Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Aktual.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, İran və ABŞ atəşkəs və Hörmüz boğazının açılması barədə memorandum imzaladılar. Hər iki tərəf özünü qalib hesab edir, hansı daha haqlıdır?
- Tərəflər müharibədən əvvəlki vəziyyətə qayıtdılar. ABŞ qalib gəlmədi, İran bütün itkilərə baxmayaraq məğlub olmadı. Müharibənin başlaması uğursuzluq, sülh isə hər iki tərəfin qələbəsidir. Sülh üçün tərəflərin müəyyən güzəştlərə getməsi lazım idi. Hər iki tərəfin müdrikliyi çatdı ki, bunu etsin. Sülh Trampa ona görə lazımdır ki, qarşıdan Konqresə seçkilər gəlir və neftin qiymətini aşağı salmaq üçün bu son dərəcə vacib idi. İrana da sülh ona görə lazım idi ki, iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkənin neft sata bilməməsi iqtisadiyyatı çökdürürdü, əhalinin güzəranı hər keçən gün bir az da ağırlaşırdı.
Memorandum imzalanmasına baxmayaraq yekun sülh sazişi üçün ciddi təhlükələr qalmaqdadır. Müharibənin başlanmasına səbəb olan əsas məsələlər barədə hələ razılıq əldə olunmayıb. 60 gün ərzində buna nail olunacağı da şübhələr doğurur. Ümid edək ki, tərəflər bütün məsələlər üzrə anlaşa biləcəklər.
- Bir çox siyasi ekspertlər sülh razılaşmasından sonra İran daxilində ciddi çalxalanmaların olacağını söyləyir. Siz necə düşünürsünüz?
- Müdriklər söyləyirlər ki, dəyişiklik rüzgarı əsəndə onun qarşısına hasar çəkmək yox, yelkənləri qaldırmaq və açmaq lazımdır. İranda böyük islahatlara gedilməsə, gələcəkdə vətəndaş qarşıdurması qaçılmaz olacaq. İran beynəlxalq sanksiyaların qaldırılması üçün cəsarətli qərarlar qəbul etməli, daxildə ciddi islahatlar həyata keçirməlidir. Bunun əvəzinə repressiyalar, edamlar davam etdirilsə, iplər daha da çəkilsə, ya iplər qırılacaq, ya da cəmiyyət boğulacaq. Bundan isə, iqtidar da daxil olmaqla, hamı əziyyət çəkəcək. Bu gün qorxu altında olan hər bir məmur iqtidara sadiqliyini sübut etmək üçün kəndirçəkmə yarışlarında olduğu kimi ipin bir ucundan yapışıb var gücü ilə dartır, yaxud Allahdan qorxmayaraq, ədalətsizcəsinə ipi kiminsə boynuna keçirir. Amma anlamır ki, belə bir mühitdə bir gün "gülüşü", yaxud "pencəyinin" rəngi kiminsə xoşuna gəlməyəndə, yaxud sifətini görməkdən kimsə yorulanda həmin ipdən birini də onun boynuna keçirəcəklər.
İnsanlar mövcud problemlərdən narahatlıq ifadə edirsə, bunu narazılıq, rejimə qarşı olma kimi qəbul, yaxud təqdim edib həmin şəxsləri repressiyaya məruz qoymaq yanlış yoldur. Problemləri öz korporativ maraqları üçün ört - basdır edənlər, tənqid olunmalı şəxsləri tərifləyib himayə edənlər, tənəzzülü iqtisadi inkişaf kimi təqdim edənlər, tənqidi boğanlar özlərini düşünən karyeristlərdir ki, cəmiyyətə də, iqtidara da ən böyük ziyanı vuran elə onlardır. İran daxildə barış üçün addımlar atmalı, daxili və xarici siyasətinə yenidən baxmalıdır. Həmişə söyləyirəm ki, İran yalnız qonşumuz deyil, eyni zamanda həm də soydaşlarımızın yaşadığı bir müsəlman ölkəsidir. Biz İranın təkamül yolu ilə, qansız - qadasız yolla inkişafını istəyirik.
- Rusiya ilə Ukrayna arasında da barış ola bilərmi?
- Rusiya ABŞ-dən nümunə götürməlidir. ABŞ görəndə ki,100% istədiyi alınmır, başa düşdü ki, dayanmaq lazımdır. Rusiya-Ukrayna cəbhəsində hər ay döyüş meydanlarında on minlərlə insan ölür. Bu qətliam dayandırılmalıdır. İki qardaş xalqın bir-birini məhv etməsi çox üzücüdür. Müharibənin davam etməsi Rusiyaya yaxşı heç nə vəd etmir. İqtisadiyyat artıq müharibənin xərclərini qarşılaya bilmir. Ukrayna Rusiyanın dərinliklərindəki strateji obyektlərə zərbələr endirir, Rusiyanın daxilndə narazılıq artır. İranla müharibənin dayandırılmasında onun istifadə etdiyi ballistik raketlər mühüm rol oynadı. Düşünürəm Rusiyanın qarşısını ala bilmədiyi Ukraynanın uzaqmənzilli dronları da müharibənin dayandırılmasında əhəmiyyətli rol oynayacaq. XXI əsrin insanı bir-birini öldürməməlidir.
Xəbər 98 dəfə oxunub.