4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

"Azərbaycanın tarixi ərazisi olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində mülki şəxsləri xislətinə uyğun şəkildə hədəf götürən düşmən talançılıq və dağıntı siyasəti həyata keçirmiş, rayonun yaşayış məntəqələrini viran qoyaraq tarixi və mədəni irsimizə ağır zərbə vurmuşdu.

Statistikaya görə işğal nəticəsində rayonun 100-ə yaxın kəndi erməni silahlı qüvvələrinin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılmış, 362 nəfər şəhid olmuş, 191 nəfər əlil düşərək əmək qabiliyyətini itirmişdir. Düşmən milli tariximizi silmək məqsədilə rayonda min illərin yadigarı olan tarixi abidələrimizi dağıdaraq xalqımızın keçmişinə aid izləri məhv etməyə çalışmışdır".

Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə doğma yurdumuzun adını dəyişməkdən çəkinməyən bədxah qonşularımız uzun illər Qarabağı işğal altında saxladı, ölkəmizin sülh istəyinə qeyri-konstruktiv cavab verməklə sərhəd boyunca davamlı təxribatlara əl atdı:

"Düşmənin qırmızı cizgini keçməsi müharibəni qaçılmaz etdi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarının başladığı Vətən müharibəsində Cəbrayıl istiqaməti mühüm döyüş meydanlarından birinə çevrildi. Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun qəhrəmanlığı ilə Cəbrayıl azad edildi. 4 oktyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi xalqımızın yaddaşına həkk olundu. Həmin gün Cəbrayılın azadlığı böyük zəfərin ilk müjdələrindən biri olaraq xalqımıza sonsuz qürur və sevinc bəxş etdi. Bu tarixi qələbə Azərbaycan Ordusunun döyüş əzmini, xalqımızın milli iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Düşməni pərən-pərən salmış Silahlı Qüvvələrimiz Cəbrayılı azad etməklə ardıcıl qələbələr qazanaraq düşmənin müdafiə mövqelərini darmadağın etdi. Cəbrayılda bayrağımızın dalğalanması isə gücümüzün, milli iradəmizin və haqlı savaşımızın təntənəsini dünyaya nümayiş etdirdi. Cəbrayılın azadlığı tariximizin yaddaşına xalqımızın əzmi, ordumuzun qəhrəmanlığı və dövlətimizin qüdrəti ilə yazılan şanlı qələbə kimi həkk olundu.

Düşmənin xarabalığa çevirdiyi Cəbrayıl dövlətimizin qüdrəti ilə yenidən qurulmağa başlanıldı. Rayonun bərpası istiqamətində yeni yollar, körpülər və sosial-iqtisadi obyektlər inşa edildi. "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayılın iqtisadi inkişafı üçün yeni imkanlar açdı. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı əsasında aparılan quruculuq işləri isə doğma yurdun gələcəyinə hesablanan böyük layihələrin əsasını təşkil edir. Cəbrayılın enerji təminatının gücləndirilməsi və yol infrastrukturunun yenilənməsi rayonun inkişafına yeni imkanlar yaradır. Bu gün Cəbrayılın yenidən qurulması azad edilmiş torpaqlarda dövlətimizin quruculuq iradəsinin ən aydın ifadələrindən biridir".

Deputat sonda bildirib ki, ölkə başçısının sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub. Tarixin bu günündə ordumuzun qüdrəti ilə Cəbrayılın azadlığını xalqımızın yaddaşında əbədi yaşayacaq böyük hadisə kimi qürur və sevinclə qeyd edirik. Prezident İlham Əliyevin liderliyi ilə Cəbrayılda işğaldan azad olunmuş yurd yerlərimizdə insanlarımız təhlükəsiz və rahat həyat yaşayırlar. Əmindirlər ki, heç bir qüvvə onları doğma torpaqlarından bir daha ayıra bilməz, qurduqları həyatın və gələcəyə olan inamın qarşısını ala bilməz. Ölkə başçısının böyük siyasi iradəsi ilə qüdrətli dövlətimiz bu torpaqlarda xalqımızın gələcəyinə sahib çıxıb. Cəbrayılın hər qarışında dövlətimizin gücü, xalqımızın iradəsi və Zəfərimizin yaratdığı yeni tarix görünür.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR