“Dövlətin xərclərini azaltmaq istəyiriksə, bunu etməliyik” - Qüdrət Həsənquliyev

“Dövlətin xərclərini azaltmaq istəyiriksə, bunu etməliyik” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Aktual.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, qardaş Türkiyədə Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə CHP başqanlığına qaytarılmasını necə qəbul etdiniz?
- Biz bir millət olsaq da, ayrı-ayrı dövlətlərik. Ona görə Türkiyənin daxili işlərinə qarışmaq düzgün deyil. Biz Türkiyənin sevincinə sevinir, kədərinə kədərlənirik. Demokratiya və hüquqi dövlət anlayışları isə cəmiyyətin inkişafına bağlı dəyərlərdir. Türkiyə bu yolla gedir. Amma məsələn, Britaniya demokratiyasına sahib olmaq üçün, Britaniya vətəndaşlarının sahib olduğu ali insani və siyasi dəyərlərə sahib olmalısan. Hələ 1215-ci ildə İngiltərədə Kral Con zadəganların təzyiqi ilə qanunun aliliyi (kralın da qanunlara tabe olması), ədalətli məhkəmə, özbaşına vergilərin tətbiqinin yolverilməzliyi, kilsənin müstəqilliyi barədə azadlığın və ədalətin simvoluna çeriləcək "Maqna Karta” adlı tarixi sənəd imzaladı. 1265-ci ildə isə nümayəndəli orqanın, parlamentin əsası qoyuldu. "Maqna Karta”nın əsas tezisləri isə 1689-cu ildə İngiltərədə qəbul olunmuş "Hüquqlar Haqqında Qanun”da öz əksini tapdı. Müqəddəs kitabımız Quran da islamı qəbul edəcək xalqların inkişaf səviyyəsi nəzərə alınaraq, İncildən 600 il sonra göndərilib. Ona görə Elçibəy demişkən, "bəzi məsələlərin həlli zamana bağlıdır”. Nə vaxtsa mentalitetin dəyişməsi ilə, müsəlman ölkələrində də Qərb demokratiyası yaratmaq, müstəqil məhkəmə qurmaq mümkün olacaq. Kılıçdaroğlu Türkiyə iqtidarını qane edən siyasətçidir.
- Qüdrət bəy, bu gün başa çatacaq WUF 13 barədə nə deyə bilərsiniz?
- Tədbirin açılış mərasiminin yeri güclü yağış səbəbindən son anda dəyişdirilsə də, bu, Forumun işini pozmadı. Azərbaycanın bu cür böyük beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi var. Təşkilatçılar ən xoş sözlərə layiqdirlər. Tədbirdə 182 ölkənin nümayəndəsi iştirak edirdi.
Belə yağışlar ən inkişaf etmiş ölkələrdə də ciddi problemlər yaradır. Xaricdən mütəxəssislər dəvət etməliyik ki, kanalizasiya sisteminin təmizlənməsinə kömək etsinlər, harada yenidənqurma işlərinə ehtiyac varsa, bu işlər görülsün və s. Bu sahə, o cümlədən digər xidmət sahələri özəlləşdirilməlidir. Biz dövlətin xərclərini azaltmaq və cəmiyyətin inkişafını ləngidən, ədalət və rəqabət mühitini korlayan korrupsiyaya qarşı mübarizəni gücləndirmək istəyiriksə, bunu etməliyik.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR