Onlar hərbi təlimlərə çağırılır: müddət uzadılacaq?

Onlar hərbi təlimlərə çağırılır: müddət uzadılacaq?

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına cəlb olunması prosesi davam edir. İddia edilir ki, indiyədək 14 gün davam edən təlimlərin müddəti 21 günə çatdırılıb. Hətta yaxın vaxtlarda bu müddətin 28 günə qədər artırılması gözlənilir. Bu barədə sosial şəbəkələrdə geniş müzakirələr aparılır.
 
Müddətin uzadılması nə ilə əlaqədardır?

Aktual.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib ki, dövlət mümkün təxribatlara qarşı hər zaman hazırlıqlı olmalıdır:
"Bunun üçün isə yalnız xidmətdə olan hərbçilərlə kifayətlənməməlidir. Bu baxımdan ehtiyatda olanların vaxtaşırı təlimlərə cəlb edilməsi, silahla davranış bacarıqlarının yenilənməsi və yeni hərbi texnika ilə tanış olması vacibdir. Bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunur”.
Deputat bildirib ki, təlim müddətinin artırılması iki həftə ərzində bütün hazırlıq proseslərinin tam həyata keçirilməsinin çətin olması ilə bağlı ola bilər:
"Ehtiyatda olan hərbi qulluqçular hər il deyil, müəyyən fasilələrlə təlimlərə çağırılırlar. İndiyədək Azərbaycanda hərbi təlimlərə cəlb olunmaqdan narazılıq ifadə edən vətəndaşlara rast gəlinməyib. Çünki Azərbaycan vətəndaşları ordusuna hörmətlə yanaşır”.
Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, qanunvericiliyə görə, təlim toplanışlarının müddəti və sayı onların aid olduqları ehtiyat dərəcəsindən asılı olaraq müəyyən edilir:
"Belə ki, birinci dərəcəli ehtiyatda olan şəxslər hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırıla bilərlər.
Bununla yanaşı, onların il ərzində bir dəfədən çox təlim toplanışına cəlb olunmasına yol verilmir. İkinci dərəcəli ehtiyatda olan şəxslər hər dəfə iki ayadək müddətə üç dəfəyədək, yenə də il ərzində bir dəfədən çox olmamaq şərtilə təlim təlimlərə çağırıla bilərlər.
Üçüncü dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər isə bir ay ərzində yalnız bir dəfə hərbi təlim toplanışına cəlb edilə bilərlər. Bu baxımdan, hazırkı çağırışlar çərçivəsində ehtiyatda olan heyətin 14, 21 və ya 28 günlük hərbi toplanışlara cəlb olunması heç bir halda mövcud qanunvericiliyin tələblərinə zidd deyil”.
Xəbər 109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR