Yeni dövrün DTX-sı və köhnə dövrün başçıları... – CEYHUN OSMANLI YAZIR

Yeni dövrün DTX-sı və köhnə dövrün başçıları... – CEYHUN OSMANLI YAZIR

Qısa müddətdə 5 icra başçısı (Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli) və 1 şəhər meri (İsmayıllı) DTX-nın anti-korrupsiya əməliyyatları nəticəsində həbs edildi.

Problem bitdimi?

Bitmədi!

- Hələ də rayonun Baş Həkimini şantaj edərək Səhiyyə büdcəsinə göz dikən başçılar var.

- Hələ də Təhsil nazirliyinin mərkəzləşmiş imtahanıyla məktəb direktoru təyin edilmiş insanlardan "İmtahan öz yerində, amma mənim payımı gətir” deyən başçılar var.

- Hələ də "5 günlük dünyadır, nə qopartdım-qopartdım” deyərək ağlına gələn hər yerdə "obyekt” tikmək sərəncamları verən, bununla da rayonun arxitekturasına ömürlük zərbə vuran başçılar var.

- Hələ də özünü xalqın xidmətçisi əvəzinə xalqın ağazı kimi aparan başçılar var.

- Hələ də rayondakı sahibkarlara öz "pul kisəsi” kimi baxan və sözlərini keçirə bilməyəndə həmin sahibkarları şərləyən başçılar var.

- Hələ də qanun çərçivəsində fəaliyyət göstərən Bələdiyyələrin işini iflic edən və vətəndaş-bələdiyyə münasibətinə kobud şəkildə müdaxilə edən, Bələdiyyə sədrlərinə öz əlaltıları kimi yanaşan başçılar var. "Filankəslə müqavilə bağla, filankəslə müqaviləni ləğv elə” deyərək Bələdiyyələri dirijor çubuğu ilə idarə edərək uzunmüddətli əməkdaşlıqlara nail olmaq qeyri-mümkündür.

- Hələ də özlərinin "toxunulmaz Ağsaqqallar”ına güvənərək qanunun tələblərini yerinə yetirməyən başçılar var. Xüsusilə də başçıların fəaliyyətinə nəzarət etməli olan orqanlarda onların ailə üzvlərinin təmsil olunması faktlarına rast gəlirik.

- Hələ də rayon məhkəmələrinin işinə davamlı olaraq müdaxilə edən başçılar var. Bəzən eyni tipli məsələ ilə bağlı 2 fərqli rayonda 2 fərqli qərarın qəbul edilməsinin şahidi oluruq.

- Hələ də qeyri-qanuni yollarla hökümət idarələri və sahibkarlardan pul yığan başçılar var. Hətta TƏBİB-in büdcəsinin yetərli olmasına baxmayaraq koronavirus bəhanəsiylə pul toplayan başçılar barədə də az məlumatlar var.

- Karantin müddətində vətəndaşlara hökümətin verdiyi icazələri pulla satan icra hakimiyyəti əməkdaşları az deyildi. İcra başçılarının bundan xəbəri yox idimi?

- Cənab Prezidentin istifadəsiz örüş torpaqlarının əkilməsi ilə bağlı dəfələrlə verdiyi tapşırıqlara məhəl qoymayaraq, təyinatın uyğun gəlməməsini bəhanə edərək sahibkarlardan pul tələb edən, pul verməyənə məktub verməyən, bununla da işsizliyə, qida təhlükəsizliyimizə zərbə vuran başçılar var.

- Rayonlarda bacarıqlı iş adamlarını təqib edən, onları ruhlandıraraq yeni-yeni iş yerləri açmağa sövq etmək əvəzinə şəxsi xahişlərlə onları bezdirərək işlərini iflic edən icra başçıları var.

Sual!

Belə insanlarla mübarizə aparmaq ancaq DTX-nın işidirmi? Çox maraqlıdır ki, Sovet dövründə repressiya maşını olan DTX indi demokratikləşmə və ümid instrumentinə çevrilmişdir.

Düzdür, son dövrlər DİN–in də anti-korrupsiya əməliyyatları qanunsuzluqla mübarizədə çox effektivdir. Lakin şəffaflıq ilk növbədə şuurda və tərbiyədə olmalıdır. Bu proses milli həmrəylik mövzumuza çevrilməlidir.

Əgər qanunsuzluqla mübarizə milli iradəyə çevrilsə, hər bir prokuror, hakim öz işini vicdanla yerinə yetirsə və peşə fəaliyyətlərini icra edərkən onların işinə süni müdaxilə olmasa daha yaxşı olmazdımı?

Bəzən icra başçılarının üst qurumlarda, o cümlədən hüquq mühafizə orqanlarında o qədər çoxşaxəli qohumluq əlaqələri olur ki, prokuror və hakimlər onlarla bağlı tədbir görməyə çəkinir və qorxur.

DTX inkişafımıza, şəffaf idarəetməyə, dövlətçiliyin inkişafının önündə əngəl olan belə qohumluq əlaqələri barədə Cənab Prezidentə arayış hazırlamalıdır.

Dəfələrlə şahidi oluruq ki, başçılar haqqında vətəndaşların yazdıqları şikayətlərin ölkə rəhbərliyinə çatmamasında maraqlı məmurlar var.

Bəzən qanunsuzluqla mübarizə aparan insanların özünün şərlənərək cəzalanmasının şahidi olmuşuq.

Heç kəsə sirr deyil ki, şəffaf və effektiv idarəetmənin yolu keyfiyyətli kadrların önə çəkilməsindən keçir. Bu gün desəm ki, Cənab Prezidentin yetişdirdiyi kadrları ondan gizlədirlər, yəqin təəccüblənəcəksiniz. Prezident İlham Əliyev Azərbaycanda Gənclər Siyasətinə, o cümlədən gənclərimizin Xaricdə təhsili üzrə dövlət proqramına təkcə son 10 ildə 300 milyon manatdan çox vəsait sərf edib. Bəs o kadrlardan niyə kütləvi şəkildə istifadə edilmir? Əgər belə kadrlardan böhran şəraitində də istifadə edilməyəcəksə bəs nə zaman istifadə ediləcək?!

Hər bir halda bir faktı əminliklə deyə bilərəm ki, ölkədə şəffaflıq naminə atılan bütün addımlar vətəndaşın ürəyincədir. Dünyada neft sənayesinin böhranlı vəziyyətində Azərbaycanın da qeyri-neft sektorunu sürətli inkişafı prioritetdir. Bunun yolu isə qanunçuluqdan və ədalətli idarəetmədən keçir.

Azərbaycanda təhlillər onu göstərir ki, sadəcə 20% bank kreditləşməsi rayonların payına düşür. Rayonlarda imkanlar çoxalmalıdır və məhdud imkanlar isə bir az da daraldılmamalıdır.

Ona görə də icra başçıları anlamalıdır ki, onların fəaliyyəti dövlət büdcəsini xərcləməklə məhdudlaşmır. İcra başçıları rayona investorları cəlb etmək yarışına girməlidir. İnvestorlar peyda olanda isə başçılar iştahlarını bir az tox tutsunlar və bir imza qarşılığında investorlara ortaq olmağa can atmasınlar. Azərbaycan xalqı istedadlı xalqdır. Hamı üçün bərabər oyun qaydaları olarsa işgüzar insanlarımızın fərasəti hesabına vəziyyətdən çıxa bilərik. Əks halda vətəndaş da, dövlət də, hökümət də bu prosesdən zərər görəcək.

Günahkarları bağışlamaq üçün isə gec olacaq!


Xəbər 152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR