Payız bir də gəlməyəcək - ELEGİYA

Payız bir də gəlməyəcək - ELEGİYA

Bəzən bir telefon zəngi adamı illər əvvələ aparır. Sanki telefonun o biri başından gələn səs bir xəbər gətirmir, keçmişdən bir qapı da açır.
Dörd gün əvvəl telefonun bəri başında qardaşım Aqilin səsini eşidəndə, ürəyimə qəribə bir ağırlıq çökdü. Ardınca eşitdiyim cümlə isə bu ağırlığı daha da böyütdü...

"Nəzər rəhmətə getdi...”

Yer ayağımın altından çəkildi, içimdən nəyinsə qopduğunu hiss etdim.

Aqilin mənə sonuncu dəfə bu tərz zəngi atamla bağlı olmuşdu. O vaxt da həmin zəngin içində eyni səs, eyni ağırlıq, eyni inanmaq istəmədiyim xəbər vardı. Bir anlıq ildırım çaxdı içimdə. Bu dəfə itirdiyimiz doğmamız Nəzər idi.

Dörd gündür bu xəbərin kədərindəyik. Nəzərin yoxluğuna inanmağa çalışırıq. Amma bəzi adamların ölümünə ağıl inanır, ürək yox. Elə bilirsən, bir azdan şəhərin hansısa küçəsində qarşılaşacaq, səsini eşidəcək, bir məclisdə oturub söhbətləşəcəksən. Sonra qəfil yadına düşür ki, artıq o əziz insan yoxdur.
Nəzər kəndimizin qəlbikövrək, istiqanlı və qaymaq adamlarından idi. Sonralar əksəriyyət kimi Bakıya köçsə də, doğma el-obadan heç vaxt ruhən ayrılmamışdı. Çünki bəzi adamlar kənddən köçür, kənd isə onlardan heç vaxt köçə bilmir... Onların uşaqlığı, gəncliyi, doğmaları, dostları, xatirələri həmin torpaqda qalır. Nəzərin də kəndlə bağlılığı belə idi.
Bizim uşaqlıq və məktəbli illərimiz o nəslin gəncliyi ilə kəsişirdi. O vaxt biz həyata yenicə boylanırdıq, onlar isə artıq həyatın ağır üzünü görməyə başlamışdılar. Biz böyüklərə - onlara baxaraq, çox şeyi sözsüz ki, öyrənirdik. Nəzər də bizim həmin illərimizin yaddaşında nümunəvilərdən idi.
Soyadına layiq Pələng timsallı biri idi. Qolu güclü, mərd ürəkli, sözü, cavabı batman və yerində... Amma onu yalnız bu tərəfləri ilə xatırlamayacağıq. Çünki Nəzərin həyatının görünən tərəfinin arxasında ağır bir məsuliyyət də vardı.
Həyat onu erkən böyütməyə başlamışdı.
Özündən böyük iki qardaşı – Nabatəli və Əbülfət əmi o illərdə məsafəcə kənddən uzaqda olsalar da, kənddə ailədə ata əvəzi böyüklük Nəzərin üzərində idi. Qulam əminin vaxtsız-vədəsiz gedişindən sonra bu məsuliyyət daha da ağırlaşmışdı.
Gəncliyini bir qədər kənara qoyub, böyük bir ailənin məsuliyyət yükünü daşımağa başlamışdı Nəzər.
Bəlkə də elə buna görə sonralar həyatın çətinlikləri ona yad deyildi. Əlinin zəhmətinə həmişə inanırdı. Ruzili-bərəkətli adam idi. Həyat onu müxtəlif işlərə, müxtəlif sınaqlara hazırlamışdı. Amma insanın ömründə elə bir sınaq var ki, ona heç kəs hazır olmur.

O da əlahəzrət ölümdü...

Nəzərin sözə də xüsusi sevgisi vardı. İndi onu xatırladan da, yaşadan da sözdü.

Şeiri sevirdi, ədəbiyyata dəyər verirdi, jurnalistikaya hörmətlə yanaşırdı. Sözün çəkisini bilənlərdən idi. Bəlkə də ona görə idi ki, məclislərdə də onun sözünün yeri ayrı idi. Şeir deməyə ürəkdən heyranlığı var idi. Bir misra deyəndə, elə bilirdin, həmin misranın yükü onun yaddaşında illərdir yaşayır.

Bu sevgisi idi ki, Nəzər məclislərin də yaraşığına çevrilirdi.

Bəxtiyar Vahabzadənin "Qocaldır insanı, qocaldır zaman” şeirini xüsusilə sevirdi.
İndi bu şeirin adını çəkəndə adam istər-istəməz dayanıb düşünür. Zaman Nəzərin ömründən çox şey aparmışdı. Gəncliyini məsuliyyətə, illərini zəhmətə, ömrünün böyük hissəsini doğmalarına vermişdi.
Amma heç kim bilmirdi ki, onun zamanla yolu əlli altıncı payızda ayrılacaq. Son yolu payızın içindən keçəcək. Payız yarpaqları tökərkən, onun ömrünün yarpaqları da səssiz-səmirsiz yerə düşəcək.

O, 90-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər kəndin xeyir işlərini peşəkar operator kimi kamerasının yaddaşına köçürmüşdü.
Zamanınsa bunun nə qədər böyük bir iş olduğunu bəlkə də heç kim düşünmürdü.
Toylar, nişanlar, məclislər, kəndin adamları, gülüşlər, danışıq səsləri...

İllər keçdi, insanlar dəyişdi, bəziləri dünyadan köçdü.

Amma Nəzərin kamerasının çəklişlərində onların bir hissəsi olduğu kimi qaldı.
İndi həmin görüntülər bir kəndin yaddaşıdır.
Nə qəribədir, həmin yaddaşı yaradan adamın özü artıq o yaddaşın içində xatirəyə çevrilir.
Bir gün köhnə görüntülərdən biri açılsa, ekranda illər əvvəlki kəndi görəcəyik. İnsanlar güləcək, danışacaq, məclis öz axarı ilə davam edəcək. Bəlkə bir neçə yerdə Nəzərin səsi də eşidiləcək.
Onda bir anlıq elə biləcəyik ki, zaman geri qayıdıb.
Amma görüntü bitəcək, ekran qaralacaq.

Birdən anlayacağıq:

Nəzər artıq yoxdur.

Əlli altı yaşında... Ömrünün hələ davam etməli olduğu bir yerdə.

Bəlkə deyəcəyi sözlər, görəcəyi işlər vardı...

Bəlkə söyləyəcəyi şeirlər...

Bəlkə gedəcəyi yollar...

Amma həyatın bir yerdə yazılan son cümləsi olur. Nəzərin də son cümləsi əlli altıncı payızında yazıldı: "Bəzi ömürlərin son cümləsi yazılmır, yarımçıq qalır".

İndi dörd gündür onun yoxluğuna alışmağa çalışırıq.
Amma məncə, alışmayacağıq.
Çünki bəzi adamların yoxluğuna alışmaq olmur. Sadəcə, zamanla onların yoxluğu ilə yaşamağı öyrənirsən.
Nəzər də onu sevənlərin, el-obanın, doğma yurd adamlarının, ailəsinin və övladlarının yaddaşında belə qalacaq.

Bir məclisdə deyilən şeirdə.

Ekranlaşdırdığı toy kasetlərinin lentində.

Sözə verdiyi dəyərdə.

Onu tanıyan insanların söhbətində.

Və bir telefon zənginin içində...

"Nəzər rəhmətə getdi...”

Bu cümlə bəlkə də uzun illər mənim üçün təkcə Nəzərin ölüm xəbəri olmayacaq. Həmin cümlənin içində atamın xəbəri də yaşayacaq. İki ayrı itkinin ağrısı bir səsdə, bir xatirədə birləşəcək.

Payız yenə gələcək.

Yarpaqlar yenə töküləcək.

Kənd və şəhər yenə yaşayacaq.

Amma Nəzərin əlli altıncı payızı heç vaxt tamamlanmayacaq. Bəlkə də ən ağrılı tərəfi budur.

Ömrün son cümləsini insan yox, fəsillər yazır.

Nəzərin ömrü kimi...

Sözə, sevgiyə və eşqə dəyər verən adamların özləri gedəndən sonra da sözləri qalır. O, vaxtilə kəndimizin fərəhli günlərinin sevincini tarixə yazdı, insanlarını kamerasının yaddaşında yaşatdı.
İndi növbə bizimdir.
İndi biz onu yaddaşımızda yaşatmalıyıq.
Bir gün onun haqqında danışanda, adını çəkəndə, keçmiş bir görüntüsünə baxanda, sevdiyi şeirdən bir misra eşidəndə Nəzər yenidən bir anlıq bizimlə olacaq.
Bəlkə də insanın dünyadan tam getməməsi elə budur.
Adının çəkildiyi yerdə bir az yaşamaq...

Xatırlandığı yerdə yenidən görünmək...

Və illər keçsə də, bir kəndin axşamında kimsənin sakitcə:
"Nəzər vardı, sözü də, özü də başqa idi...” deməsi.
Sonra söhbətin bir anlıq sükutu...
Çünki hamı biləcək: o artıq yoxdur.
Torpaq onu bağrına alıb.
Amma kəndin yaddaşı hələ də onu buraxmayıb.

Bu payız çox ağır oldu bizlərə. Ona görə ki, sənin əlli altıncı payızın idi bu... Əlli yeddinci payız isə artıq heç vaxt gəlməyəcək. Küləklər yenə əsəcək, yarpaqlar yenə töküləcək, amma bir ömrün davam etməli olduğu yerdə dərin bir sükut qalacaq.

Və biz hər dəfə həmin sükutu eşidəndə səni xatırlayacağıq.

Məkanın nura boyansın, Nəzər. Düşdüyün yer işıqlı olsun, həyatda qoyduğun iz heç zaman silinməsin!

Ceyhun ALIŞLI
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR