Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan etdi.
Aktual.az xəbər verir ki, elə həmin gün, cənab Prezident tərəfindən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olundu.
Dövlət Proqramının icrası hansı kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına səbəb ola bilər?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, proqramda ölçüləbilən hədəf göstəricilərin elan edilməsi növbəti 5 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı göstərir.
Onun sözlərinə görə, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin 2030-cu ilədək 4 dəfə artırılaraq 6 milyard dollara çatıdırılması hədəflənir.
Qeyd edib ki, bu Azərbaycanın qeyri neft-qaz ixracatında növbləti illərdə kəskin artımların olacağından xəbər verir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun artımı isə 2 faiz ətrafında hədəflənir:
"Alt-hədəf indikatorlarında konkret məhsul növləri üzrə artım faizləri qeyd olunub. 2030-cu ilədək mal əti istehsalında ən azı 20, qoyun əti istehsalında 9, quş əti istehsalında isə 30 faiz artım hədəflənir. Bu hədəfə nail olunması ət idxalının azalmasına səbəb olmaqla yanaşı, ətin qiymətinin optimallaşdırılmasına və bəzi məhsullar üzrə azalmasına gətirib çıxara bilər”.
Deputat söyləyib ki, istixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatıdırlması kənd təsərrüfatı məhsullarının mövsümdən sonrakı dövr üçün saxlanmasına imkan verəcək. Bu mövsümdən sonrakı dövrdə qiymət artımlarının qarşısının alınması baxımdan vacib alətlərdəndir.
Vurğulayıb ki, Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması da hədəflənir. Bu da çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, idxalın azaldılması bu sahədə əsas prioritetlərdəndir:
"Aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının artırılması, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişaf etdirilməsi və balıqçılıq və akvakultura sahələrinin inkişafı əsas məqsədləri olan dövlət Proqramının icrası Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər”.
Xəbər 54 dəfə oxunub.