Ev alqı-satqısı ən durğun dövrünü yaşayır - 3 səbəb

Ev alqı-satqısı ən durğun dövrünü yaşayır -   3 səbəb

Azərbaycanda daşınmaz əmlak bazarı son bir ilin ən durğun dövrünü yaşayır. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bu il yanvar-iyun ayları üzrə daşınmaz əmlak bazarının dövriyyəsi 32 faiz azalıb. Yəni, bu ilin birinci yarısında sözügedən dövriyyə 1,7 milyard manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2,5 milyard manat olub.

Qeyd edək ki, Mərkəzi Bankın statistikasından məlum olur ki, ipoteka kreditləşməsində də azalma var. Belə ki, cari ilin altı ayında Dövlət İpoteka Fondu tərəfindən ipoteka kreditlərinə ayrılan vəsait 141 milyon manat təşkil edib. Ötən ilin yanvar-iyun aylarında isə fondun maliyyələşdirdiyi kreditlərin həcmi 204 milyon manatdan yüksək olub. Artıq bu amil göstərir ki, ölkədə daşınmaz əmlaka yönələn vəsaitlər ilin birinci yarısında azalıb.

Aktual.az Virtual.org-a istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev «Bizim Yol»a şərhində bildirib ki, indi alqı-satqı əməliyyatlarının həcmi azalıb: «Mərkəzi Bankın statistikasında azalma bir qədər optimist göstərilir. Çünki bu ilin 6 ayını ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə daşınmaz əmlak bazarında aktivlik dərəcəsinin iki dəfəyədək aşağı düşdüyünü görərik. Bundan əlavə, dövriyyənin azalmasının səbəblərindən biri keçən ilin eyni dövründə, yəni 2014-cü ilin ilk 6 ayında qiymətlərin hazırkı dövrdən baha olmasıdır. Əgər satışların fiziki həcmi azalmasaydı, dövriyyənin həcmi yenə də düşəcəkdi.

İkincisi, bu ilin əvvəlindən bazarda ümumiyyətlə durğunluğun yaranmasıdır. Hazırda bazarda alıcıların sayı 2 dəfəyədək azalıb. Əməliyyatların real sayı da kəskin azalıb. Bazarda elə həftələr olub ki, əməliyyatların sayı normadan dəfələrlə aşağı düşüb. Üçüncüsü isə, daşınmaz əmlak bazarına yönələn kapitalın həcmi azalıb. Digər səbəblər də var, ancaq qeyd etdiyimiz bu 3 səbəbin fonunda 32 faizlik azalma görsənir. Bu həcmdə azalma səviyyəsi ona işarə edir ki, ya bazarda vəziyyət o qədər də ağır deyil, yaxud da bu statistika bazarda ümumi vəziyyəti tam əks etdirmir».

R.Əliyev əlavə edib ki, keçən ilin ortalarından etibarən daşınmaz əmlak bazarında passivlik müşahidə edilir: «Bu ilin devalvasiyasından sonra vəziyyət daha da pisləşib. Bunun da başlıca səbəbi alıcılıq qabiliyyətinin və daşınmaz əmlakın investisiya kimi cəlbediciliyinin aşağı düşməsidir. Daha sonra dediyim kimi, aparılan pul-kredit siyasəti və daşınmaz əmlak bazarında kapitalın həcminin minimum həddə çatmasıdır. Bu istiqamətdə pul hərəkət etmir».

İpoteka kreditləşməsinin bazara təsir imkanlarına gəlincə, ekspert bunları söylədyib: "İpoteka kreditləri 10 faiz azalsa belə, bunun bazardakı payı heç 1 faiz etmir. Ona görə də ipoteka kreditlərinin bazara təsirləri o qədər də çox deyil. Amma burada başqa bir məqam var. Belə ki, Azərbaycan Beynəlxalq Bankının özü ucuz ipoteka kreditləşməsi həyata keçirirdi. Bank həmin kreditləşməni dayandırdı. Yuxarıda sadaladığımız bütün hallar daşınmaz əmlak bazarındakı dövriyyənin azalmasına səbəb olub».

R.Əliyev vurğulayıb ki, dövriyyə ilə yanaşı, qiymətlərdə də ucuzlaşma baş verib: «2008-ci ildə böhran baş verərkən, daşınmaz əmlaklar həm dollar, həm də manata görə qiymətdən düşdü. Keçən ilin ortalarından etibarən neftin qiymətinin ucuzlaşması ilə makroiqtisadi vəziyyət də pisləşdi. O zaman daşınmaz əmlakların da qiyməti aşağı düşməyə başladı. Bu ilin fevralında devalvasiya olmasaydı, 2008-ci ildə olduğu kimi, qiymətlər 20-25 faiz ucuzlaşacaqdı. Devalvasiyadan sonra qiymətlər yalnız dollar dəyərində aşağı endi, amma manatla bu eniş nəzərəçarpacaq həddə olmadı. Ötən ilin pik həddi ilə müqayisədə dollar ifadəsində daşınmaz əmlakların qiyməti 30 faiz ucuzlaşıb. Manat ifadəsində isə orta ucuzlaşma 5 faiz təşkil edir». 

Xəbər 857 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR