Dövlət başçısı İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində videobağlantı formatında etdiyi çıxışı zamanı səsləndirdiyi fikirlər rəsmi Bakının son dövrlərdə Avropa institutlarına münasibətdə formalaşan sərt və prinsipial mövqeyini bir daha aydın şəkildə ortaya qoydu. Azərbaycan Prezidenti xüsusilə, AŞ PA və Avropa Parlamentinin ölkəsinə qarşı fəaliyyətlərində müşahidə olunan qərəzli yanaşmaları, ikili standartları və siyasi motivli qərarları kəskin tənqid edərək, bu qurumların regionda sülh və sabitliyə real töhfə vermək əvəzinə, proseslərə destruktiv təsir göstərdiyini vurğuladı.
Prezidentin çıxışında səslənən arqumentlər göstərir ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra bəzi Avropa institutlarının reaksiyası obyektivlikdən uzaq olub və bu yanaşma rəsmi Bakıda haqlı narazılıq doğurub.
Azərbaycan tərəfi açıq şəkildə bəyan edir ki, beynəlxalq münasibətlərdə selektiv yanaşma, siyasi manipulyasiya və suverenliyə hörmətsizlik qəbuledilməzdir. Rəsmi Bakının bu qurumlarla əməkdaşlığı məhdudlaşdırmaq istiqamətində atdığı addımlar da məhz bu ədalətsiz münasibətə verilən adekvat siyasi cavab kimi təqdim olunur. İlham Əliyevin çıxışı fonunda görünən odur ki, Azərbaycan Avropa institutları ilə münasibətləri yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında davam etdirmək niyyətindədir və bu prinsiplərin pozulması halında daha sərt mövqe sərgiləməkdə qərarlıdır.
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Musavat.com-da sərt danışdı: "Əgər diqqət etdinizsə, cənab Prezident sülh prosesinə, sülh gündəliyinə nəzər salmaqla bərabər, həmin prosesə əngəl, mane olmaq istəyənlərlə də bağlı xüsusi mesajlarını verdi. Eyni zamanda qeyd etdi ki, ikili standartlar yenə də meydandadır və təəssüf ki, həmin standartlar bu gün Avropa Şurası kimi təşkilatların sanki iş təlimatına çevirilib.
Bəli. Gerçəkdən də bəzi təşkilatlar Azərbaycana qarşı hücumlarını bilərəkdən, planlı və qərəzli şəkildə dayandırmırlar və görünən budur ki, onlar eyni mərkəzdən idarə olunurlar.
Götürək Avropa Parlamentini. Bir neçə gün əvvəl onların etdiyi nə idi? Əlbəttə ki, rəzalət, nadanlıq, namərdlik. Yaxşı bəs, səbəb nədir? Məram nədir? - Azərbaycanın uğurları, günbəgün artan nüfuzu, inkişafımız, sülhün bir addımlığına yaxınlaşmağımız, öz ayağımız üstdə dayanmağımız, heç kimdən asılı olmamağımız.
Avropa Şurası, Avropa Parlamenti isə bu durumu həzm edə bilmir. Və həzm edə bilmədikdə belə nadürüst yollara əl atır.
Təbii, nə Avropa Şurası, nə də Avropa Parlamenti öz məntiqsiz hərəkətləri və mənasız qətnamələri ilə heç nəyə nail ola bilməyəcəklər.
Amma belələrini hər fürsətdə və imkanda ifşa etmək lazımdır. Belələrinin iç üzünü açmaq və beynəlxalq aləmə göstərmək lazımdır.
Cənab Prezidentə təşəkkür edirəm ki, öz məzmunlu nitqində bir çox məsələlərlə yanaşı, Avropa Şurası və Avropa Parlamenti ilə bağlı mövzuya da toxundu və ikili standartlarla çalışan həmin təşkilatların gerçək mahiyyəti ilə bağlı önəmli məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı".