Şagirdin dərsə gəlmədən tədris ilinin sonunda attestat alacağını və ya avtomatik növbəti sinfə keçəcəyini düşünmək düzgün deyil. Davamiyyətsizlik şagirdin qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir.
Aktual.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bu məsələyə münasibət bildirib.
Nazir müavini geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən X–XI sinif şagirdlərinə attestat verilib-verilməyəcəyi barədə suala cavabında deyib:
"Şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir”.
Firudin Qurbanov vurğulayıb ki, böyüklər arasında yaranan fikir ayrılıqlarının nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar.
"Qanunvericiliyə görə, hər bir valideyn övladının dərsə davamiyyətinə, məktəbin qaydalarına əməl etməsinə və tərbiyəsinə görə məsuliyyət daşıyır. Dərsə davamlı gəlməmək şagirdin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir”, – nazir müavini bildirib.
Xəbər 63 dəfə oxunub.