"Töhfə vermək başqa, hoqqa vermək başqa..." - Elşən Musayevin yazısı


Dünya müharibəsinin ən həssas dövründə: "Yanğınsöndürənlə od arasında tərəfsiz qala bilməzsən” –  söyləyən Uinston Çörçill əgər bilsəydi ki, təxminən 1 əsr sonra  onun varisləri tərəf kimi "od”u tərcih edəcək, Napoleon bilsəydi ki, uğrunda mübarizə apardığı Fransa bir gün Makronun və onun əsasən geylərdən ibarət kabinetinin ümidinə qalacaq, Avropa İttifaqının qurucu babaları əgər bilsəydilər ki, sabah onların təmsilçiləri Peter Mixalko adında avantüristlər olacaq, inanın, ən yaxşı halda susar və hərəkətsiz qalardılar.

Gələcək nəsillərin yanında utanmamaq, utandırmamaq üçün...
 
***
Ölkəmizdə keçirilən son seçki qara qüvvələri sözün gerçək anlamında stupora salıb. Çaşıb qalıblar. Gözlərini döyürlər. Çünki "vurmağa” nəsə yoxdur.
İki aydan bəri hamıdan qaçan, bütün görüşlərini məxfi keçirən, dövlət qurumları ilə təmaslarını sıfıra endirən, digər namizədlərin təbliğat tədbirlərində az qala "müstəntiq” qiyafəsi ilə (separat şəkildə) iştirak edən ATƏT müşahidəçilərinin "zəhmət”i gerçəkdən hədər getdi. Tək ümidləri insanların seçkiyə gəlməməyi idi. Ki, bəlkə bu səbəbdən yapışıb nəsə edələr. O da olmadı. Azərbaycan xalqı hətta iqtidarın, mövcud hakimiyyətin belə proqnozlaşdırmadığı, hesablaya bilmədiyi şəkildə mütəşəkkil davrandı, öz Liderinə vəfa borcunu qaytardı, 30 ildən sonra bizi hər anlamda BÜTÖVLƏŞDİRMƏYİ bacaran insana təşəkkür etmək üçün dairələrin, məntəqələrin qarşısına axışdı...
Ona görə də ATƏT-in, ABŞ-nin və Britaniyanın vəziyyətini sırf onların rakursundan, prizmasından anlamaq olar: "Kişi”lər 2 aydır əziyyət çəkirdilər, maya qoyurdular, özlərinə əl qatmışdılar, radikal qüvvələrin ötürdükləri dezolara ümid edirdilər, anarməmmədlilərə, xədicələrə, mehmanlara ümid bəsləyirdilər, nəsə "əmma” tapacaqlarına əmin idilər. Fəqət, çifayda! Alınmadı. Ha çalışdılar, ha əlləşdilər, alınmadı. Fiaskonu üzlərinə-gözlərinə qədər buladılar.
Ağır durumdur, gerçəkdən...
Və bu dəmdə çaşqınlıqdan, çarəsizlikdən doğan, eyni zamanda son dərəcə satirik görünən məqam bilirsinizmi nədir? Həmin məkrlilərin, absurdçuların dilə gətirdiyi "arqument”: "Seçki rəqabətsiz mühitdə keçib.”
Heyhat! Demə, radikal qüvvələrin pişvazına xalça-kilim sərməli, onları bişim-bişimlə seçkiyə gətirməli, əvəzlərinə səs toplayıb, imza yığıb, özünə zorla rəqib  etməli imiş, mövcud hakimiyyət. Ki, Avropanın xoşuna gəlsin.
Adam bilmir gülüb keçsin. Yoxsa keçib gülsün. Bax təxminən həmin vəziyyətdir.
 
***
Hələ buna baxın. Dünən mətbuatdan oxudum.
Fransanın xarici işlər naziri Stefan Sejurne dünən Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyana deyib ki, Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırıq.
Töhfə və Fransa. Fransa və töhfə. "Töhfə” sözü şokdadır! Töhfə özü şokdadır!
Bunlar ya beynəlxalq ictimaiyyəti dolayıblar, ya Makronla məzələnirlər, ya da töhfə verməklə hoqqa verməyin fərqini anlamayacaq qədər bəsitləşiblər.

***
Son gələn məlumatlar isə belədir: Prezident seçkilərində öz qara niyyətlərini həyata keçirə bilməyən qüvvələrin növbəti hədəfi Parlamentdir! Hətta iş gedir. Büdcə ayırılıb. Və bu dəfə həmin ünsürlərin məsələn, artıq koordinasiyası pozulmuş FETÖ-çülərlə deyil, daha "təsirli” subyektlərlə işləyəcəkləri güman edilir.
Beynəlxalq piştaxta(lar)da milli maraq satmağa bir can olan radikallar da öz yerində...
Əlləri havada gözləyirlər. Kim birinci tutsa, onundur...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 219 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR