Vətəndaş Həmrəyliyi Partiyası 27 Sentyabr- Anım Günü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik simvoluna çevrilən İkinci Qarabağ – Vətən müharibəsinin başlanmasından altı il ötür. 27 sentyabr Azərbaycan xalqının yaddaşında milli həmrəyliyin, birliyin və qürurun rəmzi olaraq əbədiləşib. Bu gün Vətən müharibəsinin başlanğıcı olmaqla yanaşı, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinin anıldığı, xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təcəssüm olunduğu gündür.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə tariximizə qızıl hərflərlə yazıldı.
Bu gün bütün torpaqlarımızda tam bərpa olunmuş suverenliyimiz xalqımızın öz doğma yurdunda başıuca, azad və təhlükəsiz yaşamasının ən böyük təminatıdır. Bu tarixi nailiyyət asanlıqla qazanılmayıb. Bu gün addımladığımız hər qarış azad torpağa, yaşadığımız hər zəfər sevincinə görə canından keçən şəhidlərimizin əziz xatirəsinə, qəhrəman müharibə iştirakçılarımızın sarsılmaz iradə və cəsarətinə borcluyuq.
Bu Qələbənin yaratdığı tarixi imkanlar üzərində güclü, ədalətli və milli dəyərlərə söykənən dövlətimizi daha da möhkəmləndirmək hamımızın borcudur. Dövlətimizin qüdrətlənməsi, xalqımızın rifahı və gələcək nəsillərin daha güclü, daha azad Azərbaycanda yaşaması üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəyan edirik ki, dövlətçiliyimizin qorunması, müstəqilliyimizin əbədiliyi, suverenliyimizin və milli maraqlarımızın müdafiəsi kimi ümummilli məsələlərdə hər zaman dövlətimizin və xalqımızın yanında olacağıq.
27 Sentyabr həm hüzn, həm qürur, həm də Vətən qarşısında əbədi borcumuzu xatırladan gündür. Bu torpaqları bizə Vətən kimi əmanət edən şəhidlərimizin xatirəsini daim uca tutmaq, onların uğrunda can verdiyi Azərbaycanın müstəqilliyini və bütövlüyünü qorumaq hər birimizin müqəddəs borcudur.
Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!
Müstəqil və bütöv Azərbaycan əbədi yaşasın!”.
Xəbər 81 dəfə oxunub.