyini sizə təqdim edir:

"Bir Gülşahnazı vardı Şabranın. Oynaya-oynaya küçələri gəzən Gülşahnazı rayonda tanımayan, adını eşitməyən yoxdu. Dəli Gülşahnaz deyirdilər. Öz "geyim stili" ilə uzaqdan seçilərdi Gülşahnaz, başqalarının verdiyi paltarları sintez edib uzunqolun üstdən qısaqol, şalvarın üstdən şortik, ağın üstdən yaşıl geyinər, geyimində heç bir rəngin xətrinə dəyməzdi. Heç kimə ziyanı dəyməyən, əksinə bütün günü küçələrdə oynamağı ilə camaatı "əyləndirərdi".

Kənardan mahnısız oynayan dəli təəssüratı bağışlasa da, Gülşahnaz musiqisiz oynayacaq qədər "dəli" deyildi. Sən demə, Gülşahnaz qulağındakı qulaqcıqda eşitdiyi mahnılara oynayır. Bir gün xəbər yayıldı ki, şərəfsiz bir kişi Gülşaha seksual təcavüz edib. Bu Gülşahnazın hamiləliyinin ortaya çıxması ilə məlum oldu.

Təsəvvür edirsinizmi, bir insan nə qədər vicdansız, şəxsiyyətsiz, murdar olmalıdır ki, bir ağıl xəstəsi qadını zorlasın... Ailədə bir tumsatan anası, bir də qəbirqazan qardaşı vardı. Beləcə, Gülşahnazın körpəsi doğuldu. Körpəsinə ana olacaq vəziyyətdə deyildi təbii ki. Uşağı alıb körpələr evinə, Gülşahnazı da qolundan tutub küçəyə atdılar.
Təbii ki o oğraş da küncdə gizlənib uşağına sahib çıxmadı.

Gülşahnaz psixi xəstə idi, onu xəstəxanaya yerləşdirə bilərdilər. Bəlkə də müalicəsi də vardı. Amma, kimsə ona dayaq olmadı. Sadəcə, Allah ümidinə küçəyə buraxdılar. Axı, bu bədbəxt qadının günahı nə idi? Gülşahnaz ehtiras, cinsi istək anlayacaq, hansısa kişinin qucağına atılacaq ağılda deyildi. Bəs, elə deyildisə, murdar bir kişinin təcavüzü ilə hamilə qalan qadın niyə günahlandırılıb küçəyə atıldı? Anlamaqda zorluq çəkirəm. Gülşahnazın onsuz da divanə kimi ömrü küçələrdə keçirdi. İndi isə, tamamilə küçələrin sakini oldu.
Gah bibisigildə, gah dükanların qabağında, orda-burda gecələyirdi, içirdi.

Dünən ildırım sürətilə bütün rayona yayılan xəbər ürəyində az da olsa mərhəmət hissi olan hər kəsi sarsıtdı. Gülşahnazı maşın vurub öldürüb. Ürəyi daşdan olanlar isə deyir: əşşi, onsuz da bu qışdan sağ çıxmayacaqdı, bütün gün küçələrdə idi, bir maşının altında qalacaqdı əvvəl-axır. Polis maşını vurub, qaçıb dedilər.

Əlbəttə, bir dəlinin təcavüzə uğramasına görə heç kimin tükü tərpənmədisə, ölümünə görə də heç kim məsuliyyət daşımayacaq. Əşşi, dəlidi də. Daha küçələrdə Gülşahnaz yoxdu. Morqda dəfn olunmasını gözləyən cəsədi, asvaltda yuyulmasını gözləyən qanı qalıb sadəcə. Hə, qardaşı qəbirqazandı. Yəqin ki sabah öz əliylə qazar bacısının qəbrini. Zatən ölümünü də öz əli ilə yazmışdı onu küçələrə özbaşına buraxaraq".

// Azadqadin.az

Xəbər 2673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR