Qida mallarının idxalına nə qədər pul xərclənir? – Xərclər rekord səviyyəyə yüksələcək

Qida mallarının idxalına nə qədər pul xərclənir? – Xərclər rekord səviyyəyə yüksələcək

Bu il Azərbaycanın qida məhsullarının idxalına xərclədiyi pul ilk dəfə olaraq 2 milyard dolları keçəcək.
 
Aktual.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizə xaricdən 1,614 milyard dollar dəyərində qida məhsulları gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə görürük ki, bu il qida mallarının idxalına xərclənən vəsait 293 milyon dollar artıb. Əvvəlki ilin yanvar-sentyabr ayları ərzində qida məhsullarının idxalına 1,32 milyard dollar xərclənmişdi.
 
Ümumiyyətlə, indiyə qədər Azərbaycan qida məhsullarının idxalına ən çox pulu 2021-ci ildə ayırıb. Ötən il qida mallarının idxalı ölkəmizə 1,93 milyard dollara başa gəlmişdi. Cari ildə idxal xeyli artıb və yəqin ki, 2,1 milyard dolları ötəcək.
 
2022-ci ildə qida mallarının idxalına xərclənən pulun kəskin artması əsasən bahalaşma ilə izah oluna bilər. Belə ki, ilin əvvəlindən Azərbaycanın idxal etdiyi qida məhsullarının qiyməti 20 faizdən çox yüksəlib. Bahalaşmaya görə Azərbaycan ötən il 100 dollar dəyərində olmuş məhsulun idxalına bu il ən azı 120 dollar ödəməli olub.
 
İdxal edilən mallardan diri heyvanlar və heyvan mənşəli mallar 18 faiz, bitki mənşəli mallar 20,5 faiz, yağlar 37 faiz, hazır qida məhsulları 20 faiz bahalaşıb.
 
Məlumdur ki, qida məhsulları əhalinin əsas istehlak məhsuludur və bahalaşmaya baxmayaraq, həmin məhsulların istehlakı vacibdir. Buna görə də 2022-ci ildə yüksək qiymətlərə rəğmən, qida məhsullarının idxalı davam etmiş və ona böyük məbləğdə vəsait xərclənmişdir. 
 
Qida məhsulları arasında ən çox pul buğdaya xərclənib. Ölkəmiz 744,2 min ton buğda alıb və bu məqsədlə 262 milyon dollar xərcləyib.
 
Bundan başqa 259 min ton meyvə-tərəvəzə 164,6 milyon dollar, 113 min ton müxtəlif növ bitki yağına və piylərə 198,3 milyon dollar, 14 min ton kərə yağına 81 milyon dollar, 10,8 min ton çaya görə 55,4 milyon dollar, 29 min ton ətə 52 milyon dollar, 43 min ton düyüyə 37 milyon dollar pul xərclənib.
 
İlin sonuna kimi adıçəkilən qida malları üzrə çəkilən xərclər bir qədər də artacaq.

Xəbər 14563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR