“Qanunlar real ictimai münasibətləri tənzimləməlidir”- Qüdrət Həsənquliyev

“Qanunlar real ictimai münasibətləri tənzimləməlidir”- Qüdrət Həsənquliyev

"Mən layihə müəlliflərinə öz təşəkkürümü çatdırmaq istəyirəm ki, Qərb standartlarına uyğun bir layihə hazırlayıblar. Amma mən, əvvəllər də parlamentdə bir fikir səsləndirmişəm ki, qanunlar real ictimai münasibətləri tənzimləməlidir”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili əlavə edib ki, əgər ölkədə Qərb standartları yoxdursa, Qərb standartlarına uyğun qanunların qəbulu ona gətirib çıxarır ki, insanlar qanunları pozur və ölkədə qanuna hörmət itir:
 
"Ona görə də yaxşı qanun yüksək standartlara cavab verən qanun deyil, real ictimai münasibətləri tənzimləyən qanun olmalıdır ki, onu tətbiq etmək mümkün olsun. Əgər onu tətbiq etmək mümkün olmayacaqsa, insanlar qanunları pozacaq, yayınacaq. Bu da neqativ hallara yol açacaq və ölkədə qanunlara hörmət itəcək. Buna görə də, bu məsələ üzərində düşünmək lazımdır. Məsələn, millət vəkillərinə məlumat verilmədir ki, Qərb ölkələrində təqribən yüz min nəfərə neçə avtobus, neçə metrostansiya düşür. Mən, bir dəfə Londonla müqayisə aparmışdım ki, bizdə avtobusların sayı ora ilə müqayisədə minimum 3 dəfə azdır – hər yüz min nəfərə düşən avtobusların, metrostansiyaların sayına görə. Məsələn, Londondan fərqli olaraq bizdə tramvay xətləri, kanatlar və s. yoxdur. Ona görə də əslində biz sevinməliyik. Bu gün taksilərin sayı artıbsa və qiymət aşağı düşübsə, bu bəlkə də azsaylı sahələrdən biridir ki, hökumətin burada uğuru var. Uğur da ondan ibarətdir ki, rəqabət mühiti var və rəqabət mühiti nəticəsində taksi xidmətlərində qiymətlər aşağı düşüb.

Məsələn, "BakuBus" niyə yaradıldı? Özəl şirkətlər bu işlə məşğul olmaldırlar. Lazım gəlsə onlara kredit verilməlidir ki, elektirik mühərrikli avtobuslar alsınlar. Avtobusların sayını kəskin artırsaq, sizi əmin edirəm ki, bütün məsələlər qaydasına düşəcək. Bunun üçün də sahibkarlara güzəştli kreditlər vermək lazımdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanları ciddi düşünməlidir. Amma mən ümumiyyətlə bu qanun layihəsini çox məqbul sayıram. Məsələn, vaxtilə parlamentdə məsələ qaldırmışdım ki, niyə bizdə sürücünün taxoqraf kartı yoxdur? İndi bu, qanunvericiliyə daxil edilir. Yəni sürücünü çox işlədə bilməyəcəklər. Sürücü hər saat yarım-iki saatdan bir dayanıb, ən azı 10-15 dəqiqə istirahət edəcək. Yəni bilinəcək ki, bir sürücü sükan arxasında nə qədər əyləşib və s. Sadəcə taksilərə, taksi kimi istifadə olunan avtomobillərə dair tələblər, standartlar yüksək səviyyəyə qaldırılmaldıır. Mütləq avtomobillərin texniki və təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır ki, hansı avtomobillərdən taksi xidmətində istifadə etmək olar? Yəni bunları etmək lazımdır və mən hesab edirəm ki, bunlar olacağı təqdirdə bu qanun uğurlu olacaq. Bu qanun ümumiyyətlə mütətəqqi qanundur, amma qeyd etdiyim kimi, neqativ hallara yol açmasın deyə mütləq metro tikintisinə ciddi vəsait ayrılmalıdır. Xarici investorlar cəlb olunmaldır. Bakıya çoxsaylı avtobuslar gətirilməlidir. Avropa ölkələrində olanda görürük ki, orada avtobuslar günün sonunda küçələrdə karvan kimi hərəkət edirlər. Bizdə isə avtobuslar tək-tük gözə dəyir və ona görə də belə bir vəziyyət yaranır. Burada müvafiq icra hakimiyyəti orqanları da iştirak edirlər. Ona görə də istəyirəm ki, onlar ictimai nəqliyyatda keyfiyyətin yaxşılaşdırılması, avtobusların sayının artırılmasını ciddi şəkildə düşünsünlər. Açıq söyləyirəm, insanlar arasında fikir bundan ibarətdir: "məmurların özləri də tıxaca düşürlər. Özləri bundan narahatdırlar. Ona görə də tıxacın qarşısının alınması üçün taksilərin sayının azaldılmasını istəyirlər”. Amma dediyim kimi, tıxacın qarşısını almaq mümkün olmayacaq, o vaxta qədər ki, ölkədə keyfiyyətli avtobusların sayı artırlmayacaq”.

Xəbər 1879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR