Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturdu və fəaliyyətləri həmin maraqların çərçivəsində müəyyənləşirdi. Yeni Azərbaycan Partiyasının yaranması isə xalqın siyasi və sosial tələbindən doğmuşdu. Müstəqil Azərbaycan üçün yeni nəfəs olan bu siyasi təsisat xalqın iradəsini, dövlətçilik düşüncəsini və gələcəyə olan inamını özündə birləşdirirdi. Yeni Azərbaycan Partiyasını xalq yaratmışdı. Məhz buna görə Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası oldu.
Qurtuluş və qalibiyyət partiyası kimi Azərbaycan siyasi tarixində özünəməxsus iz qoyan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının əziz övladı, Ümummilli lider Heydər Əliyevin liderliyi ilə xalqın tribunası kimi milli dövlətçilik ideyalarını siyasi müstəviyə daşıyaraq böyük siyasi güc mərkəzi kimi xalqımıza xidmət etdi. Siyasi yolu Heydər Əliyevin adı ilə başlayan Yeni Azərbaycan Partiyası zaman keçdikcə dövlətçilik ənənələrinin möhkəmlənməsində, milli iradənin siyasi səhnədə ifadəsində mühüm rol oynadı. Bu siyasi yol Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlarla davam edərək Azərbaycanın dövlət gücünün və siyasi sabitliyinin daha da möhkəmlənməsinə xidmət etdi. Qurtuluşdan Zəfərə qədər uzanan epoxal yol Yeni Azərbaycan Partiyasının siyasi tarixində xalqın iradəsinə söykənən, milli həmrəylik və dövlətçilik əzmi ilə səciyyələnən böyük bir salnamə yaratdı. Regionun ən böyük siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizdə keçirilməsi tarixi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda qalib partiyanın lideri və qalib ölkənin Prezidenti kimi İlham Əliyevin çıxışı unudulmaz və qürurverici anlar yaşatdı. Uzun illər davam edən mübarizənin Qurtuluşdan Zəfərə uzanan yolunun məhz belə bir qurultayda ifadə olunması dövlətçilik tariximizin yeni səhifəsi kimi yaddaşlara həkk olundu.
Qurultayda çıxış edən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının dövlətçilik tariximizdəki roluna, əldə olunan uğurlara və qarşıda duran vəzifələrə geniş şəkildə toxunaraq partiyanın yaranmasını xalqın dövlətçiliyin qorunmasına olan tələbinin siyasi ifadəsi kimi qiymətləndirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın ağır böhrandan çıxarılması, sabitliyin təmin olunması, iqtisadi əsasların yaradılması və dövlətçilik strategiyasının müəyyənləşdirilməsi ilə əlaqələndirərək bu siyasi xəttin davamı olaraq ölkənin iqtisadi və hərbi imkanlarının gücləndiyini, beynəlxalq mövqelərinin möhkəmləndiyini diqqətə çatdırdı. Prezident tarixi qələbələrimizin hərbi və diplomatik hazırlığın nəticəsi olduğunu bildirərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının regionda yeni reallıqlar yaratdığını qeyd etdi.
Qarşıdakı dövrə dair məsələlər sırasında hərbi gücün artırılması, təhlükəsizliyin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi əsas istiqamətlər kimi qarşıya qoyuldu. Dünyada artan münaqişələr fonunda müdafiə imkanlarının gücləndirilməsinin dövlət təhlükəsizliyinin əsas şərtlərindən biri olduğunu diqqətə çatdıran ölkəmizin başçısı Azərbaycanın müstəqil və çoxşaxəli siyasətini davam etdirəcəyini bildirdi. Bununla yanaşı, Prezident Strateji tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəallığın artırılması və milli maraqlar əsasında fəaliyyətlə bağlı dövlət siyasətinin əsas istiqamətlərinə dair fikirlərini çatdırdı.
Ölkə başçısının çıxışı YAP-ın dövlətçilik tarixindəki rolundan başlayaraq Azərbaycanın zəfərdən sonrakı dövrdə qarşısında dayanan vəzifələrə qədər geniş siyasi xətti əhatə edərək önəmli bəyanatlarla yadda qaldı. Yeni Azərbaycan Partiyasının qurultayında nizamnaməyə təklif olunan dəyişikliklər, Təftiş Komissiyasının və İdarə Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi partiyanın müasir çağırışlara uyğun fəaliyyətinin və siyasi, ictimai və sosial reallıqları nəzərə alan yeni fəaliyyət modelinin formalaşdırılmasının nümunəsi oldu.
Beləliklə, YAP-ın VIII Qurultayı dövlətçilik siyasətinin qorunması, milli iradənin gücləndirilməsi, təhlükəsizliyin təmin olunması və müstəqil inkişaf yolunun davam etdirilməsi istiqamətində partiyanın qarşısında dayanan vəzifələri bir daha müəyyənləşdirdi. Çünki YAP dövlətçilik ideyalarının siyasi ifadəsi kimi ölkəmizin gələcək inkişafı qarşısında duran məqsədlərin həyata keçirilməsinə xidmət edən siyasi təsisat olaraq xalqın taleyində silinməz iz buraxıb. Dövlətçilik yolunda qarşıya qoyulan vəzifələrin reallaşdırılmasında fəal rol oynayan YAP qarşıdakı dövrdə də milli iradəmizin simvolu kimi Azərbaycanın uğurları uğrunda fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək. Bu yol dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin daha da möhkəmləndirilməsi ilə davam edəcək. Partiyanın siyasi xətti bundan sonra da ölkəmizin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə yönələcək.
YAP-ın VIII Qurultayı bu siyasi xəttin davamlılığını bir daha nümayiş etdirdi. Çünki Yeni Azərbaycan Partiyası xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı, hər birimizin doğma ocağıdır. Bu ocağın müqəddəsliyi böyük Heydər Əliyev sevgisi ilə başlayır və xalqın ürəyində yaşatdığı dəyərlərlə varlığını qoruyur. YAP hər birimizin sevgi ünvanı, doğmalıq hissimizin yaşadığı nurdur. Bu nurda Heydər Əliyev adı, onun dövlətçilik irsi və xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan sevgisi yaşayır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Xəbər 74 dəfə oxunub.