Gecikmiş kreditlərin statistikası açıqlandı

Gecikmiş kreditlərin statistikası açıqlandı

2015-ci il iyun ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,5 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. 

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Verilmiş kreditlərin həcmi 2014-cü il iyun ayının 1-i ilə müqayisədə 23,3 faiz artmış, onun 77,9 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,4 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 2015-ci il iyun ayının 1-nə 7,6 milyard manata çatıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,18 manata, 100 Rusiya rubluna 1,92 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,97 manata, 1,08 manata və 1,72 manata bərabər olub.

Bundan əlavə, Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 6,4 milyard manat vəsait daxil olmuş, büdcədən 7,3 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 905,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 4,2 faizinə bərabər olub. Büdcə xərclərinin 3,7 milyard manatı iqtisadiyyatın inkişafına, 817,0 milyon manatı sosial müdafiə və sosial təminata, 753,0 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib.

 
Xəbər 774 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR