Bakıda sərnişinlərin və digər hərəkət iştrakçılarının həyatını heçə sayan iki avtobus sürücüsü qaydaları kobud şəkildə pozublar.
Aktual.az Xezerxeber.az-a istinadən xəbər verir ki, onların kobud qayda pozuntusu ''təhlükəsiz şəhər'' kameralarına paytaxtın Yusif Səfərov küçəsində düşüb.
''Baku Bus'' MMC-yə məxsus avtobuslar yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. İki avtobus sürücüsü düz xətti tapdalayaraq hərəkətdə olan digər avtomobillər üçün təhlükə yaradıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, hər iki sürücü kobud qayda pozub. Onlarla bağlı idarədə araşdırma aparılır. Aşkar edilən kimi hər iki sürücü inzibati qaydada 40 manat məbləğində cərimə olunacaqlar.
Hər gün yüzlərlə sərnişin daşıyan, intizamsız sürücülərlə bağlı Bakı Nəliyyat Agentliyində hər hansı bir tədbir görülür?
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, yol hərəkəti qaydalarının bu formada pozulması qəbuledilməzdir.
''Bütün bunlar həm də ümumilikdə sürücülərin peşəkarlığı ilə bağlı məsələdir. Bakı Nəliyyat Agentliyi öz səlahiyyətləri çərçivəsində avtobus sürücülərini peşə təlimlərinə cəlb edir. Amma ümumilikdə sürücülərin peşəkarlığının artırılması istiqamətində müvafiq qurumların da nəzarəti gücləndirilməlidir'',-deyə Mais Ağayev qeyd edib.
Xəbər 5875 dəfə oxunub.