İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və ölkədə miqrasiyanın miqyasını kəskin tənqid edərək, Britaniyanı "İslam Respublikası Britaniya” adlandırıb.
Aktual.az xəbər verir ki, Netanyahu İsrail podkastına müsahibəsində müasir Britaniyada İsrail tarixinin obyektiv və ya müsbət işıqlandırılmasına rast gəlməyin mümkün olmadığını bildirib.
O, keçmişdə vəziyyətin fərqli olduğunu qeyd edərək, Uinston Çörçillin nəvəsinin 1967-ci ildə baş vermiş Altıgünlük müharibəni necə işıqlandırdığını xatırladıb.
İsrail hökumətinin başçısı Avropada baş verən demoqrafik və siyasi dəyişikliklərə də toxunaraq, sərt ifadələr işlədib.
"Biri demişdi ki, nüvə silahına malik ilk İslam Respublikası "İslam Respublikası Britaniya" olacaq. Buna görə də İranın belə bir imkana sahib olmaması üçün əlimizdən gələni edirik”, - deyə Netanyahu bildirib.
Qeyd edək ki, Netanyahunun bu açıqlamaları Qəzza müharibəsi fonunda Londonla Təl-Əviv arasında münasibətlərdə davam edən gərginlik şəraitində səslənib. Böyük Britaniya hökumətinin İsrailin Qəzzadakı əməliyyatlarını tənqid etməsi və Fələstini rəsmi şəkildə tanıması iki ölkə arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.
Xatırladaq ki,Netanyahu daha əvvəl də Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının rəhbərliyini HƏMAS-a faktiki olaraq güzəştə getməkdə ittiham edib.
Xəbər 41 dəfə oxunub.