Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilib.
Görüş barədə Aktual.az-a Partiyanın Mətbuat xidməti tərəfindən məlumat verilib.
Cari ilin 26 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə digər məsələlər ilə yanaşı, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri haqqında danışılıb və bildirilib ki, bilavasitə ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən sözügedən tədbirin qlobal informasiya məkanında təbliğində siyasi partiyalar tərəfindən aktiv mövqeyin nümayişi təqdirəlayiq haldır.
Görüş zamanı xüsusi olaraq vurğulanıb ki, partiyaların ölkənin siyasi həyatında aktiv iştirak etməsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin təzahürüdür. Bu mənada demokratik ənənələrin inkişafında ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqunun rolu əvəzolunmazdır.
Formalaşan yeni siyasi konfiqurasiya çərçivəsində siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini vurğulayan Partiya sədri bildirib ki, mövcud istiqamətdə atılan təşəbbüslər sayəsində partiyaların inkişafı üçün əlverişli şərait yaradılıb. Partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir.
A.Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyası tərəfindən həyata keçirilən cari layihələr və Partiyanın gələcək planları haqqında geniş məlumat verib. Görüş əsnasında həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra "Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülmüş misilsiz layihələr barəsində söhbət aparılıb.
Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu vurğulayan A.Bakuvi dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.
Sonda Prezident Administrasiyasının rəsmisi Vəhdət Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulanıb.
Vəhdət Partiyasının Mətbuat xidməti
Xəbər 36 dəfə oxunub.