Daha çox yabançı təhsili qabardanlarla ünsiyyət qurmaq, xüsusilə ölkə başçısı tərəfindən şəxsən təqdim olunmuş "Əməkdar jurnalist” fəxri adını "Əməkdar artist” adı ilə "səhv salanlarla” eyni masa arxasında oturmaq elə də asan iş deyil, yəqin. Xüsusilə bəndəniz üçün...
Axı mən dünyanın teatr səhnəsi olduğunu Şekspirdən qabaq bilirdim. Şekspiri ondan sonra tanıdım, elə (roldan-rola girən) adamları da...
O vaxtdan hər səhərimi yeni "MƏN”imlə açıram. Və hər "MƏN”imlə cəmi bir gün yol gedirəm: yola gedirəm...
Ötən günlərdə qalan dostlarım var, məni tanımayan: ötən günlərimdə qalan "MƏN”imi. Çoxunu heç özüm tanımıram...
Həyat mənə nəfəs dərməyə, ayaq saxlamağa nə vaxt macal verdi ki?.. Bütün günü ya öz "MƏN”imin yerini-yurdunu axtarıram, ya da arxasınca yüyürürəm...
Bütün günü dəli kimi öz üçimdə gəzirəm...
Öz içimi gəzirəm...
Və hər gün yeni bir insana gəlirəm...
Və hər səhərə yeni bir insanla...
Üstüm-başım rəngbərəngdi. İsti və soyuq rənglərin məngənəsində çırpınıram – əzizini itirmiş adam kimi...
Əzablarım o qədər böyük, ürəyim o qədər həssasdı ki, haqqımda iynə sədəfi boyda xoş düşünənlərin varlığı saçlarıma səmum yeli kimi sığal çəkir... O sığalın hərarətində ilk gördüyüm balaca bir uşaqdı: rüblüyünü hələ də köynəyinin altında gizlətmiş yeddi yaşlı oğlan... Eyni vaxtda həm küçənin bu başında, həm də o başında görünən dəcəl...
İti yaddaşı ilə daim indimin yanındadı; daim yanımdadı, daim yadımdadı...
Biz həmişə bir yerdəyik; mən ÖZ axtarışlarımla, o ÖZ həqiqətlərilə:
"Sinif otağına girdiyim ilk gündən məktəbdən küsmüşəm – əlimə qələm aldığım andan. Günahımy solaxay doğulmağımdı. Böyük-böyük adamlar aylarla qəsdimə durdular. Lap axırda nənəm sol əlimi yandırdı. Tənziflə sarıyıb boynumdan asdı: yazmağı sağ əlimin boynuna qoydu....
Əlimin ağrısı keçdi... Ruhumun ağrısı keçmir...
İllər sonra yenidən lövhə önündə dayananda uşaqlardan kimsə ürəkdən güldü. İstər-istəməz geriyə... çevrildim. Abbas idi:
- Müəllim, siz sol əllə necə gözəl yazırsızsa, mən heç sağ əllə elə yaza bilmirəm...
Yox, o sən deyildin, mən idim – sol əli boynundan asılmış uşaq! Yanağından süzülən göz yaşları da sənin deyildi, mənim idi: sinifdən gizlətdiyin. Mən ağlayırdım, hamının qabağında, içimdə danışa-danışa:
- Uşaqları öz dərisindən – ÖZündən çıxarmağa çalışmayın! ÖZündən qovmayın! Uşaqları ÖZünə qovun!..
Xoşbəxtliyin əsil ünvanını insanı ÖZünə aparan yol tanıyır ancaq!..”
Həm də hardasa çox-çox uzaqlarımda necə illərdi bir qadın ayaq üstə dayanıb - üzü mənə sarı. Onu baxışlarındakı sevgidən, xeyir-duadan və... yanağında donub qalmış göz yaşlarından tanımışam: Anamdı...
Öz övladından cavan olduğuna görə ağlayan Anam...
Xanım Anam, sənin oğlun üst-başının rəngbərəng olduğunu hamıdan yaxşı bilir, amma hər gün nə üstünə atılan çamurları, nə də kənardan necə göründüyünü eyninə almır. Çünki haqqında ən az düşündüyü başqalarıdı...
Özünə zorla vaxt tapır...
ÖZünü zorla tapır...
Çünki mənim yaşadığım şəhərdə nə kitab alanlar sevilər, Ana, nə də rüşvət almayanlar...
Mənim yaşadığım şəhərdən kitab qoxusu gəlmir, kabab qoxusu gəlir...
Daha çox qədəh və qəhqəhə səsləri eşidilir, eşidilməsin deyə pıçıltı ilə danışırlar; sözləri tapdalaya-tapdalaya, əzə-əzə. Elə adamları da...
Mənim şəhərimin sakinləri mənim şəhərimdən çox, başqalarının həyatında yaşayırlar; həm qorxuda-qorxuda, həm də qorxa-qorxa...
Tez-tez zibillikdə eşələnən adamlarla rastlaşıram. Tez-tez zibillikdən tapdığım kitablar kimi...
Mən öz həyatımın rəssamıyam, Ana, uğursuz rəssamı...
Gecə-gündüz dəridən-qabıqdan çıxıram, amma yenə də hər yeni"MƏN”im ÖZümdən əskik gəlir...
Ən ağır işim hər yeni günümün rəngini kəşf etmək, obrazını yaratmaqdı – hər yeni günümün şəklini çəkməkdi...
Molbertim boyat cizgilərə yiyə durmur, ögey gözlə baxır: məni hər günümün cəlladına çevirib...
Həyatım qandala bənzər çərçivələrlə doludu – zəncir kimi uzandıqca-uzanan...
Mənim çərçivələrim – mənim pəncərələrimdi, Ana, dünyaya baxdığım...
İnsan ömrünü yollara bənzədirəm, yolları – hörümçək toruna...
İnam və şübhə, sevgi və nifrət, qəzəb və mərhəmət labirintindəyəm...
Zülmət qaranlıqla – qara rənglə üzbəüz...
Qara rəngi sevirəm – hər şeyi qara rəngdə görənləri yox amma!..
Ağrılarım özümdən böyükdü...
Mən hər gün öz ağrılarımdan doğuluram; həm öz ağrılarımdan, həm də öz ağrılarımla...
Ən sevimli işim heç vaxt görmədiyim yerlərə getmək, heç vaxt tanımadığım insanlarla görüşməkdi...
Axı ömür çox qısadı, Ana! İnsan nəinki bir ilini, bir ayını, bir həftəsini, heç bir gününü də yeni bir şey kəşf etmədən – təzələmədən başa vurmamalıdı...
Uşaqlar düşüncələrimdən diksinirlər; qorxanları da olur, ağlayanları da. Hərdən onlara qoşulub için-için hönkürmək keçir ürəyimdən! Qürurum üzümə durur, Ana. Və məni daha sərt insana çevirir: qarşıda sizi ədalətsiz bir dünya gözləyir – hər fürsətdə haqqınıza girən adamlarla dolu. Buna görə böyük kimi sizdən üzr istəyirəm, ancaq müəllim kimi istədiklərim başqadı: Möhkəm dayanın! Həyatınızın sizə məxsus olduğunu unutmayın; unutdurmayın. O sizin şəxsi mülkiyyətinizdi. ÖZünüzə yiyə durun! ÖZünüzü sahibsiz buraxmayın və heç kimə güzəştə getməyin, heç kimə, hətta valideynlərinizə də! Axı onlar sizdən çox-çox uzadadırlar! Ya da siz onlardan çox-çox irəlidəsiz!..
Mən xəyal adamıyam...
Xəyal adasıyam...
Sükutun içində oturmağı sevirəm. Otururam, torpağa-daşa, dənizə-çaya... və insanlara qulaq asıram. Ən çox da ağaclara...
Göyə baxmaqdan xoşum gəlir.
Və hər baxdıqca görürəm ki, mənim şəhərimdə həyat göyün altından çox, torpağın altında yaşanır...
Mən yeriyən qalereyayam, Ana, ritorik üslub və fiqurlar, dekorasiya və minatürlər, marina və peyzajlar, portret və tablolarla... dolu.
Ən çox da batal görüntülərlə zəngin palitra: həddi və sərhəddi ilə...
Həddin və sərhəddin olduğu yerdə döyüş var. Mən hər gün döyüşürəm. Hər günümlə döyüşürəm!
Məni ÖZümdən qovmağa çalışanlarla yox amma!
Mən ÖZ müharibəmin əsgəriyəm!
Mən hər gün özümlə dalaşıram! Özümdən daşıram!..
Sızlayan yaralarımla, göynəyən ruhumla həmişə ÖZ yanımdayam, amma...
Hər günüm qanımı axıda-axıda bitir! Hər gecə qatı zülmətin sirlərlə dolu qoynunda əriyib itirəm...
Və sabah yenidən dünyaya gəlirəm...
Və sabah dünya ilə yenidən tanış oluram...
Hər sabah...
P.S. Uşaqdım, ilk dəfə Yer kürəsinin yumru olduğunu biləndə, ayaqlarım tutulmuşdu...
Dünyadan yıxılacağımdan qorxurdum...
Qorxurdum ki, ayağım sürüşər...
İndi də ayağı sürüşkən adamlardan qorxuram...
İbrahim Rüstəmli
axar.az
Xəbər 4428 dəfə oxunub.