Çökən rubl Azərbaycana hücum çəkir – Şərh

Çökən rubl Azərbaycana hücum çəkir –   Şərh

Rusiyada rublun sürətlə dəyər itirməsində katalizator rolunu neftin ucuzlaşması oynayır.  

Aktual.az Bu sözləri axar.az-a açıqlamasında rublun sürətlə çökməsinin Azərbaycana təsiri və buna qarşılıq tədbirlər planı barədə danışarkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O, son günlər rus rublunun kəskin dəyər itirməsinin səbəbini belə izah edib:

“Rusiya Mərkəzi Bankı təxminən böyük bir biçimdə rublun tənzimlənməsini bazarın öhdəliyinə buraxıb. Belə olan təqdirdə ölkəyə daxil olan valyutanın həcmi azaldığından, tələbi ödəmək mümkün olmur. Buna görə rubl sürətlə ucuzlaşır. Rusiya iqtisadiyyatı hazırda tənəzzül dövrünü yaşayır və sanksiyalardan sonra qeyri-neft məhsullarının ixrac potensialı daha da aşağı düşüb. Hazırda ümumi ixracda qeyri-neft məhsullarının payı təxminən 35 faizdir. Bu, onu deməyə əsas verir ki, rublun taleyi 60-65 faiz neftin qiymətindən asılıdır. Neftin qiyməti isə son 1 ayda təxminən 20-25 faizə yaxın ucuzlaşıb”.

Ekspertin fikrincə, bu proses davam edəcək: “Çünki beynəlxalq agentliklər neftin növbəti dövrlərdə də ucuzlaşacağını proqnozlaşdırır. Müxtəlif yanaşmalara əsasən, 10-15 dollar ətrafında ucuzlaşma gözlənilir. Belə olan halda 1 dolların  təxminən 85 rubla qədər bahalaşacağını güman edə bilərik”.

Bu geriləmənin Azərbaycana təsirlərindən danışan ekspert rublun dəyər itirməsinin ölkəmiz üçün də təhlükəli olduğunu bildirib:

“Hazırda çox maraqlı situasiya ilə üz-üzəyik. Qazaxıstan milli valyutanın dövlət tənzimlənməsini dayandıraraq, bazar prinsipləri əsasında tənzimləmə üsulunu seçdi. Türkiyədə vəziyyət heç də ürəkaçan deyil, lirə dollar qarşısında kəskin ucuzlaşıb. Gürcüstanda müəyyən qədər devalvasiya gedir. Bütün bu aspektlərdən Azərbaycan manatına təzyiq yaranır. Manatın neftdən asılılığını nəzərə alsaq, qiymətin düşməsi də bu təzyiqi artırır. Rublun ucuzlaşması ilk növbədə Rusiyadakı miqrant azərbaycanlıların gündəlik həyatına təsir edir, gəlirlərin dəyərsizləşməsinə və xərclərin artmasına gətirib çıxarır. Nəticədə yığım və Azərbaycana göndərilən remitenslərin həcmi azalır, hətta iş ixtisarları ilə üzləşən soydaşlarımız ölkəyə qayıtmağa məcbur olurlar. Paralel olaraq remitenslərin azalması isə Azərbaycanda yaşayan miqrant ailələrinin sosial vəziyyətinə təsir göstərir və onların alıcılığını aşağı salır. Bu isə ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir edir.

İkincisi, rublun dəyər itirməsi Rusiyada azərbaycanlı istehsalçının rəqabət qabiliyyətini aşağı salır və nəticədə yerli məhsullarımız qonşu ölkədə daha baha qiymətə satışa çıxarılmaq məcburiyyəti ilə üzləşir. Bu da Rusiyaya ixracın qarşısında azərbaycanlı biznesmenlərə problemlər yaradır.

Daha bir məqam isə Neft Fondunda rublla saxlanılan invenstisiyalarla bağlıdır. Rublun dəyər itirməsini Fondun aktivlərinin azalmasında müşahidə edirik. Qeyri-neft ixracında Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Belə şəraitdə rus rublunun devalvasiyaya məruz qalması, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsi Azərbaycanın daxili bazarına da mənfi təsir edə bilər. Çünki Rusiyada malın maya dəyəri aşağı düşürsə, bu məhsul Azərbaycana daxil olanda ölkə bazarında rəqabət qabiliyyətini artıracaq və daxili istehsalı sıxışdıracaq. Ona görə də bunun qarşısını almaq üçün indidən addımlar atmağa məcburuq”.

R.Həsənovun fikrincə, mənfi təsirləri önləmək üçün kompleks tədbirlər hazırlanmalıdır:

“Azərbaycan hazırda yeni iqtisadi tələblərin fonunda daxili iqtisadiyyatını təkmilləşdirməlidir. Yeni iş yerlərinin açılması ilə miqrantların adaptasiya prosesi ilə bağlı müxtəlif proqramlar həyata keçirilməli, onlar kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa təşviq edilməlidir. Yerli məhsulların bəhs edilən ölkələrdə rəqabət imkanının nisbətən artırılması yönündə də iş görülməlidir ki, bu çətin dövrü rahat şəkildə başa bura bilək”.

Qeyd edək ki, Moskva birjasında dollar bahalaşmaqda davam edir. Bu gün 13:08-ə olan məlumata görə, 1 dollar 68,196 rubl, avro isə 76,89 rubla qalxıb.

Xəbər 872 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR