Tramp Avropanı hərbi təzyiqlə hədələdi

Tramp Avropanı hərbi təzyiqlə hədələdi
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun təklif etdiyi planı Avropa ölkələrinə qəbul etdirmək üçün hərbi təzyiq vasitələrindən istifadə edə bilər.

Aktual.az xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyası Avropadakı Amerika hərbi kontingentinin azaldılması ehtimalından müttəfiqlərinə təzyiq vasitəsi kimi istifadə edə bilər. Məqsəd Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ planını dəstəkləməsinə nail olmaqdır.

NATO daxilində narahatlıq var ki, hətta Respublikaçılar Partiyasının Konqres seçkilərində mümkün məğlubiyyəti belə Vaşinqtonun müttəfiqlərinə təzyiqini azaltmayacaq. Əksinə, demokratların Trampın daxili siyasi təşəbbüslərini bloklaması halında prezident diqqətini xarici siyasətə yönəldə və Avropadan əlavə güzəştlər tələb edə bilər.

Məlumata əsasən, Pentaqon dekabr ayınadək Avropada yerləşdirilən Amerika hərbi qüvvələrinin dislokasiyası ilə bağlı yenidən qiymətləndirməni başa çatdırmalıdır.

Tramp administrasiyasının ABŞ-nin Avropadakı hərbi mövcudluğunu daha da azaltması, NATO-nun ümumi büdcəsinə ayırdığı vəsaiti ixtisar etməsi və Ukraynaya Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramını məhdudlaşdırması mümkün variantlar arasında göstərilir.

NATO-nun keçmiş sözçüsü Oana Lungesku hesab edir ki, Vaşinqton Amerika qoşunlarının Avropada mövcudluğunu siyasi təzyiq alətinə çevirərək müttəfiqlərindən Ukrayna üzrə ABŞ planını dəstəkləməyi tələb edə bilər.

Onun fikrincə, daha ciddi risk bu məsələlərin Rusiya Prezidenti Vladimir Putinlə mümkün genişmiqyaslı razılaşmanın tərkib hissəsinə çevrilməsidir.

"Amerika qüvvələrinin yerləşdirilməsinə yenidən baxılması, Ukrayna məsələsi və Avropanın təhlükəsizlik arxitekturasının Putinlə daha böyük bir razılaşmanın tərkib hissəsinə çevrilməsi riski var”, – deyə Lungesku bildirib.

Qeyd edək ki, ABŞ-nin Avropadakı hərbi mövcudluğunun yenidən qiymətləndirilməsi prosesi davam edir. Lakin qoşunların çıxarılmasının Ukrayna ilə bağlı danışıqlarda təzyiq vasitəsi kimi istifadə olunacağına dair rəsmi qərar açıqlanmayıb.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR