Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Aktual.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə yaxınlaşmasına münasibətinizi bilmək istərdik...
- Tacikistan istisna olmaqla, digər Mərkəzi Asiya respublikaları ilə eyni soykökə malikik. Biz eyni dilə, mədəniyyətə, etnik özünüdərkə və psixikaya, eyni mentalitetə, adət-ənənələrə, dövlətçilik fəlsəfəsinə malik olan etnosuq. Bizim bir yerdə olmağımızı yalnız mənəvi ehtiyaclarımız şərtləndirmir. Bunu həmçinin iqtisadi, təhlükəsizlik maraqlarımız tələb edir. Mərkəzi Asiya respublikları ilə birlikdə Çini Avropa ilə birləşdirən Böyük İpək Yolunu yenidən canlandırmağa çalışırıq. Bu gün üçün qeyri-real görünsə də, vaxtilə belə bir fikir səsləndirmişdim ki, Avrasiya məkanında Çinlə Avropa İttifaqı arasında, Türkiyə, İran və keçmiş sovet respublikalarının iştirakı ilə Avropa Birliyi modelində yeni bir "İttifaq" yaransa, bu, güclü rəqabətə, dünyada sülhə və inkişafa böyük töhfə verərdi.
Azərbaycan Qərblə əməkdaşlığa da böyük önəm verir. Qırğızıstana səfərdən öncə Prezidentin Alamniyaya səfəri və gələcək əməkdaşlığın gücləndirilməsinə yol açacaq mühüm sənədlərin imzalanması, bu günlərdə bir illiyini qeyd edəcəyimiz Prezidentin Vaşinqton səfəri ölkəmizin yürütdüyü balanslaşdırılmış xarici siyasətin real həyatda tətbiqidir. Ölkəmizin inkişafını təmin etmək üçün bizə Qərb investisiyası və texnologiyası lazımdır. Qərblə əməkdaşlığımız ölkəmizdə həm də hüquqi dövlət və mülki cəmiyyət quruculuğuna ciddi töhfə verə bilər. Azərbaycanın regionun güclü dövlətlərindən biri olmaq şansı var. Biz güclü etnosuq, zamanla qurduğumuz dövlətlər dağılsa da, dilimizi, mədəniyyətimizi, adət - ənənələrimizi qoruya, dövlətçiliyimizi bərpa edə bilmişik. Çətin dövrlərdə xalqımız böyük tarixi şəxsiyyətlər üzə çıxarmağı bacarıb. Siyasətçinin, jurnalistin tarixdə ilişib qalması böyük faciədir. Tarixi şəxsiyyətlər tarixdə əməlləri ilə qalır, kiminsə onun haqqında nəsə deməsi ilə yox. Təəssüf ki, bölüşüb, çoxumuz da başa düşmədən, hərəmiz birini müxtəlif motivlərlə gözdən salmağa, millətin özünəinam hissini sarsıtmağa çalışırıq. Dünyada 7 min xalq içərisində öz dövlətini qurmağı bacarmış 193 xalqdan biriyik. Keçmişimizi, Şah İsmayıl, Rəsulzadə, Elçibəy, Heydər Əliyev kimi xalqımızın böyük oğullarını siyasi konyuktura naminə baltalamamalıyıq, hər kəs inanmalıdır ki, xalqımız zamanla bütün çətinliklərin öhdəsindən gələcək.
- Qüdrət bəy, ABŞ-nin Rusiyaya ciddi sanksiyalar tətbiq edəcəyinə və bunun sülhə gətirəcəyinə inanırsınızmı?
- Tramp əvvəllər olduğu kimi, bacardıqca, müxtəlif yollarla buna mane olmağa çalışacaq. Rusiyaya ABŞ tərəfindən sanksiyaların tətbiqi ehtimalı çox deyil. Putin isə müharibəni dayandırmağı düşünmür. Çünki ondan sonrakı dövrü təsəvvür etmir. Bu günlərdə hərbçilərlə görüşdə gülə-gülə dedi ki,"xüsusi hərbi əməliyyatları" bitirib nə edəcəyik? Sülh tərəflərdən biri məğlub olduğunu qəbul edəndə mümkün olacaq.
- Ermənistan referenduma gedəcəkmi?
- Rusiya bunu həqiqətən istəsə, referendum baş tutacaq. Paşinyanın hakimiyyətə gəlməsində Rusiyanın böyük rolu oldu. Məhz Rusiya Sarkisyana azsaylı nümayişçilərə güc tətbiq etməyə icazə vermədi. Narazı xalq bunu gördü və Sarkisyanı devirdi. Paşinyan bütün ciddi məsələləri onlarla məsləhətləşir. Rusiya istəsəydi çoxdan Zəngəzur dəhlizi açılmışdı və sülh sazişi imzalanmışdı. Rusiyadan Ermənistana Azərbaycan üzərindən dəmir yolu vasitəsilə yük daşınması bərpa olunub və mövcud, nə hərb, nə sülh vəziyyəti Rusiyanı tam qane edir. Ona görə sülh üçün Ermənistanla yox, Rusiya ilə danışmalıyıq.
- Böyük əfv haqqında mətbuatda müzakirələr açılıb, bunu mümükün sayırsınızmı?
- Buna ciddi ehtiyac var, xüsusilə, siyasi motivlərlə tutulduğu iddia olunan şəxslərin əfv edilməsinə. Bu və aparılacaq böyük islahatlar milli birliyimizi gücləndirər, ölkəmizə olan beynəlxalq təzyiqləri azaldar və ölkəmizin inkişafın yeni mərhələsinə qədəm qoymasına yol açardı...
Xəbər 146 dəfə oxunub.