Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”

Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”

Avropa Parlamentinin qətnaməsi ilə ABŞ Dövlət Departamentinin hesabatının eyni günə, hətta eyni saata təsadüf etməsi onun göstəricisidir ki, artıq Azərbaycana qarşı sərgilənən qərəzli fəaliyyət sinxron fazaya keçib. Yəni, məlum şəbəkə əlbirdir, koordinasiya halındadır və bir düymə basımında hamıya oxşar tezislər ötürülür. Belə riyakarlığın isə indiyə qədər nəinki analoqu, heç ataloqu da olmayıb!

Başlayaq ABŞ-dan. İnsan hüquqları və Amerika! Yada ilk nə düşür? Əlbət, qaradərililər. Sonra? Nüvə silahına görə Səddamı qətl edən ölkənin bəşəriyyət tarixində ilk və son dəfə həmin nüvədən istifadəsi. Sonra? Rəngli inqilablar. Soros. Fətullah. Sonra? Bin Laden mifi. "İŞİD”in ştatlı əsgərlərdən ibarət ordusu. Qəddafinin linçi. Sonra? Mixail Saakaşvili, Sergey Tixonovskiy, Aleksandr Navalnıy kimi siyasətçilərin "təkər”ə salınması, xərclənməsi, bada verilməsi. Sonra? Ukraynanın oyuna gətirilməsi və onun az qala bir dövlət kimi məhv olma perspektivinə sürüklən(diril)məsi. Sonra?  Siyasi rəqiblərə qarşı dözümsüzlük, etirazçıların günün günorta çağı + küçənin tən ortasında öldürülməsi, seçkilərin saxtalaşdırılması...

150e54c1-00cb-32b1-84c0-c3fd1fcd.jpg (137 KB)

Əlqərəz, bitmir və bitməyəcək bu "sonra”lar. Üstəlik, absurdluğun zirvə nöqtəsi bilirsinizmi nədir? – Bəzi ştatlarında hələ də ölüm hökmünü cəza növü kimi saxlayan, onu feodal təfəkkürü ilə ən ağır formada (məsələn, elektrik stuluna bağlanmaqla) icra edən Amerika bu gün bizə insan hüquqlarından moizə oxumağa çalışır, hansısa avantüristin, ya da avantüristlərin təxəyyül məhsulu olan "siyasi məhbus” siyahısını təqdim edir, özünü "Tereza ana” kimi aparır...

Eləcə də Avropa. Dünən 474 nəfərlik səs çoxluğu ilə əleyhimizə qətnamə qəbul edib. Hərgah, inanın, tam səmimiyyətlə və sırf öz payıma deyirəm: Əgər həmin 474 nəfərin çox yox, 74 nəfəri qətnamənin mətnindən ümumiyyətlə xəbərdardırsa, mənim üzümə lənət! Yoxdur xəbərləri! Vallah-billah yoxdur. Lağ-lağı məkanına, "kargüzarlar klubu”na döndəriblər, Avropa Parlamentini. Makron kimi siyasi provokatorların, müxtəlif təyinatlı lobbilərin "mətbuat xidməti”nə çeviriblər, o boyda tribunanı. Səsvermədən öncə mobil telefonlarına hansı düyməni basmağın əmri gəlirsə onu da basırlar. 3-5 dövlətin riya və qərəz dolu maraqlarını təmin etmək üçün kom şəklində ləbbeyk olublar, hamısı...

8ec8318ed8698304823d45d7246a5169.jpg (44 KB)

Zori Balayan öz kitabında yazırdı ki, 5 yaşlı azərbaycanlı qızı diri-diri torpağa basdırmaqdan aldığım ləzzəti heç yerdə almamışam. 30 il boyunca bu canişin  barədə sanksiya tətbiq etmək heç ağlınıza gəldimi? Bir dəfə "İnterpol”a sorğu göndərdinizmi ki, Xocalı cəlladları haradadır, onlar 3-cü dövlətlər üzərindən bütün dünyanı rahat-rahat necə gəzə bilirlər? Fransa nümayəndə heyətinin üzvlərindən təsadüfən də olsa soruşdunuzmu ki, siz axı fransızsız, niyə özünüzü erməni kimi aparırsız? Tural Sadıqlı kimi binamusları əlinizdə "siyasi siğə” ilə saxladığınızda, belələrinin ekstradisiyasına əngəl yaratdığınızda düşündünüzmü ki, həmin yaramazları, tərbiyəsizləri, əxlaqsızları bəsləmək nəinki hüquq, nəinki demokratiya, elə insanlığın öz adına da ləkədir?

Yox, əlbət!

Çünki siz insan hüquqları deyərkən Balayanların "ləzzət”, Turalların təhqir, Makronların təxribat hüququnu nəzərdə tutursunuz.

Çünki sizin qarnınızın ağrısı başqadır.

Çünki sizi narahat, məyus edən əsas səbəb Azərbaycanın gücüdür, İlham Əliyevin öz ideyalarından, prinsiplərindən dönməzliyidir, Qarabağdakı qələbəmizdir, gecindən də olsa delimitasiya prosesinin başlamasıdır və nəhayət: Avropanın həmin prosesdə "ofsayd” qalmasıdır!

Elşən Musayev, Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri
Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR